Bakının
Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol
turnirinin final oyunları keçirilib. Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsi tərəfindən 2003-2004-cü il
təvəllüdlü uşaqlar arasında keçirilən turnir Azərbaycan
Respublikasının Milli Qəhrəmanı Babayev Çingiz Adil
oğlunun xatirəsinə həsr edilib. Turnirin oyunları
Yasamal rayonu Haqverdiyev küçəsi 577-ci məhəllədə
yerləşən mini-futbol və 21 nömrəli tam orta məktəbin
futbol meydançalarında keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş
məsləhətçisi Salman Əbdülovdan aldığımız məlumata görə,
yarışmanın 3-cü yer uğrunda oyununda "Karvan", "İnter"
komandaları arasında keçən gərgin mübarizə birincinin
qələbəsi ilə nəticələnib. "Yasamal" və "Şahdağ"
komandaları arasında keçirilən final qarşılaşmasında isə
"Yasamal" komandası daha inamlı oyun nümayiş etdirərək
qalib gəlib. Turnirin rəsmi bağlanış mərasimində Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil
Ağayev, baş məsləhətçisi Salman Əbdülov, Yasamal rayonu
Gənclər və İdman İdarəsinin rəis müavini Ramil
Cəbrayılov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı
Çingiz Babayevin atası Adil Babayev və digər şəxslər
iştirak ediblər. Çıxış edənlər futbolun inkişafında
xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası
mini-futbol turnirinin böyük rol oynadığını, ölkə
Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə
Futbolun İnkişafına dair Dövlət Proqramı"nın yüksək
səviyyədə icra olunduğunu bildiriblər. Milli Qəhrəman
Çingiz Babayevin vətənpərvərliyi və fədakarlığı haqqında
məlumatlar verilib.
Tədbirin sonunda qalib komandaların üzvləri müvafiq
dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif
olunublar. |