Kəlbəcər
Kəlbəcər
rayonu Qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən,
Xanlar (Göygöl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə
Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir
şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Ağdərə
rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati
bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. 8 avqust
1930-cu ildə inzibati rayon statusu almışdır.
Kəlbəcər rayonunun əhalisinin sayı 85,5 min(01.04.2013)
nəfərdir. Kəlbəcər əhalisinin 98 faizini azərbaycanlılar,
2 faizini isə ruslar, İrandan gəlmə kürdlər və başqa
millətlər təşkil edir.
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin
ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə
qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala"
mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada
Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni
mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi
kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan)
komponentləri ilə əlaqələndirirlər.
Səthi dağlıqdır (Murovdağ, Şahdağ, Şərqi Sevan (Göyçə),
Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ
yaylasının bir hissəsi). Ən yüksək zirvəsi Camış dağı
(3724) və Dəlidağdır (3616). Ərazidə Yura, Tabaşir,
Paleogen, Neogen və Antropogen çökmə, vulkanogen-çökmə
və vulkanik süxurları yayılmışdır. Ən böyük çayı Tərtər
və onun qolları (Lev çayı, Tutqunçay və sair) Bazarçayın
da mənbəyi Kəlbəcər rayonu ərazisindədir. Rayonun
mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr, meşə-çöl
bitkiləri, yüksək və qismən orta dağlarda alp və subalp
çəmənlikləri geniş yer tutur. Meşələrinin ümumi sahəsi
32774 hektardır. Qaya keçisi, qonur ayı, çöl donuzu,
daşlıq dələsi, ular, qartal və sair faunasını
zənginləşdirir.
Kəlbəcər
şəhəri Bakıdan təxminən 458 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər)
avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində,
sıldırım qayalıqlar üzərində yerləşir.
Şəhərdə Respublika Dövlət Kənd Təsərrüfatı İstehsal-Texniki
Təminat Komitəsinin rayon şöbəsi, məişət xidməti
kombinatı, sanitariya-epidemioloji stansiya, 2 orta
məktəb, musiqi məktəbi, mədəniyyət evi, 2 kütləvi
kitabxana, mərkəzi rayon xəstəxanası, poliklinika,
kinoteatr, doğum evi, iri ticarət, sənaye müəssisələri
və s. vardı.
Geniş dağ düzənliyi üzərində yerləşən Kəlbəcər şəhərini
əhatə edən dağlar sanki öz ətəklərini şəhərin ayaqları
altında yerə sərmişdir. Azərbaycanın cənnət məkanı olan
Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan
adlandırmaq olar. Otuz mindən artıq bulağı olan, ilin
bütün dövrlərində, hər çeşmə başında qonağı olan
Kəlbəcər rayonu təbiətin muzeyidir. Rayon ərazisində 4
mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü
dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə
yüzlərlə mineral bulaqlar mövcuddur. Min bir dərdin
dərmanı olan İstisuyun şöhrəti, sinəsindən qarı-qırovu,
zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun
şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın
saysız-hesabsız gülü-çiçəyi aləmə bəllidir. Məhz bu
səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən
V.Avix Kəlbəcər haqqında demişdir ki: "Kim Tərtərçay
dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə
yalnız o məftun ola bilər".
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı
İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi
çox böyük müalicə - balneoloji təsirə malik mineral su
yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün)
işğal ərazisində yerləşir.
Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də
bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı
sağaldaraq həyata qaytaran dirilik suyu - İSTİSUDUR.
İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ
yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda
yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir.
Oradan dəmiryol stansiyasına (Ağstafaya) 112 verstlik
maşın yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya
Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcər-İstisu
arası isə Tərtər çayı boyunca uzanan maşın yolu ilə 25
km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu)
İstisu-Tərtər yolu çəkilmişdi.
Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli
Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək,
belə alınardı: "...Kəlbəcər rayonundakı İstisu mineral
su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi
tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular
dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya))
eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir".
O zamanın ən görkəmli kimyaçı alimi E.E.Karstenski
Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra
İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta-
Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu müalicə
ocağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil,
dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.
İstisuyun istiliyi 58,8 C0 qədərdir. Cəmi
mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi
göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink,
med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə
zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə
fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu
mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır.
Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən
istifadə edirdi.
İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ
zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ
gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon
qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur.
İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan
ibarətdir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu
mineral suları özlərinin əlverişli qaz və kimyəvi
tərkibinə, yüksək temperaturuna, böyük təbii
ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə
insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə
etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri
kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin
zavod sutkada 800 min litr su istehsal edirdi.
Rayonun İstisu (Kəlbəcər) qəsəbəsində keçmiş SSRİ-də
Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu
sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min
nəfər müalicə olunur və istirahət edirdi. İstisu mineral
suyu rayon büdcəsinə ən çox gəlir gətirən təbii
sərvətlərdən biridir. Azərbaycan neftinin çıxarılmasına
külli miqdarda vəsait xərclənir. Hətta xarici
şirkətlərin köməyindən də istifadə olunur. Təbii bulaq
olan İstisuyun illik axımı 600 milyon litrə bərabərdir.
Ancaq bu suyun cəmi 10 faizindən istifadə olunurdu.
Müalicəvi əhəmiyyətinə görə Çexiyanın Karlovı - Vari
suyundan üstün olan İstisuya şəfa tapmaq üçün müxtəlif
ölkələrdən turistlər gəlirdi.
Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər
tərəfindən işğal olunmuşdur. Kəlbəcərin işğalı zamanı
rayonun 54 mindən artıq əhalisi məcburi köçkün düşmüş,
321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər
vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası,
116 kitabxana, 43 klub, 42 mədəniyyət evi,
tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi
məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati
bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş
qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilmiş
və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana
daşınmışdır.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 58 min
(1993) nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan
Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində
dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min
illər boyu yaşadığı ata-baba torpağından qovularaq
didərgin salınıb.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT
Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib.
Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və
Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal
çıxarılması tələb olunur. Lakin indiyədək həmin
qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə
yetirilməyib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56
rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq
şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış
13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də
talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd
olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində
ermənilərin məskunlaşdırılmasına başlanılıb.
www.virtualkarabakh.az |