NDU-da
Heydər Əliyev Universitetinin "14 iyul Azərbaycan
xalqının həyatında dönüş günüdür" mövzusunda 185-ci
məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru,
əməkdar elm xadimi, AMEA-nın müxbir üzvi Saleh
Məhərrəmov 1969-cu il iyulun 14-də ümummilli liderimiz
Heydər Əliyevin hakimiyyətə gəlişinin ölkəmizin siyasi
həyatında çox mühüm dönüş nöqtəsinə çevrildiyini
diqqətə çatdırıb. Rektor bildirib ki, həmin dövrdə
Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin
əhəmiyyətini, Azərbaycanın sonrakı mərhələdə əldə etdiyi
uğurları qiymətləndirmək üçün öncə ulu öndər Heydər
Əliyevin Azərbaycana rəhbərliyə gəlişinə qədərki
vəziyyətə nəzər salmaq lazımdır. Bu gün müstəqil, azad
və bütün dünyada söz sahibi olan Azərbaycan Respublikası
əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin,
hətta dünyanın sayılıb-seçilən dövlətlərindən birinə
çevrilib. Artıq ölkəmizin özünəməxsus sosial-iqtisadi
inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi
qəbul olunmaqdadır. Azərbaycanın bütün sahələrdə uğurlu
inkişafından söz açan rektor, ulu öndər Heydər Əliyev
tərəfindən əsası qoyulan məqsədyönlü sosial-iqtisadi
siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib.
Məşğələdə "14 iyul Azərbaycan xalqının həyatında dönüş
günüdür" mövzusunda məruzə ilə çıxış edən jurnalistika
və dünya ədəbiyyatı kafedrasının dosenti, tarix üzrə
fəlsəfə doktoru Vaqif Məmmədov 14 iyul 1969-cu ilin
Azərbaycan tarixində dönüş ili olduğunu vurğulayıb.
Vaqif Məmmədov 45 il öncə ulu öndərimiz Heydər Əliyevin
hakimiyyətə gəlməsi ilə respublika iqtisadiyyatında,
ictimai-siyasi həyatında köklü dəyişikliklər baş
verdiyini, ölkənin öz inkişafında yeni mərhələyə qədəm
qoyduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bugünkü
müstəqil, çox böyük perspektivi olan Azərbaycan Heydər
Əliyevin şah əsərinə çevrildi. Bildirilib ki, böyük
şəxsiyyət 1993-cü ildə yenidən xalqın çağırışına cavab
verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş,
qısa müddətdə milli dövlətçilik doktrinasını irəli
sürərək onun sürətli icrasına başlamışdır. Ümummilli
liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci
mərhələsi nə qədər təlatümlü, ziddiyyətli,
ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf
etsə belə, özünəxas uzaqgörənlik və siyasi müdriklik,
iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu
bəlalardan xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə
aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın
müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa
qadir olan yeganə qüvvə kimi təsdiqləmişdir. Məruzəçi
Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri
ilə bir sırada olduğunu faktlarla məşğələ
iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan
dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri
olan, milli dövlətçiliyimizin memarı və qurucusu
Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli
şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və
təbliğinin ən vacib məsələlərdən olduğunu qeyd edib.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |