Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də I və
IV ixtisas qruplarının abituriyentləri (cari ilin
məzunları) üçün keçirilmiş qəbul imtahanının
nəticələrini açıqlayıb.
TQDK-dan aldığımız məlumatda bildirilir ki, sənəd
vermiş 28962 (21835 nəfər I qrup üzrə, 7127 nəfər IV
qrup üzrə) abituriyentdən 1227 nəfəri imtahanda iştirak
etməyib. İmtahanda iştirak edən 27735 abituriyentdən 28
nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan
xaric olunub və nəticələri ləğv edilib.
I ixtisas qrupu üzrə 12319, IV ixtisas qrupu üzrə 3022
nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə
buraxılıb.
I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2
nəfər maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin
məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən
avqustun 5-dək həyata keçiriləcək.
I ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı
müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə
bilərlər: ümumi balı 150-dən, hər hansı bir imtahan
fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər
biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az
olmayan abituriyentlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas
seçiminə buraxılmaları üçün onların fənlər üzrə
cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı
250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı
nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə
bilərlər.
IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı
müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak
edə bilərlər: ümumi balı 150-dən, hər hansı bir
imtahan fənni istisna olmaqla qalan dörd imtahan
fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi
balı 10-dan az olmayan abituriyentlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas
seçiminə buraxılmaları üçün onların fənlər üzrə
cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı
300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı
nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə
bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi
istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik
edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında
yerləşdiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin I
və IV qruplar üzrə ixtisaslarını ümumi balı 150-dən az
olmayan abituriyentlər seçə bilərlər (fənlər üzrə
cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |