Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

ADU-da II Beynəlxalq yapon dili natiqlik müsabiqəsi keçirildi

 

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Yapon mərkəzinin  təşkilatçılığı ilə GUAM ölkələri II Beynəlxalq yapon dili natiqlik müsabiqəsi keçirildi.

Bakı Dövlət Universiteti, Yapon Fondu, "Panasonic LTD", Toyotanın Qafqaz üzrə rəsmi distribütorunun Azərbaycan nümayəndəliyi, "İtochu Neft İstismarı" Səhmdar Cəmiyyəti, "TEC İnternational", Tokyo Elektrik Enerjisi Xidmətləri Şirkəti və Bakı Yapon Cəmiyyətinin dəstəyi ilə keçirilən müsabiqənin açılış mərasimində çıxış edən Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Ashida Kenji müsabiqənin iştirakçılarını təbrik etdi. Xarici dil öyrənməyin müsbət cəhətlərindən danışan Ashida Kenji tələbələrin həmin ölkənin dilini, mədəniyyətini, tarixini mükəmməl öyrəndiyi zaman onlar kimi düşünə  bildiklərini vurğuladı və istənilən vaxt həmin ölkənin nümayəndələri ilə fikir mübadiləsi apara bildiklərini sözlərinə əlavə etdi.

O, tələbələrə yapon dilini bundan sonra da öyrənməyə davam etmələrini tövsiyə etdi və onların iki ölkə arasında körpü rolunu oynayacağına ümid etdiyini bildirdi. A.Kenji tədbirin keçirilməsinə şərait yaratdığı üçün Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, müsabiqəyə dəstək göstərən hər kəsə minnətdarlığını bildirdi.

ADU rektorunun müşaviri Vazeh Əsgərov çıxış edərək qonaqları universitetin rektoru, professor Səməd Seyidovun adından salamladı. Tədbirə dəstək verən Bakı Dövlət Universitetinə və Yaponiyanın Azərbaycandakı dünyaca məşhur şirkətlərinə  öz təşəkkürünü bildirdi. ADU-da 20 il bundan əvvəl 3 əsas dilin tədris edildiyi, ancaq bu gün universitetdə tədris olunan dillərin 20-dən çox olduğu qonaqların diqqətinə çatdırıldı. Universitetdə  Yapon mərkəzinin fəaliyyətindən  danışan müşavir  ADU-da yaponşünaslıq ixtisasının da olduğunu bildirdi.

Sonra münsiflər heyətinin üzvləri - Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri  Ashida            Kenji, Kiyev Milli Linqvistik Universitetinin nümayəndəsi Oyama Daiki, Gürcüstan Azad Universitetinin nümayəndəsi  Konstantin Tsereteli, Moldova-Yaponiya əlaqələr fondunun nümayəndəsi Konako Ukai, Belarus Dövlət Universitetinin nümayəndəsi Yamaquçi Satoru  iştirakçılara təqdim olundu, müsabiqənin şərtləri izah edildi.

Müsabiqənin şərtlərinə əsasən Azərbaycan, Ukrayna, Gürcüstan, Belarus və Moldovadan olan 15 nəfər tələbə yapon dilində nitq söyləməli idilər. İnşalar "Mənim ölkəm və Yaponiya" mövzusunda oldu. Nitqlərin inşa mətninin orijinallığı, məzmunun dərinliyi, ifadə gücü, inşa dilinin aydınlığına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyi bildirildi.

Sonra müsabiqədə iştirak edən 15 nəfər tələbənin bir dəqiqəlik videoçarxı yayımlandı.

Daha sonra iştirakçı tələbələr "Unudulmaq üzrə olan dəyərli ənənələr", "Ukrayna və yaponların ürəyi", "Yaponlar və ukraynalıların firavanlığına aparan yol", "Mən və Yaponiya", "Moldovanın Yaponiyası", "Mən və yaponları birləşdirən nöqtə", "Məni dəyişdirən Yaponiya", "Xoş gəlmişsiniz", "Uşaqların sevinci", "Yaponlardan öyrəndiklərim" və s. mövzularda çıxışlar etdilər.

Çıxışlardan sonra konsert proqramı oldu.

Konsert proqramından sonra tələbələrin natiqlik bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər elan olundu. Qalib gələn müsabiqə iştirakçılarına- I yer Azərbaycan Dillər Universitetinin tələbəsi Zərifə Aydayeva, II yer Azərbaycan Dillər Universitetinin  tələbəsi Asəf  Kərimli, III yer  Kiyev Milli Linqvstik Universitetinin tələbəsi Yuliya Boyarçuk, IV yer  Kiyev Milli Linqvstik Universitetinin tələbəsi Alla Smoliyarova, V yer  Bakı Dövlət Universitetinin tələbəsi Vəfa Axundova, VI yer Gürcüstan Azad Universitetinin tələbəsi Nino Malania və xüsusi mükafat Belarus Dövlət Universitetinin tələbəsi Anastasiya Piatroviçə təqdim olundu.

İştirakçılara tərifnamə və hədiyyələr verildi. 

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov