İyunun
25-dən iyulun 2-dək dünyanın ən mənzərəli guşələrindən
biri olan İssık-Kul gölünün (Qırğızıstan mirvarisi)
sahilindəki kurort-sağlamlıq kompleksində MDB
ölkələrinin "Birliyin uşaqları" beynəlxalq illik mədəni
- təhsil forumu keçirilib. Forum MDB Parlamentlərarası
Assambleyasının fəaliyyət planına uyğun olaraq ikinci
ildir ki, təşkil olunur. Forumun təşkilatçıları MDB-nin
iştirakçı dövlətlərinin Parlamentlərarası
Assambleyaları, Qırğızıstan Respublikası parlamentinin
beynəlxalq işlər üzrə komitəsi və Rusiya Təhsil
Akademiyasının "Pedaqoji təhsil və yaşlıların təhsili
İnstitutu" federal dövlət elm müəssisəsidir. Tədbirin
keçirilməsində əsas məqsəd mənəvi, mədəni ənənələri,
məktəbli və gənclərin nailiyyətlərini qoruyub saxlamaq
və artırmaqla MDB-nin iştirakçı dövlətlərinin
təmsilçiləri üçün yeni ünsiyyət mühiti formalaşdırmaq
idi.
Forum iştirakçıları qarşısında aşağıdakı vəzifələr
qoyulmuşdu:
- MDB-nin iştirakçı dövlətlərinin təhsil müəssisələri
arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə
yönəlmiş yeni beynəlxalq layihələrin işlənib
hazırlanması;
- dialoq mədəniyyəti və MDB üzvü dövlətlərin ərazisində
mehriban qonşuluq münasibətlərinin inkişafına
istiqamətlənmiş yeni proqramın yaradılması;
-
təhsil sisteminin dövlət-ictimai idarəetməsinə
valideynlərin cəlb olunması;
- təhsil müəssisələrinin pedaqoji kollektivlərinin
ixtisasının artırılması;
- məktəbli və gənclərin sağlamlıq və istirahətinin
təşkili;
- MDB ölkələri gənclər layihələri və proqramlarının
ümumi verilənlər bazasının yadılması;
- dövlət və ictimai strukturların məktəbli və gənclərin
problemlərinin həllinə yönəlmiş səylərinin
birləşdirilməsi üçün şəraitin yaradılması;
- beynəlxalq gənclər əməkdaşlığı sahəsində ümumi
informasiya məkanının yaradılması.
Forum çərçivəsində uşaq və gənclərin qarşılıqlı faydalı
əməkdaşlığın, mədəni ənənələrinə yiyələnməsi, uşaq və
gənclər arasında mənəvi mədəniyyət sahəsində birgə
layihələrin işlənib hazırlanması və reallaşdırılması,
böyüməkdə olan nəslin tərbiyəsi sahəsində təhsil
praktikasının effektliliyinin yüksəldilməsi və s.
istiqamətlərdə qarşılıqlı fəaliyyətlər nəzərdə
tutulmuşdu.
Forum "Ekoloji mədəniyyət və mədəniyyətlərarası dialoqun
ekologiyası" devizi altında keçib. Forumun işində MDB
ölkələrindən Azərbaycan, Belarus, Özbəkistandan 1,
Qazaxıstan, Qırğızıstan və Rusiyadan isə 2 komandadan
ibarət nümayəndə heyəti iştirak edib.
Beynəlxalq tədbirdə ölkəmizi Bakıdakı 160 nömrəli
klassik gimnaziyanın ingilis dili və musiqi müəllimi
Larisa Mixaylovna Doroşenko (nümayəndə heyətinin
rəhbəri) və 6 şagirdi (Elmar İbrahim oğlu Ləmbəranski,
Rüfət Rizvan oğlu Hacızadə, Maya Eldar qızı Novruzova,
Əli Yusif oğlu Məmmədov, Məryəm Mehdi qızı Mehdiyeva və
Anastasiya Vladimirovna Spirina) təmsil etmişlər.
Aşağıda onların bir neçəsinin forum haqqında fikirlərini
və səfər təəssüratlarını təqdim edirik:
Larisa Doroşenko:
Forum öz proqramının zənginliyi və dolğunluğu, qarşıya
qoyulmuş məqsəd və vəzifələrin genişliyi ilə bizdə böyük
marağa səbəb oldu və xoş təəssürat yaratdı. Beynəlxalq
tədbir iyunun 26-da öz işinə başladı. Səhər konfrans
zalında Sankt-Peterburqda keçirilmiş Ekoloji festival
haqqında hesabat və sənədli filmlərin yaradılması üzrə
"ustad dərsi" keçirildi. Burada bütün komandalar öz
vizit kartlarını nümayiş etdirdilər. Azərbaycanın vizit
kartını gimnaziyamızın komandasının milli paltarlar
geymiş bütün üzvləri təqdim etdilər. Biz gimnaziyamız
haqqında elektron təqdimat etdik, sonra virtual
xalça-təyyarədə məktəbdən Azərbaycan üzrə cəlbedici
səyahətə yollandıq. Bütün nümayəndələr bizim ölkəyə həsr
olunmuş sərgi ilə maraqla tanış oldular, Azərbaycan
şirniyyatlarından dadıb, onları yüksək
qiymətləndirdilər. Məryəm Mehdiyeva, Elmar Ləmbəranski
bütün nümayəndələrə ölkəmiz haqqında jurnallar, Bakı ilə
bağlı kitablar və Azərbaycan suvenirləri hədiyyə
etdilər. Həmin gün Məryəm və Eldar həm də Qırğızıstan
televiziyası və radiosuna müsahibə verdilər.
Günün ikinci yarısında Ruh Ordu muzey-qoruğuna
ekskursiya təşkil olundu.
İyunun 27-də bütün forum iştirakçıları interaktiv
layihələri həyata keçirmək üçün işçi qruplara
bölündülər. Bütün qruplar nümayəndə heyətlərinin
üzvlərindən təşkil olunduğundan beynəlmiləl tərkibə
malik idi. Qruplarda ekoloji layihələr üzərində iş hər
gün gedirdi.
Günün ikinci yarısında "Təbiət-cəmiyyət-iqtisadiyyat"
mövzusunda ekoloji oyun-treninq keçirildi. Günün sonunda
isə Belarus komandasının təşkilatçılığı ilə diskoteka
oldu.
Komandamızın üzvləri forumun sonrakı iş günlərində
keçirilən məişət tullantılarından suvenirlərin
düzəldilməsi üzrə "ustad dərsləri"ndə, işgüzar oyunlarda
da fəal iştirak etdilər.
Forum çərçivəsində Qriqoryev mağarasına yürüş və
Qırğızıstanın gözəl təbiəti ilə tanışlıq da bizim üçün
çox maraqlı oldu. İyunun 30-da Azərbaycan, Rusiya və
Qırğızıstan nümayəndə heyətlərinin hazırladıqları
"Dostluq" diskotekası oldu. Diskoteka zamanı
komandamızın üzvləri Azərbaycan xalq rəqslərini ifa
etdilər, bütün digər iştirakçılara "Yallı" getməyi
öyrətdilər.
İyulun 1-i bizim üçün məsuliyyətli bir gün oldu. Həmin
gün forum günlərində hazırlanmış bütün ekoloji
layihələrin müdafiəsi təşkil olundu. Bütün layihələr
interaktiv, teatrlaşdırılmış idi, onlarda İKT-dən
istifadə olunmuşdu. Hər bir forum iştirakçısı öz
qrupunda müəyyən funksiyanı yerinə yetirirdi. Həmin gün
Qala konsertlə başa çatdı. Hər bir nümayəndə heyətinə
bir nömrə ayrılan konsertdə ölkəmizi Maya Novruzova
Azərbaycan haqqında mahnı ilə təmsil etdi. Komandaların
çıxışlarından sonra iştirakçılara sertifikat və xatirə
hədiyyələri təqdim olundu.
Məmnunam ki, ötən il olduğu kimi bu il də biz öz
ölkəmizi, öz şəhərimizi, gimnaziyamızı yüksək səviyyədə
təmsil edə bildik və özümüz də xeyli şey öyrəndik.
Elmar Ləmbəranski:
Forum bizim üçün çox səmərəli keçdi. Orada biz özümüzə
çoxlu dostlar tapdıq. Müxtəlif ölkələrdən olan
şagirdlərlə ünsiyyətdə olaraq həmin ölkələr haqqında
daha çox məlumatlar əldə etdik. Ekologiya ilə bağlı bir
çox məsələlər haqqında geniş məlumatlar aldıq. Bundan
başqa, Azərbaycan haqqında onlara ətraflı məlumatlar
verdik. Xalqımızın milli-mədəni dəyərləri, memarlıq
abidələri və zəngin tariximiz iştirakçılarda geniş
təəssürat yaratdı. Bizim nümayəndələrdən olan Maya
Novruzovanın "Buta" rəsm işi iştirakçılar tərəfindən çox
böyük maraqla qarşılandı. Düşünürəm ki, respublikamızı
orada yüksək səviyyədə təmsil etdik. Bakı haqqında
onlarda daha yüksək təəssürat yaratdıq. Onlar Bakının
şəkillərini gördükdə çox böyük təəccüb hissi keçirdilər.
Paytaxtımızın bu qədər gözəl və müasir şəhər olduğunu
təsəvvür etmirdilər.
Səfər zamanı Qırğızıstan Respublikası ilə yaxından tanış
olduq. Xüsusilə bizim yerləşdiyimiz İssık-Kul gölünün
ətrafı və təbiətinə heyran qaldım. Forumda olduğumuz bir
həftə müddətində çox səmimi bir mühit mövcud idi. Tədbir
başa çatandan sonra heç kim bir-birindən ayrılmaq
istəmirdi. Düşünürəm ki, belə forumların keçirilməsi biz
şagirdlərin təfəkkürünün daha yaxşı inkişaf etməsinə,
intellektual səviyyəmizin artmasına kömək edir.
Anastasiya Spirina:
Bu forum mənim həyatımda yaddaqalan və xoş xatirələrlə
dolu bir iz buraxdı. Çox yüksək səviyyədə təşkil olunan
bu tədbirin bizim gələcək həyatımızda mühüm rol
oynayacağına inanıram. Bu səfər bizə çox şeyi öyrətdi.
Ekologiya, iqtisadiyyat və cəmiyyətlə bağlı bir çox
biliklər əldə etdik. Biz orada ayrı-ayrı xalqlardan
olmağımıza baxmayaraq, bir-birimizi başa düşməyə
çalışırdıq. Özümüzdə tolerantlığı inkişaf etdirdik. Bu
çox böyük həyat və dostluq məktəbi idi. Bu səfər bizim
xatirəmizdə çox dərin iz buraxdı. İssık-Kul gölü
doğrudan da heyrətamiz bir göldür. Burada təbiət çox
əsrarəngizdir. İnsanları çox mehriban və
qonaqpərvərdirlər. Başqa nümayəndə heyətlərinə nisbətən
bizimki elə də böyük deyildi. Lakin buna baxmayaraq biz
ölkəmizi layiqincə təmsil etdik. Hətta onlara milli
rəqslərimizdən öyrətməyə, Azərbaycan dilində bir neçə
söz danışmaqlarına nail olduq. Nümayəndə heyətimiz ordan
ayrılanda, demək olar ki, uşaqların hər biri ağlayırdı.
Səfər zamanı məni ən çox məyus edən isə orda tanış
olduğumuz dostlarla bir daha belə bir şəraitdə görüşə
bilməyəcəyimiz idi.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |