İtaliyalı qadın 99 yaşında məktəbli attestatı
aldı
İtaliyalı
Françeska Kareddu 99 yaşında məktəbli
attestatı almağa müvəffəq olub. "Uçitelskaya
qazeta"nın məlumatına əsasən F.Kareddu ailəsini
dolandırmaq məqsədilə məktəbi atmalı olub. Həm
astma xəstəliyindən əziyyət çəkən anasına baxıb,
həm də zeytun plantasiyasında işləyib. Lakin o,
bütün ömrü boyu təhsilini başa vurmaq barədə
düşünüb. İndi isə 1915-ci il yanvarın 16-da
ölkənin şimalındakı Sardiniya vilayətinin Nuoro
şəhərində anadan olmuş Kardella öz arzusunu
həyata keçirərək buraxılış imtahanı verib.
İmtahan komissiyasının iştirakı ilə ona
təntənəli şəkildə attestat təqdim ediblər.
Mərasimdə onun 8 uşağı və çox sayda nəvəsi,
nəticəsi iştirak edib. Çoxdan arzuladığı
attestatı bir neçə dəfə öpən qoca sevincindən
ağlayıb.
Təqaüdçü məzun italyan dili və riyaziyyat
fənləri üzrə yazılı imtahanı yaxşı qiymətlə
verib. O, indi tələbələrə imtahanlardan
qorxmamağı məsləhət görür, baxmayaraq ki, özü
imtahandan qabaqkı gecə həyəcandan yuxulaya
bilmədiyini etiraf edib. Xatırladaq ki, ötən il
amerikalı Odri Krebtri də 99 yaşında imtahan
verərək məktəbli attestatı alıb. |
|
Asiyanın ən yaxşı universitetlərinin reytinq
cədvəli açıqlanıb
Böyük
Britaniyanın təhsil sahəsində aparıcı
nəşrlərindən hesab olunan Times Higher Education
(THE) dərgisi 2014-cü il üzrə Asiyanın ən yaxşı
universitetlərinin reytinq cədvəlini açıqlayıb.
Asiyanın 100 ən yaxşı universitetinin siyahısına
Yaponiyanın Tokio Universiteti başçılıq edir.
Reytinq cədvəlində Yaponiya 20, Çin 18
universitetlə təmsil olunub. Reytinqdə ilk ən
yaxşı 10 yeri tutmuş ali məktəblər
aşağıdakılardır: 1.Tokio Universiteti (Yaponiya),
2.Sinqapur Milli Universiteti (Sinqapur), 3.Honkonq
Universiteti (Honkonq), 4.Seul Universiteti (Cənubi
Koreya), 5.Pekin Universiteti (Çin), 6.Sinxua
Universiteti (Çin), 7.Kiot Universiteti (Yaponiya),
8.Koreya Elm-Texnika İnstitutu-KAİST (Cənubi
Koreya), 9.Honkonq Elm Texnologiya Universiteti
(Honkonq), 10.Pohang Universiteti-Postech (Cənubi
Koreya).
Reytinq 5 qrup - tədris, tədqiqat, elmi
məqalələrdən sitat gətirilmə, innovasiya və
iqtisadiyyata təsiri, beynəlxalq mobillik üzrə
15 kriteriya əsasında tərtib olunub. Budəfəki
reytinq də son illərin tendensiyasını bir daha
nümayiş etdirib: Asiya universitetləri ildən-ilə
güclənir, ABŞ və Böyük Britaniyanın nüfuzlu
universitetləri ilə rəqabət aparmağa çalışır.
Təhlilçilər qeyd edirlər ki, Qərbdən fərqli
olaraq təhsil və elmi tədqiqatlara qoyulan
investisiyaların həcmi Asiya ölkələrində ildən-ilə
artır. Burada lider rolunda heç şübhəsiz Çin
çıxış edir. Çində təhsilə ayrılan
investisiyaların həcmi il ərzində 18 faiz
artdığı halda, ABŞ-da aşağı düşməkdədir. Builki
reytinqdə Hindistanın da mövqeyi güclüdür. Bu
ölkə təsadüfi deyildir ki, "ilin ulduzu"
adlandırılıb. Ötən reytinqdə Hindistan 3 ali
məktəblə təmsil olunmuşdusa, builki reytinqdə
onların sayı 10-a (!) çatıb. |
|
İsveç parlamenti xarici tələbələr üçün miqrasiya
qaydalarını asanlaşdırır
İsveç
parlamenti xarici ölkələrdən olan tələbələr üçün
miqrasiya qaydalarını asanlaşdıran qanun
layihəsini bəyənib. Qanun əcnəbi tələbələrin
ölkəyə giriş-çıxış prosedurunun
sadələşdirilməsi və beləliklə, onların həyat
şəraitinin yaxşılaşdırılması məqsədini güdür.
Dəyişikliklər tələbə, magistr və doktorantların
bu ölkəyə gəlməsi, təhsil alması və işlə təmin
olunması imkanlarını təmin edir. Qüvvədə olan
qanunvericiliyə əsasən, İsveçdə 4 il müddətinə
işləmək icazəsi olan əcnəbi vətəndaş 5 il
ərzində ölkə ərazisində daimi yaşamaq izni
almaq üçün ərizə verə bilər. Qəbul olunmuş son
dəyişiklik isə bu müddətin 7 ilə qədər
uzadılmasına imkan verir. Bundan əlavə, 4 il
doktorantura təhsili alan və bu ölkədə müvəqqəti
yaşamaq izni olan əcnəbilər də 7 il müddətində
daimi yaşayış icazəsi almağa ümid edə bilərlər. |
|
Xarici ölkədə təhsil və iş həyatı insanın
yaradıcılıq qabiliyyətini artırır
Fransa,
Sinqapur və ABŞ-da bir-birindən ayrılıqda
aparılmış tədqiqatlar nəticəsində məlum olub ki,
xarici ölkədə təhsil və iş həyatı insanın
yaradıcılıq, intellektual qabiliyyətini artırır,
onun təfəkkürünə təsir edir. İnsan daha
kompleksli və çevik düşünməyə başlayır.
Fransadakı tanınmış INSEAD biznes-məktəbin
professoru Uilyam Meddaks, Sinqapur İdarəetmə
Universitetinin professoru Ancela Lonq, ABŞ-ın
Florida Universitetindən tədqiqatçı alim Devid
Terrio tərəfindən aparılmış araşdırmalar
göstərib ki, xaricdə təhsil almış və digər
mədəniyyətlərlə təmasda olmuş insanlar mürəkkəb
situasiyalardan daha yaxşı baş çıxarmaq
qabiliyyətinə malikdir. Zəkalı və digər
ölkələrin mədəniyyətinə açıq olan insanlar
daha düzgün qərarlar qəbul edir. Bir qayda
olaraq, ali məktəbi başa vurduqdan sonra da məhz
bu cür tələbələr daha çox iş təklifi alırlar.
Tədqiqatçılar qeyd ediblər ki, beynəlxalq
təcrübəyə malik, müxtəlif mədəniyyətlərə
uyğunlaşmış insanlar daha kreativ düşüncə
nümayiş etdirir, problemlərin öhdəsindən daha
yaxşı gəlir, daha tez yeni biznes qurur,
xidmət sahəsində sürətlə irəliləyirlər.
|
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Xarici mətbuat materialları əsasında |