Bu
yaxınlarda tanınmış pedaqoq, qabaqcıl maarif xadimi
Həmid Tağıyevin 1960-cı ildə direktor olduğu, bu gün isə
onun adını daşıyan Cəlilabad rayonu Sabirabad kənd 2
nömrəli tam orta məktəbdə maraqlı bir tədbir keçirildi.
Tədbiri maraqlı edən onun birdən-birə 3 əlamətdar
hadisəyə həsr olunması idi. Belə ki, həmin gün həm
tədris ocağına Həmid Tağıyevin adının verilməsinin 20
illiyi, həm 2014-cü ilin "son zəng"i qeyd olunur, həm də
1960-cı ilin məzunları ilə görüş keçirilirdi.
Tədbirdə 1960-cı ilin məzunlarından Nadir Eminov, Əlirza
Bayramov, İsa İbrahimov, Əzizağa Əsgərov, Bəybala
Həmidov, Əzizağa Novruzov, dil-ədəbiyyat müəllimimiz,
direktorumuzun həyat yoldaşı Sevil Tağıyeva, onun
övladları, Tovuz rayonundan gələn kimya müəllimimiz 81
yaşlı Hümmət Həsənov, respublikamızın müxtəlif
bölgələrindən - Lənkərandan, Salyandan, Sumqayıtdan,
Bakıdan gəlmiş elm, incəsənət xadimləri, rayon təhsil
şöbəsinin, rayon icra hakimiyyətinin nümayəndələri,
hüquq-mühafizə orqanlarının işçiləri, eyni zamanda kənd
məktəbinin kollektivi, valideynlər və kənd ictimaiyyəti
iştirak edirdilər.
Yığıncağı giriş sözü ilə məktəbin direktoru Azad Cəfərov
açaraq tədbir iştirakçılarını salamladı.
Biz - 1960-cı ilin məzunları öncə Həmid Tağıyevin
xatirəsini bir dəqiqəlik sükutla yad etdik, sonra sinif
otağında partada əyləşərək 54 il bundan əvvəl olduğu
kimi Sevil müəllimin, Hümbət müəllimin "dərsini"
dinlədik, ötən illərin şirin xatirələrindən söz açdıq.
1960-cı ilin məzunları tədbirdə H.Tağıyev haqqında
xatirələrini danışaraq bildirdilər ki, həyatda
qazandığımız uğurlara, cəmiyyətdə tutduğumuz mövqeyə
görə bütün həyatını xalqın balalarının maariflənməsinə
sərf edən təhsil cəfakeşi Həmid müəllimə borcluyuq.
20 ildir ki, Həmid Tağıyevin övladları, xüsusilə də
İbrahim Tağıyev bu məktəbin əlaçı şagirdlərinə təqaüd
təsis edib, hər il "Son zəng" günü məktəbin məzunlarını
və I sinif şagirdlərini hədiyyələrlə, texniki işçilərini
isə pul mükafatı ilə sevindirir. Məktəbin həyətində 90 m
dərinliyində şirin su quyusu qazdırmışdır.
Qonaqların bir-birindən gözəl çıxışları iştirakçıları
məmnun etdi.
Həmid Tağıyevin işini davam etdirən yeganə qız övladı
İradə Dadaşovanın tədbirdəki maraqlı çıxışı bizi bir
daha 54 il öncəyə qaytardı. Orta məktəbi qızıl medalla,
Bakı Dövlət Universitetinin kimya fakültəsini əla
qiymətlərlə bitirən İ.Dadaşova hazırda Bakı şəhəri 55
nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə
direktor müavini vəzifəsində çalışır.
Ulu öndərimiz Heydər Əliyev: "Mən yer üzündə müəllimdən
yüksək ad tanımıram" demişdir. Tədbir göstərdi ki, Həmid
Tağıyev məhz əməlləri ilə müəllim adını yüksəklərə
qaldıran bir şəxsiyyət və pedaqoq olub.
Görüşdə 54 ilin məzunları bu ilin məzunlarını təbrik
etdilər, onların sevinclərinə şərik çıxdılar.
Nadir EMİNOV,
Sumqayıt şəhəri |