| 
						
						 İyulun 
						11-də "Four Seasons" otelində Azərbaycan Milli Elmlər 
						Akademiyasının (AMEA) yeni seçilmiş həqiqi və müxbir 
						üzvlərinə diplomların və vəsiqələrin təqdim olunması 
						mərasimi keçirilmişdir. 
						
						AzərTAc xəbər verir ki, mərasimdə AMEA-nın prezidenti, 
						akademik Akif Əlizadə ümummilli lider, müstəqil 
						dövlətimizin memarı və qurucusu Heydər Əliyev 
						ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti 
						İlham Əliyevin elmin inkişafına daim böyük önəm 
						verdiyini vurğulamış, bu sahəyə göstərilən dövlət 
						qayğısından danışmışdır.  
						
						Azərbaycan Prezidenti İlham Əliyev siyasətinin uğurlu 
						nəticələrindən bəhs edən akademik A.Əlizadə 
						respublikamızın dinamik inkişaf etdiyini, dünya ölkələri 
						arasında özünə layiqli yer tutduğunu vurğulamışdır.
						 
						
						Akademik Akif Əlizadə diqqətə çatdırmışdır ki, ali elmi 
						qurum olan və dövlətin elm siyasətini həyata keçirən 
						AMEA-nın həqiqi və müxbir üzvü adını daşımaq şərəfli 
						olduğu qədər də məsuliyyətli missiyadır.  
						
						Bu il iyunun 30-da keçirilmiş Azərbaycan Milli Elmlər 
						Akademiyasının ümumi yığıncağının yekunlarından danışan 
						AMEA-nın prezidenti bildirmişdir ki, yığıncaqda yalnız 
						Azərbaycan elminin inkişafı baxımından deyil, bütövlükdə 
						respublikamızın ictimai-mədəni həyatı üçün də 
						əhəmiyyətli olan bir sıra mühüm məsələlər müzakirə 
						edilmişdir. Akademiyanın normativ-hüquqi bazasının 
						gücləndirilməsi, 2020-ci ilə qədərki inkişaf 
						strategiyasının müəyyənləşdirilməsi və yeni 
						strukturların yaradılması ilə bağlı qərarlar qəbul 
						olunmuş, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər 
						keçirilmişdir.  
						
						Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi 
						ardıcıl və məqsədyönlü elm siyasətinin uğurlu 
						nəticələrindən bəhs edən akademik A.Əlizadə 
						xatırlatmışdır ki, "Azərbaycan 2020: gələcəyə baxış" 
						İnkişaf Konsepsiyasında əksini tapdığı kimi, hazırda 
						dövlətimizin əsas strateji hədəfi intellektual inkişaf 
						modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasıdır.
						 
						
						
						 Yüksək 
						ixtisaslı kadr hazırlığı və alimlərin əməyinin 
						stimullaşdırılması ilə bağlı istənilən təklifin 
						Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük 
						razılıqla qarşılandığını diqqətə çatdıran akademik 
						A.Əlizadə dövlətimizin başçısına minnətdarlığını 
						bildirmişdir. 
						
						Qeyd olunmuşdur ki, seçkilər olduqca şəffaf və yüksək 
						səviyyədə keçirilmişdir. Səsvermə nəticəsində 
						akademiyaya 26 həqiqi və 50 müxbir üzv seçilmişdir. Yeni 
						seçkilərdən sonra, ümumilikdə, akademiyada 194 nəfər üzv 
						- 74 həqiqi üzv, 120 müxbir üzv fəaliyyət göstərir.
						 
						
						Akademiyanın prezidenti AMEA-ya yeni seçilmiş üzvlərin 
						elmə öz töhfələrini verəcəklərinə əminliyini vurğulamış, 
						onları təbrik etmiş, uğurlar arzulamışdır. 
						
						Müasir dünyada elmin mühüm rolunu xatırladan akademik 
						A.Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının 
						fəaliyyətindən, beynəlxalq əlaqələrindən, qarşıda duran 
						vəzifələrdən də bəhs etmişdir. AMEA-nın prezidenti, eyni 
						zamanda, elmin inkişafı ilə bağlı fikirlərini söyləmiş, 
						bu sahə ilə təhsilin inteqrasiyasının gücləndirilməsi, 
						gənclərdə elmə marağın artırılması üçün bütün 
						imkanlardan istifadə etməyin əhəmiyyətini vurğulamışdır.
						 
						
						Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının yeni 
						seçilmiş həqiqi və müxbir üzvlərinə diplomlar və 
						vəsiqələr təqdim edilmişdir. AMEA-nın yeni seçilmiş 
						həqiqi və müxbir üzvlərinə üzərində Nizami Gəncəvinin 
						şəkli həkk olunmuş döş nişanı da təqdim olunmuşdur. 
						
						Azərbaycan Milli Elmlər Akademiyasının yeni seçilmiş 
						həqiqi və müxbir üzvləri adından Azərbaycan Prezidenti 
						İlham Əliyevə müraciət qəbul olunmuşdur. 
						
						Sonra tədbir iştirakçılarına AMEA prezidenti adından 
						ziyafət verilmişdir. |