Ölkəmizdə
gerçəkləşdirilən islahatlar və genişmiqyaslı
infrastruktur layihələri, dayanıqlı makroiqtisadi
yüksəlişin təmini, yoxsulluğun azaldılması,
iqtisadiyyatın diversifikasiyası və onun dünya iqtisadi
sisteminə inteqrasiyası insan potensialının inkişafı
üzrə qəti tədbirlərin həyata keçirilməsini tələb edir.
Bu isə, öz növbəsində, təhsilin keyfiyyətinin
yüksəldilməsi və rəqabət qabiliyyətli kadr potensialının
hazırlanması ilə bağlıdır. Göstərilən məsələlərin həlli
üçün zəruri şərt ilk peşə-ixtisas təhsili sistemində
kadr hazırlığının əmək bazarının tələblərinə
uyğunluğunun təmin edilməsidir. Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" keyfiyyət nəticələri
və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı
mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə,
qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik
təhsil sisteminin yaradılması üçün beş strateji
istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.
Beynəlxalq təcrübəyə əsaslanan ilk peşə-ixtisas təhsili
sisteminin islahat siyasəti və strategiyasının
mərkəzində bacarıqların inkişaf etdirilməsi, onun əmək
bazarının tələbatlarına və iş yerində əmək fəaliyyətinin
məqsədlərinə istiqamətlənmiş sistemə çevrilməsidir. Bu
cür sistem əsasən təlimin razılaşdırılmış nəticələrindən
və təlim prosesinin keyfiyyətindən çıxış edərək
formalaşdırılmalıdır.
Dövlət Strategiyasının mühüm xüsusiyyətlərindən biri
ondan ibarətdir ki, ilk peşə-ixtisas təhsili sistemində
tədrisin məzmununun müasirləşdirilməsi əmək bazarının
geniş müstəvisində əhatə olunur. Bu o deməkdir ki, istər
iqtisadi, istərsə də sosial baxımdan uğurlu və səmərəli
peşə təhsili sisteminin formalaşması və fəaliyyət
göstərməsinə zəmanət olan zəruri şərtlərdən biri ilk
peşə-ixtisas təhsillinin məzmununun müasir əmək
bazarının tələblərinə uyğunlaşdırılmasıdır.
Keçən əsrin sonlarından Azərbaycan Respublikasının
sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələ
başlamışdır. İqtisadiyyatda sabit artım tempinin
müşahidə edilməsində, bazar iqtisadiyyatı
münasibətlərinin genişlənməsi və dərinləşməsində,
sahibkarlığın inkişaf etdirilməsində əlverişli işgüzar
mühitin yaradılması istiqamətində atılan önəmli
addımlarda öz əksini tapmış yeni reallıqlar əmək
bazarında əhali məşğulluq strukturunda və kadr
hazırlığının məzmununda müsbət dəyişikliklərin baş
verməsinə səbəb olmuşdur. Bu isə, öz növbəsində, peşə
təhsili sisteminin rolunun ciddi surətdə dəyişməsini və
işçi qüvvəsinə olan tələbin peşə-ixtisas strukturunun
əmək bazarının ehtiyaclarına istiqamətləndirilməsini
şərtləndirmişdir. Prioritetlərə yeni baxış, o cümlədən
peşə təhsilinin müasirləşdirilməsi üzrə tədbirlərin
həyata keçirilməsinin təxirəsalınmazlığı, onun
məzmununun əmək bazarının tələblərinə uyğunlaşdırılması,
dinamik surətdə inkişaf edən iqtisadiyyatın peşəkar
kadrlara artan tələblərinin ödənilməsi məsələləri ilə
bağlı təhsilin inkişafı istiqamətində son illərdə atılan
mühüm addımlar nəticəsində təhsilimizin mühüm tərkib
hissələrindən biri olan ilk peşə-ixtisas təhsili üzrə
normativ-hüquqi bazanın təkmilləşdirilməsi, maddi-texniki
təminatın yaxşılaşdırılması istiqamətində geniş miqyaslı
işlər görülməkdədir.
Son zamanlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin
dəstəyi ilə ilk peşə-ixtisas təhsili sahəsində
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun
müvafiq əməkdaşlarının və beynəlxalq ekspertlərin
iştirakı ilə bu təhsil pilləsinin məzmununun
yeniləşdirilməsi sahəsində bir sıra pilot layihələr
həyata keçirilmişdir. Bunlara misal olaraq peşə
standartlarının təhsil standartlarına və tədris
planlarına çevrilməsi sahəsində Avropa Təhsil Fondunu,
ilk peşə-ixtisas təhsilində Blok - Modul metodunun
tətbiqində Beynəlxalq Əmək Təşkilatını, Fasiləsiz peşə
təhsili proqramlarının hazırlanması və tətbiqində UNESCO
və Avropa Təhsil Komissiyasını, ilk peşə-ixtisas təhsili
sahəsində islahatlar strategiyası və Azərbaycanın
seçilmiş rayonunda icrası layihəsində Avropa İttifaqını,
ilk peşə-ixtisas təhsili üzrə Resurs Mərkəzinin
yaradılmasında Belarus Respublikasının Texniki Peşə
Təhsili İnstitutunu, Azərbaycan Respublikasında kənd
təsərrüfatı sahəsində ilkin peşə təhsilinin
möhkəmləndirilməsi layihəsində Avropa İttifaqı və
Almaniya Federativ Respublikasının Bavariya Vilayəti Elm,
Təhsil və Kənd Təsərrüfatı nazirliklərini, 40 ixtisasın
kompetensiyalara əsaslanan yeni təhsil proqramlarının (kurikulumlarının)
hazırlanması sahəsində "Savadlı Cəmiyyət" Müasir Təhsilə
Dəstək İctimai Birliyini və b. göstərmək olar. Bu işlər
hazırda davam etdirilir.
Təhsil Nazirliyi kənd təsərrüfatı sahəsi üzrə
ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin
maddi-texniki və tədris bazasının müasir tələblərə
uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq,
əyani və texniki vasitələrin alınması prosesinə start
verib.
Belə ki, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1
nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə
Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay
Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor
qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və
qarğıdalı yığan kombayn, 3 dərman çiləyici, 2
gübrəsəpən, 1 yemüyüdən texnika alınıb.
Bütün bunlarla yanaşı, Dövlət Strategiyasında
göstərildiyi kimi, bu sahədə həlli vacib olan ciddi
problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili
müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın
tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil
müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk
peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə
həmin pillədə təhsilalanların cəmi 25-27 min nəfər
təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın
aşağı olduğunu göstərir.
Dövlət Strategiyasında qeyd edildiyi kimi, ilk
peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları
müasir tələblərə cavab vermir. İlk peşə-ixtisas
təhsilinin məzmununun təkmilləşdirilməsinə
işəgötürənlərin cəlb olunması çox aşağı səviyyədədir.
İşəgötürənlər kadr hazırlığı prosesində iştirak etmək,
hazırlanan kadrlara dair şərtlər irəli sürmək imkanına
malik olmalı və buna müvafiq olaraq cavabdehliyini dərk
etməlidir.
Dövlət Strategiyası ilk peşə-ixtisas təhsili qarşısında
yeni, daha mühüm vəzifələr qoyur. Bu dövlət sənədinə
əsasən keyfiyyətli və səmərəli ilk peşə-ixtisas təhsili
sisteminın formalaşması üçün onun müasirləşdirilməsi
istiqamətində təxirəsalınmaz işlər görülməlidir. Yeni
texnologiyaları mənimsəyən, ölkənin xarici əmək
bazarında rəqabət qabiliyyətinin artmasını və milli
iqtisadiyyatın qlobal iqtisadi sistemə inteqrasiyası
prosesini təmin edən kadrların hazırlanması
məsələlərinin həllinə bütün maraqlı tərəflər
(işəgötürənlər, ilk peşə-ixtisas təhsili müəssisələri,
həmkarlar təşkilatları, cəmiyyət və s.) cəlb
olunmalıdır.
Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24
sentyabr 2012-ci il tarixli, 1518 nömrəli əmrinə
müvafiq olaraq ilk peşə -ixtisas təhsili müəssisələri
tərəfindən hazırlanan və pedaqoji şuralarda baxılıb
bəyənilən, razılaşdırmaq üçün Təhsil Problemləri
İnstitutuna və Təhsil Nazirliyinə göndərilən mövcud
tədris plan və proqramlar fənyönümlü olduqlarından əmək
bazarının müasir tələblərini ödəmir. Həmin fənyönümlü
tədris plan və proqramların ilk peşə-ixtisas təhsili
müəssisələrində tətbiqi zamanı çoxlu nöqsanlara yol
verildiyini nəzərə alsaq, mövcud formada onların
keyfiyyətə necə mənfi təsir göstərdiyini anlamaq çətin
deyil. Nəticədə ilk peşə-ixtisas təhsilinin keyfiyyəti
zamanın tələblərindən geri qalır. Peşə təhsilinə maraq
azalır, yaxud peşə ixtisas təhsili almış şəxs əmək
bazarında özünə iş tapa bilmir.
Vəziyyətdən yeganə çıxış yolu Dövlət Strategiyasının
tələblərinə uyğun olaraq ilk peşə-ixtisas
müəssisələrindəki mövcud fənyönümlü tədris plan və
proqramlarını qabaqcıl ölkələrin təcrübəsində təsdiqini
tapmış kompetensiyalara əsaslanan modul tipli təhsil
proqramları ilə əvəz etməkdir. Bu proses 120 ixtisas
qrupu üzrə 700-dən çox ixtisas üçün nəzərdə
tutulduğundan və böyükhəcmli olduğundan müəyyən vaxt və
vəsait tələb edir. Fikrimizcə, peşə-ixtisas təhsili
üzrə bu sahədə kifayət qədər potensial imkanı və
təcrübəsi olan Təhsil Problemləri İnstitutunun
əməkdaşları, işəgötürənlər, ilk peşə-ixtisas təhsili
müəssisələri və digər maraqlı tərəflərin peşəkar
nümayəndələrinin birgə səyi ilə bu işin öhdəsindən
müvəffəqiyyətlə gəlmək olar.
Hazırlanmış təhsil proqramlarına (kurikulumlara) uyğun
müasir dərslik və dərs vəsaitlərinin tərtibi üçün də,
Dövlət Strategiyasında göstərildiyi kimi, əməli
tədbirlər həyata keçirilməlidir. Ona görə də yeni təhsil
proqramlarına (kurikulumlara) əsaslanan müasir
dərsliklərin, elektron resursların və tədris
vəsaitlərinin hazırlanması və ilk peşə-ixtisas təhsili
müəssisələrində alternativ dərsliklərdən istifadə
mexanizminin yaradılması məqsədəmüvafiqdir.
İlk peşə-ixtisas təhsili üzrə keçmiş sovet məkanında
Azərbaycan dilində dərsliklərin olmaması problemi yalnız
ölkəmiz müstəqillik qazandıqdan sonra həll edilməyə
başladı. Belə ki, son illərdə ilk peşə təhsili üzrə
Azərbaycan dilində 33 adda dərslik və 8 adda dərs
vəsaiti çap edilib peşə təhsili müəssisələrinə paylansa
da problem tam həll edilməmişdir. Bu məsələ ilə əlaqədar
ilk peşə-ixtisas təhsili müəssisələrinin
kitabxanalarının da yenidən qurulmasına ciddi ehtiyac
vardır.
Dövlət Strategiyasında xüsusi qayğıya ehtiyacı olanların
təhsilinə, o cümlədən onların peşə təhsilinə xüsusi yer
verilmişdir. Ona görə də:
* xüsusi qayğıya ehtiyacı olan şəxslərin peşə hazırlığı
və əlavə təhsilə cəlb edilməsi sahəsində tədbirlərin
həyata keçirilməsi;
* onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi,
seçdikləri ixtisaslar üzrə işləmələri üçün müvafiq
tədbirlərin görülməsi;
* əlillər üçün fərqli (xüsusiləşdirilmiş) peşə təhsili
proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi;
* iş axtaran gənclərin və evdar qadınların peşə
hazırlığı və əlavə təhsilini təmin etmək məqsədi ilə
müvafiq kursların təşkili və digər tədbirlərin həyata
keçirilməsi;
* qaçqın və məcburi köçkünlər üçün peşə hazırlığını
təmin etmək məqsədi ilə müvafiq tədbirlərin həyata
keçirilməsi;
* cəzaçəkmə müəssisələrindəki, həmçinin cəzaçəkmə
müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun
təmin edilməsi məqsədi ilə peşə hazırlığı kurslarının
təşkili və s. kimi məsələlər maraqlı tərəflərin diqqət
mərkəzində olmalıdır.
Dövlət Strategiyasının tələbləri baxımından ilk
peşə-ixtisas təhsili sahəsində islahatlar aparılmasında
ən vacib amillərdən biri də müəllim heyətinin pedaqoji
keyfiyyəti və ixtisaslarıdır. İşəgötürənlərin tam etibar
etdiyi yüksək səviyyədə təhsil almış bacarıqlı
müəllimlər olmadan digər amillərin, məsələn,
işəgötürənlərin ehtiyaclarına uyğun səriştəyə əsaslanan
təhsil proqramlarının (kurikulumların) və tədris-maddi
bazanın yüksək təchizatının sistemə təsiri az olacaq.
Peşə təhsili müəssisələrinin rəhbər və mühəndis-pedaqoji
işçilərinin ilkin və fasiləsiz peşə təhsili (FPT)
nümunəvi səviyyədə olmasa, onlar işəgötürənlərin mövcud
və gələcək tələblərini ödəyə bilməzlər.
Hazırda Azərbaycanda ilk peşə-ixtisas təhsili sahəsində
ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları
üçün ilkin təlim mövcud deyildir. İlk peşə-ixtisas
təhsili müəssisələrində də əksər ixtisas fənn
müəllimləri və istehsalat təlimi ustaları (bundan sonra
ixtisas müəllimləri) müxtəlif universitetləri və orta
ixtisas təhsili müəssisələrini bitiriblər və müəllim
üçün vacib olan müasir təlim-tədris metodologiyası üzrə
bilik və bacarıqlara malik deyillər. Müəllimlər ilk
peşə-ixtisas təhsilinin ehtiyaclarına uyğun hazırlanmış
təhsil proqramı üzrə ilkin təhsil almadan peşə təhsili
müəssisələrində işləməyə başlayırlar.
Nəticədə müəllimlər təhsilalanlarla münasibətlər
qurmaqda çətinliklərlə üzləşirlər və təhsilalanlara
verilən təhsilin səviyyəsi aşağı olur. Qeyri-pedaqoji
ali və orta ixtisas təhsili müəssisələrində pedaqogika
və təlim metodikası tədris edilmir. Müəllimlərin ixtisas
və pedaqogika üzrə ilkin təlimi üçün təsdiq olunmuş
təhsil proqramı (kurikulum) yoxdur.
Beləliklə, peşə təhsili müəssisələrində ixtisas fənn
müəllimləri ali təhsilli, istehsalat təlimi ustaları isə
ali və ya orta ixtisas təhsilli olsalar belə, onların
təlim texnologiyaları barədə anlayışları yoxdur. Həmin
ixtisas fənn müəllimləri İKT də daxil olmaqla, müasir
tədris mühiti yaratmaq və bu mühiti inkişaf etdirmək
üçün istifadə edilən metodları bilmirlər. Təlim almış
peşəkar müəllim hədəf auditoriya üçün ən uyğun yanaşmanı
seçməyi bacarmalıdır. Mövcud sistemdə isə əsas diqqət
hələ də sinif otaqlarında mühazirələr vasitəsilə
biliklərin ötürülməsinə və praktik dərslərin
emalatxanalarda tədris edilməsinə yetirilir. Belə
metodologiya hədəf auditoriyanın ehtiyaclarına uyğun
deyildir.
Odur ki, ilk peşə-ixtisas təhsili müəssisələrinin
ixtisas fənn müəllimləri və istehsalat təlimi
ustalarının yenidən hazırlanmasını və ixtisasının
artırılmasını həyata keçirəcəyi baza təhsil müəssisələri
və biznes qurumlarının müəyyən edilməsi və onların
bazasında müəllim və ustalar üçün mütəmadi olaraq
seminar - treninqlərin keçirilməsi məqsədəmüvafiq
olardı.
İlk peşə-ixtisas təhsili müəssisələrində şagirdlərin öz
təhsillərinə görə daha çox məsuliyyət daşıması məqsədi
ilə təkcə müəllimin onlara verdiyi məlumat və
biliklərdən asılı olmamaları üçün daha müvafiq tədris
mühiti yaratmağa nail olmaq. Onları öz ixtisasları və
pedaqoji sahədəki yeniliklərlə çevik formada tanış
etmək. Bu yeniliklərin təlim prosesinə operativ olaraq
tətbiqinə nail olmağın əhəmiyyəti təkzibedilməzdir.
Ona görə ki, ilk peşə-ixtisas təhsili müəssisələrinin
rəhbər və mühəndis-pedaqoji işçilərinin mövcud
ixtisasartırma sistemi sürətlə dəyişən, inkişaf edən və
diversifikasiyaya məruz qalan iqtisadi mühitdə müasir
fasiləsiz peşə təhsilini təmin etmir.
İlk peşə-ixtisas təhsili müəssisələrinin rəhbər və
mühəndis-pedaqoji işçilərinin əksəriyyəti öz tədris
sahələri və ya təlim-tədris metodologiyaları üzrə müasir
biliklərə malik deyillər. Müsbət təcrübəni bir peşə
təhsili müəssisəsindən digərlərinə ötürmək üçün mexanizm
mövcud deyil. Uzaq regionlardan Bakıya kurslara gəlmək
çox vaxt və maliyyə vəsaiti tələb edir. Təlimin məqsədi
çox vaxt mücərrəd qalır. Təlimçi isə konkret
kompetensiyalara malik şəxs olmadığından kursun
mahiyyətini dinləyicilərə çatdıra bilmir.
Ali təhsil müəssisələrində peşə təhsili müəssisələri
üçün mühəndis-pedaqoji kadrların hazırlanması da Dövlət
Strategiyasından irəli gələn məsələlərdəndir.
Çünki bu gün ali təhsil müəssisələrində peşə təhsili
müəssisələri üçün müəllim hazırlanmadığından bu vəzifəyə
cəlb edilən müəllimləri çox böyük problemlər qarşısında
qoyur. Həmin müəllimlər pedaqogika, psixologiya və
metodikanın əsaslarını bilmədiklərindən təhsilalanlarla
münasibət qurmaqda, onların fəaliyyətini
istiqamətləndirməkdə xeyli çətinlik çəkirlər.
Dövlət Strategiyasının əsas istiqamətlərindən biri olan
təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli
tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai
xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan
idarəetmə sisteminin formalaşdırılması istiqaməti peşə
təhsili sahəsində işəgötürənlərlə əlaqələrin
yaradılmasını, idarəetmənin beynəlxalq təcrübəyə
əsaslanaraq yenidən qurulmasını tələb edir.
İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcəsinin
88-92 faizə qədəri əməkhaqqı və şagirdlərin təqaüdü ilə
bağlı xərclərə yönəldilir və bununla da təhsillə bağlı
digər xərclərə çox az məbləğ ayrılmış olur. Belə bir
vəziyyətdə ilk peşə - ixtisas təhsili müəssisələrinin
şagirdlərə lazımi peşə bacarıqları verə bilməsi
çətinləşir. Yuxarıda qeyd edilən səbəblər üzündən, milli
strategiyanın gözləntiləri olan əmək bazarının təlim
ehtiyaclarını ödəmə vəzifəsinin icrası ilk peşə-ixtisas
təhsili sistemi üçün çətin və bəzən qeyri-mümkün ola
bilər.
Əlbəttə, maliyyə vəsaitinin azlığı bütün mövcud
problemlərin və çətinliklərin səbəbi kimi göstərilə
bilməz. Amma ilk peşə-ixtisas təhsili sisteminin
keyfiyyətli səviyyədə işləməsi və sistemin
müasirləşdirilməsi məqsədilə lazımi tədbirlərin icrası
üçün kifayət qədər maliyyə vəsaiti lazımdır.
Müşahidələr göstərir ki, mövcud büdcə sistemi daxilində
ilk peşə-ixtisas təhsili müəssisələri, ümumiyyətlə,
əlavə gəlir fəaliyyətləri vasitəsilə əhəmiyyətli məbləğ
toplamağa qadir deyil.
Birincisi, ilk peşə-ixtisas təhsili müəssisələri
işəgötürənin malik olduğu və ya investisiya qoyacağı
müasir maddi-texniki bazaya malik deyil. Buna görə də
işəgötürənlər ilk peşə-ixtisas təhsili müəssisələrinə
uyğun və cəlbedici tərəfdaş kimi baxmır.
İkincisi, yuxarıda qeyd olunan büdcə və təsdiqetmə
proseduraları əlavə gəlirlərin genişləndirilməsinə heç
bir şəkildə kömək etmir. Bundan əlavə, işçi heyətin
keyfiyyəti (müəllimlər və istehsalat təlimi ustaları)
şübhə doğurur. Əlavə gəlir fəaliyyətləri ilə məşğul
olmaq üçün maneələr aradan qaldırılana qədər
büdcədənkənar vəsaitlər ilk peşə-ixtisas təhsili
müəssisələri üçün əhəmiyyətsiz maliyyə mənbəyi olaraq
qalacaqdır. Əlavə gəlir fəaliyyətləri üçün daha
əlverişli rejim yaradılarsa, ilk peşə-ixtisas təhsili
müəssisələrinin direktorları bu fəaliyyətlər vasitəsilə
dövlət büdcəsinin 5-10 faizi arasında əlavə gəlir
toplaya bilər. Lakin direktorlar onu da dərk edir ki,
büdcədənkənar vəsaitlərin toplanması nəticəsində təhsil
müəssisələrinə ayrılan dövlət büdcəsi azaldıla bilər.
Büdcədənkənar gəlirlər ilk peşə - ixtisas təhsili
müəssisələri üçün əlavə maliyyə mənbəyinə çevrilməzdən
öncə, onlara ayrılan dövlət büdcəsinin azaldılmayacağı
razılaşdırılmalı və paralel olaraq ilk peşə-ixtisas
təhsili müəssisəsinin özünüidarəetməsi artırılmalıdır.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
maliyyələşdirilməsinə təsir edən faktorlardan biri də
şagird/müəllim nisbətidir. Belə ki, Azərbaycan
sistemində hər 6-7 nəfər tələbəyə bir müəllim düşür. Bu
göstərici beynəlxalq müqayisədə çox yaxşı nisbətdir.
Lakin şagird/müəllim nisbətinin aşağı olması keyfiyyətli
təhsil demək deyil. Maliyyə nöqteyi-nəzərindən bu o
deməkdir ki, nəticələr xərclərə nisbətdə eyni deyil.
Digər ölkələrlə müqayisədə Azərbaycanda müəllimlərin
həftədə 12 saat dərs yükü olması və ümumiyyətlə,
müəllimlərin əməkhaqqının yalnız həftəlik (illik 480
saat) bir stavka dərs yükü az hesab edilə bilər.
Qabaqcıl ölkələrdə olduğu kimi, müəllimin həftədə 40
saat işləməsi, bundan 18-24 saat dərs deməsi daha
məqsədəmüvafiq ola bilər.
Ümidvarıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin
imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası" uğurla həyata keçirilərək
respublikamızda təhsilin, o cümlədən onun mühüm hissəsi
olan ilk peşə-ixtisas təhsilinin inkişafına böyük təkan
verəcək, doğma Azərbaycanımızda sənətkar hazırlığı
məsələləri ilə bağlı uğurlu nəticələr əldə olunacaqdır.
Rəsul ƏSGƏROV,
Təhsil Problemləri İnstitutunun Peşə-ixtisas təhsili
şöbəsinin müdiri, əməkdar müəllim |