15-20 iyul 2014-cü il tarixlərində Slovakiyanın Snina
şəhərində güləş üzrə yeniyetmələr arasında dünya
çempionatı keçiriləcək. Yığma komandalarımız çempionatda
tam heyətlə iştirak edəcək.
Güləş Federasiyasından aldığımız məlumata görə, hər üç
növ üzrə yığma komandalarımız çempionat öncəsi son
təlim-məşq toplanışına cəlb olunub və hazırlıqlarını
davam etdirirlər.
Yunan-Roma güləşi üzrə yığma komandamız iyunun 28-dən
Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına
başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam
Cəfərovun rəhbərliyi altında heyətdə 20 idmançı yer
alıb. Təlim-məşq toplanışı iyulun 11-dək davam edəcək.
Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma
komandanın üzvləri bu gündən etibarən Şamaxı Olimpiya
İdman Kompleksində təlim-məşq toplanışına başlayır.
Komandanın böyük məşqçisi Aslan Ağayev, məşqçilər Həsrət
Məmmədyarov, Siracuddin Eldarov, Filip Monolov və
Mətanət Süleymanovanın rəhbərliyi altında heyətdə 18
güləşçi yer alıb. Təlim-məşq toplanışı iyulun 13-dək
davam edəcək.
Sərbəst güləş üzrə yığma komandanın üzvləri isə
təlimlərə iyulun 3-dən başlayacaq. Komandanın böyük
məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və
Rövşən Hacıyevin rəhbərliyi altında heyətdə 20 güləşçi
yer alıb. Quba Olimpiya İdman Kompleksində keçiriləcək
təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək. |