Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin
siyasətini və ənənələrini davam etdirərək, Azərbaycan
dövləti mətbuatın fəaliyyətinə normal şərait yaradılması,
onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə
proseslərində rolunun təmin edilməsi və artırılması,
vətəndaşların və jurnalistlərin informasiya almaq
hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər
görür.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Pedaqoji
mətbuat tariximizdə mühüm yer tutan jurnallardan biri də
"Azərbaycan dili və ədəbiyyatı tədrisi"dir. O, düz 60
ildir ki, pedaqoji ictimaiyyətin xidmətindədir.
Əsası 1954-cü ilin 15 iyulunda qoyulmuş "Azərbaycan dili
və ədəbiyyatı tədrisi" uzun illər "Azərbaycan məktəbi"
jurnalının metodik əlavəsi kimi fəaliyyət göstərmişdir.
3 dekabr 1990-cı ildə müstəqil redaksiyası yaradılaraq
əvvəlcə "Ana sözü" adı altında nəşr edilməyə başlanılmış,
yəni 2 aprel 1997-ci ildə isə yenidən ilkin adına
qaytarılmışdır. O, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin elmi-metodik mətbu orqanıdır.
"Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalı Təhsil
Nazirliyinin bütün müəssisələrində, həmçinin qeyri-dövlət
müəssisələrində Azərbaycan dili və ədəbiyyatının tədrisi,
təbliği və tədqiqi problemlərini araşdırır. Azərbaycan
Respublikası Konstitusiyasının tələblərinə uyğun olaraq,
dilimizin təmizlik və saflığının qorunmasına xidmət edir.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa
müvafiq surətdə Azərbaycan dili və ədəbiyyatı sahəsində
təhsil islahatlarının istiqamətlərini işıqlandırır.
Jurnal Azərbaycan dili və ədəbiyyatı fənlərinin
tədrisinə dair müasir metodikanı, qabaqcıl müəllimlərin
iş təcrübələrini ümumiləşdirib yayan yazılar dərc edir.
O, öz səhifələrində Azərbaycan dili və ədəbiyyatının
elmi-nəzəri məsələlərini yeni, müasir baxımdan şərh edən
məqalələr verir, metodikanın yeniləşməsi prosesində
demokratik prinsiplərə əsaslanaraq plüralizmə, dialoq və
müzakirələrə geniş meydan açır, müəllimlərin maraq
dairəsini nəzərə alaraq onlar üçün faydalı olan elmi-metodik
yazıları xarici ölkə jurnallarından tərcümə edib
işıqlandırır, dünya ədəbiyyatının son nailiyyətləri
barədə məlumatlar çatdırır.
Jurnal milli məktəblərimizin rus və digər bölmələrində
Azərbaycan dilinin öyrədilməsi metodikasına, bu
məktəblərdə çalışan qabaqcıl müəllimlərin iş
təcrübələrinə, proqram və dərsliklərə dair yazılar dərc
edir, respublikamızdan kənarda yaşayan həmvətənlərimizə
ana dilimizin öyrədilməsi yolları barədə bilgilər verir.
Jurnalda ədəbiyyatşünaslıq və dilçiliyə, dil və
ədəbiyyatın tədrisi tarixinə, qloballaşan dünyamızda baş
verən mühüm ədəbi proseslərə, yeniliklərə dair yazılar
da yer alır.
"Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin səhifələrində
respublikamızın görkəmli elm və ədəbiyyat xadimləri,
metodist alimlər, adlı-sanlı müəllimlər çıxış edir,
fikir mübadiləsi aparırlar.
Jurnal, demək olar ki, orta məktəb müəllimlərinin, ali
məktəblərin dil və ədəbiyyat kafedralarında çalışan
alimlərin, pedaqoqların əlaqə mərkəzidir. Burada tez-tez
Təhsil Nazirliyi aparatının məsul işçiləri, Təhsil
Problemləri İnstitutunun əməkdaşları çıxış edərək
müəllimlərə tövsiyələrini verir, onları metodik cəhətdən
istiqamətləndirirlər. Azərbaycan dili və ədəbiyyatı ilə
bağlı sahə institutları rəhbərlərinin, respublikamızın
tanınmış mütəxəssislərinin çıxışları da jurnalın
səhifələrində müntəzəm surətdə yer alır. Akademiklər
Ağamusa Axundov, İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri
Tofiq Hacıyev, Nizami Cəfərov, professorlar Şəmistan
Mikayılov, Qəzənfər Kazımov, Ənvər Abbasov, qabaqcıl
təhsil işçiləri Əsgər Quliyev, Qənirə Əmircanova
redaksiya heyətinin üzvləri kimi jurnalın fəaliyyətinin
yaxşılaşdırılmasında yaxından iştirak edir, maraqlı
yazıları ilə oxucuların qonağı olurlar.
Jurnalın zaman-zaman formalaşıb inkişaf etməsində onun
baş redaktorları Mirabbas Aslanovun, Ağamməd
Abdullayevin, Əziz Əfəndizadənin, Zəhra Əliyevanın,
Bahəddin Yunusovun xidmətlərini xüsusi qeyd etmək
lazımdır.
Öz ənənələrinə sadiq qalan, ona hörmətlə yanaşan jurnal
bu gün yeni simada, yeni məzmunda fəaliyyətini davam
etdirir, təhsildə baş verən yeniləşməyə, müasir baxımdan
inkişafa uyğun olaraq dəyişir və müəllimlərin stolüstü
vəsaitinə çevrilir.
Pedaqoji mətbuat müəllimin ən yaxın köməkçisidir. Bu
həqiqəti yüksək qiymətləndirən Təhsil Nazirliyi digər
mətbu orqanları kimi "Azərbaycan dili və ədəbiyyatı
tədrisi" jurnalına da yardımlarını əsirgəmir, onun
inkişafı üçün nə lazımdırsa etməyə çalışır.
Dövlətimizin xüsusi önəm verdiyi, mətbuata böyük qayğı
göstərdiyi bir məqamda "Azərbaycan dili və ədəbiyyatı
tədrisi"nin də dəyəri artır, onun üzərinə işini yüksək
səviyyədə qurmaq kimi məsul bir vəzifə düşür. Jurnalın
yaradıcı heyəti bu məsuliyyəti duyur və elə buna görə də
onun səmərəli fəaliyyəti üçün yeni-yeni yollar arayır.
Jurnalda müntəzəm surətdə "Dilçilik və
ədəbiyyatşünaslıq", "Ümumtəhsil, orta ixtisas və ali
məktəblər: tədris metodikası, iş təcrübəsi", "Ədəbi
mühit", "Dünya xalqları ədəbiyyatı", "Azərbaycandan
kənarda: dilimizi və ədəbiyyatımızı yaşadanlar",
"Polemika", "Aktual söhbət", "Elm xadimləri", "Əməkdar
müəllimlər", "Korifeylər", "Məsləhət" rubrikaları
altında çox sayda maraqlı yazılar verilir ki, bunlar da
oxucuların dünyagörüşünün, biliyinin və təcrübəsinin
zənginləşməsinə xidmət edir. "Sərəncamlar", "Xronika",
"Xəbər - servis" rubrikaları isə oxuculara dövlət
başçımızın yazıçı və şairlərin təltifləri ilə, Təhsil
Nazirliyində, ədəbi aləmdə, dünyada baş verən
yeniliklərlə tanışlıq imkanı yaradır.
Sevindirici haldır ki, jurnal çox sayda müəllif
yetişdirmiş, yaradıcılıq işini müəllimlərin ciddi bir
məşğuliyyətinə çevirmişdir. Onların arasında Esmira
Cəfərova, Şövkət Aslanova, Şəhla Mirzəyeva, Sədaqət
Həsənova, Elbəyi Maqsudov, Asif Hacıyev kimi qabaqcıl
müəllimlər, alimlər, ilin qalibləri, Prezident
mükafatçıları yetişmişlər.
Əməkdaşlardan Akif Məmmədov, Əsmər Bədəlova, Soltan
Hüseynoğlu, Oqtay Abbasov məhz jurnalın redaksiyasında
həm jurnalist, həm də tədqiqatçı kimi püxtələşmişlər.
60 il mətbuat üçün böyük ömürdür. Onu bu yaşa
gətirənlərə minnətdarlığımızı bildirir, əməkdaşlara,
redaksiya heyətinin üzvlərinə, oxuculara möhkəm
cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Məhəmməd BAHARLI,
baş redaktor |