Bu günlərdə Moskva şəhərində təşkil edilən
Para-Taekvondo üzrə gənclər arasında 5-ci Dünya
çempionatına start verildi. Azərbaycan Taekvondo
Federasiyasından aldığımız məlumata görə, 40 ölkənin
qatıldığı çempionatın ilk günü millimizin 6 üzvü -
Rövşən Qəhrəmanlı (61 kq), Sarvan Məmmədov (61 kq),
İmaməddin Xəlilov (61 kq), Rövşən Rzayev (75 kq), Bahar
Şıxəliyeva (49 kq) və Aynur Məmmədova (58 kq) tatami
üzərinə çıxıb.
Belə ki, Rövşən Rzayev (75 kq) və Sarvan Məmmədli (61
kq) ilk döyüşdən məğlub ayrılaraq yarışla erkən
vidalaşıb. Digər taekvondoçularımızdan İmaməddin Xəlilov
(61 kq) Andres Fontanı (CRC) məğlub etsə də zədə
səbəbindən növbəti çıxışını davam edə bilməyib. Rövşən
Qəhrəmanlı (61 kq) maraqlı keçən qarşılaşmada Rusiya
idmançısı Vitali Nazarenkoya qalib gəlsə də İsmayıl
İbrahimova (Rusiya) məğlub olaraq çempionatda çıxışına
son vurub.
Qadın taekvondoçulardan Bahar Şıxəliyeva (49 kq)
rusiyalı rəqibini məğlub edərək finala vəsiqəni təmin
edib. Finalda Busra Gorlə (Türkiyə) qarşılaşan
millimizin üzvü hesabda irəlidə olsa da, döyüşün sonunda
qələbəni əldən verərək gümüş medala layiq görülüb. Eləcə
də Aynur Məmmədova (58 kq) Türkiyə təmsilçisinə qalib
gələrək final mərhələsinə adlasa da qızıl medal uğrunda
Danimarka idmançısı Lisa Gjessingə məğlub olaraq ikinci
yerlə kifayətlənib. Beləliklə, millimizin aktivinə daha
2 gümüş medal əlavə edilib. |