12-13 iyul tarixində Azərbaycan Müəllimlər İnstitutu
(AMİ) və Xəzər İntetellektual Gənclər Klubunun birgə
təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə
dəstəyi ilə keçirilən II Ağıl Oyunları Festivalı
çərçivəsində "Nə? Harada? Nə zaman?" oyununun final
mərhələsi baş tutub.
İyulun 12-də Kempinski Hotel Badamdarda keçirilmiş final
yarışının açılış mərasimində AMİ-nin tərbiyə işləri üzrə
prorektoru Rəşad Sadıqov çıxış edərək Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı çərçivəsində keçirilən intellektual
yarışların əhəmiyyətindən danışıb.
O, AMİ-nin ötən il keçirilmiş gənclər arasında "Nə?
Harada? Nə zaman?" oyunu üzrə VI Çağırış Kubokunun və
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunan "Nə? Harada? Nə zaman?" oyunu üzrə Tələbələrarası
II Azərbaycan Çempionatının da tərəfdaşlarından biri
olduğunu qeyd edib.
Xəzər İntellektual Gənclər Klubunun rəhbəri Seymur
Teymurov tədbirdə çıxış edərək gənclərin intellektual
potensialının inkişafı üçün yaradılmış imkanların
əhəmiyyəti, yarışın təşkili və final mərhələsinin
şərtləri haqqında danışıb. Vurğulanıb ki, II Ağıl
Oyunları Festivalının ümumilikdə 2000-dən çox gəncin
iştirak etdiyi seçim turları Azərbaycanın 16 şəhərində,
o cümlədən AMİ və onun 11 filialında sinxron olaraq
təşkil olunub. AMİ və onun filialları üzrə seçim turunda
100-dən çox komandanın iştirak etdiyi seçimlərdə ən
yaxşı nəticə göstərmiş 35 paytaxt, 25 region komandası,
o cümlədən hər filialdan bir komanda festivalın finalına
vəsiqə qazanıb.
Yarışın təşkilati işlərində fəal iştirakına görə
prorektor R.Sadıqov, institutun mətbuat və informasiya
şöbəsinin müdiri N.İbrahimov və 10-a yaxın tələbəsi
fəxri fərmanla təltif olunub.
Mətbuat xidməti |