İyunun
24-də Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan
ədəbiyyatının dünya şöhrətli klassiki, maarifçi şair
Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi
münasibətilə "dəyirmi masa" keçirildi.
Tədbirdə Abdulla Şaiqin mənzil-muzeyinin əməkdaşlarının
ev sahibliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin müəllimi, dosent,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Əsədova,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi,
dosent, filologiya üzrə fəlsəfə doktoru, şairə Təranə
Yusifli Turan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva,
Ədəbiyyat nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova, Səməd
Vurğunun mənzil-muzeyinin əməkdaşları Səidə Abdullayeva
və Esmira Xankişiyeva və digər qonaqlar iştirak
edirdilər.
Abdulla Şaiqin nəvəsi, mənzil-muzeyin direktoru Ülkər
Talıbzadə qonaqları salamlayaraq Mirzə Şəfi Vazehin
yubileyinin burada keçirilməsinin təsadüfi olmadığını
söylədi. Bildirdi ki, bu iki şəxs çox yaxındır. Abdulla
Şaiq dərsliklər tərtib, klassikləri tədqiq edib, Mirzə
Şəfi Vazeh də Abdulla Şaiqin tədqiq etdiyi
nümayəndələrdəndir. Hər ikisi maarifçi şair, tərcüməçi
olublar, eyni istiqamətdə çalışıblar. Sonra Mirzə Şəfi
Vazehin şəxsiyyətini və yaradıcılığını işıqlandıran
slayd-şou izlənildi.
"Dəyirmi masa"da Abdulla Şaiqin mənzil-muzeyinin elmi
işçiləri Günel Rəsulova, Humay Teymurova, Elminaz
Məmmədli məruzələrlə çıxış etdilər. Məruzələrdə Mirzə
Şəfi yaradıcılığı öz dolğun ifadəsini tapdı. Gənc
tədqiqatçılar Mirzə Şəfinin Avropada məhşurlaşması
faktına ətraflı nəzər saldılar. Şairin təsəvvüfi
görüşlərinin işıqlandırılması "dəyirmi masa"
iştirakçılarının xüsusi diqqətini çəkdi. Həmçinin
məruzəçilərin öz çıxışlarını ədəbi bir formada,
kompozisiya şəklində təqdim etmələri də çox bəyənildi.
Gənc tədqiqatçıların məruzələri ətrafında maraqlı
diskussiya aparıldı. Tədbir iştirakçıları məruzələrə öz
münasibətlərini bildirməklə yanaşı, geniş polemika ilə
mövzuları davam etdirdilər.
Məruzələrdən sonra Mirzə Şəfi Vazehin sözlərinə
yazılmış romans səsləndirildi. Abdulla Şaiqin
mənzil-muzeyinin ənənəsinə uyğun olaraq söhbət çay
stolunun ətrafında aparılmaqla tədbir yekunlaşdırıldı.
Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi" |