Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Ali təhsil keyfiyyətinin planlaşdırılması, idarə edilməsi və ölçülməsində yeni tendensiyalar

 

Təhsildə planlaşdırma və keyfiyyət nədir? 

Bu gün dünyanın qlobal inkişaf tendensiyası sosial-iqtisadi tərəqqinin hərəkətverici qüvvə və mənbəyinin maddi sferadan intellektual sferaya keçidi ilə müşayiət edilir.  Belə şəraitdə elm, innovasiya və təhsil sistemi iqtisadi inkişafın əsas amilinə çevrilir.  Təhsil ictimai ehtiyacları təmin etməklə yanaşı, gələcəyi, yeni ictimai imkanları formalaşdırır.  Bu səbəbdən  təhsil dövlətin sosial-iqtisadi siyasətinin öncül  istiqamətidir.

Təhsil uzunmüddətli, fasiləsiz prosesdir. Belə proses kortəbii  inkişaf edə bilməz, yəni təhsil ölkədə insan kapitalının inkişafı naminə xüsusi hazırlanmış plan əsasında  inkişaf etməlidir. Bu baxımdan uzunmüddətli, davamlı proses kimi təhsildə planlaşdırma və  strateji  planlaşdırma məsələləri  aktuallaşır. Bir çox  ölkələr uzunmüddətli  dövrü  əhatə  edən təhsil  strategiyası hazırlamış  və uğurla  icra edirlər.  Təhsil  strategiyası cəmiyyətin bugünkü və uzunmüddətli ehtiyaclarına uyğun olmalıdır. Son illər ölkəmizdə qəbul edilmiş  "Azərbaycan-2020: gələcəyə baxış"  İnkişaf Konsepsiyası, konsepsiyaya uyğun olaraq qəbul edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"  bu  mənada mühüm dövlət əhəmiyyətli sənədlərdir.   Ümid edirik ki,  bu  strategiyaların  icrası  innovativ ideyalar əsasında milli inkişafa,  elm və  təhsilin  ahəngdar inkişafına dəstək verəcək.  

Planlaşdırma nədir? Planlaşdırma məqsədin formalaşdırılması prosesidir. Planlaşdirma məqsədə ona nail olmaq üçün  vasitə, metod və tədbirlərin  konkretləşməsidir. Planlaşdırmanın nəticəsi plan,  konkret fəaliyyət  modelidir.  Planın tərtibindən əvvəl isə proqnoz  aparılmalıdır (buna forsayt  da  deyilir).  Uzaq perspektiv üçün proqnozlaşdırılma  elmi öncə görmə üsulu  olub, sosial planlaşdırmanın əsasını təşkil edir.  Lakin bu gün dünyanın sürətli və sinergetik  xarakterli  inkişafı real proqnoz   verməyə mane olur.

Planlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, strateji məqsəd və vəzifələr müəyyənləşdirilir, bunlara dair  strateji və operativ qərarlar qəbul olunur, məqsədə çatma üsulları, müddəti, resurslar (maddi, maliyyə, əmək və s. resurslar), icraçı və məsul şəxslər təyin edilir. Planlaşdırma prosesi müəssisənin indiki vəziyyəti ilə gələcək (arzu olunan)  vəziyyəti arasında  əlaqə yaratmalı,  "nə etməli, nə zaman etməli, kim etməli" kimi   suallara  konkret cavab verməlidir.

İstənilən  sferanın müvəffəqiyyəti  fəaliyyət  məqsədinin və bu məqsədə  nail olma  vasitələrinin dəqiq müəyyən edilməsindən  asılıdır. "Fəaliyyətin müvəffəqiyyəti məqsəd və bu məqsədə nail olmaq üçün  vasitələrin düzgün seçilməsindən asılıdır" (Aristotel).  Planlaşdırma prosesinin nəticəsində plan yaranır.                                                                   

Təhsilin keyfiyyəti nədir? Təhsilin keyfiyyəti necə təyin edilir? Təhsilin keyfiyyətini necə idarə etmək  olar?  Təhsildə keyfiyyətin  təmin edilməsi  əsas məqsədlərdən  biridir.   Fasiləsiz  təhsil prosesi,  onun keyfiyyəti  xeyli amillərdən asılıdır, bu səbəbdən təhsilin keyfiyyətinin yüksəldilməsi  kortəbii  baş verə  bilməz,  bu proses   idarə edilməli,  yəni proqnozlaşdırılmalı, planlaşdırılmalı və  sistematık  olaraq nəzarətdə saxlanılmalıdır.  Bu  məqsədlə keyfiyyətin idarə edilməsinə  proses kimi yanaşılır. 

Təhsilin keyfiyyətinə müxtəlif  təriflər  verirlər: 

1. Hər hansı sahədə keyfiyyət anlayışı müəyyən  olunmuş  standartlara uyğunluğu ifadə edir.  Obyektin və ya sistemin halını xarakterizə edən parametrlər standarta nə qədər yaxındırsa, keyfiyyət  bir o qədər yüksək hesab edilir.   Bu yanaşma təhsilə də  aiddir.   Təhsilin keyfiyyəti əldə olunan nəticələrin əvvəlcədən müəyyənləşdirilmiş meyarlara (standartlara) uyğunluq  dərəcəsi ilə  təyin olunur. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici  tələbənin  təlim  nəticələridir,  bu nəticələrin obyektiv qiymətləndirilməsi keyfiyyəti üzə çıxaran əsas  vasitə sayılır. 

2. Təhsilin keyfiyyəti dedikdə, məzunların bilik və bacarıqlarının əmək bazarı tələblərinə uyğunluğu, onların real situasiya və inkişaf  proqnozu əsasında  düzgün qərarqəbuletmə qabiliyyəti nəzərdə tutulur. 

Universitetdə təhsil prosesinin keyfiyyətini müəyyən edən əsas amillər bunlardır: tədris materialları bazası, kadr təminatı,  məşğələlərin aparılma texnologiyası  və metodikası, mütəxəssis hazırlığında informasiya sistemlərinin tətbiqi,  maddi-texniki təminat və s. Universitet fəaliyyətinin bütün istiqamətlərinin informatlaşması, kompüterlərin tədrisdə elmi əsaslarla tətbiqi,  yeni təhsil texnologiyalarının yaranması mütəxəssis hazırlığında keyfiyyətin təminatına,  təhsil prosesi  təşkilinin  səmərəli  planlaşdırılması  və  ölçmələrə  yeni imkanlar yaradır.

Təhsilin keyfiyyətinin  planlaşdırılması,  idarə edilməsi və ölçülməsi  aktuallığı aşağıdakı reallıqlarla müəyyən edilir:

*  Məzunlarda sistemli təfəkkürün formalaşdırılması zərurəti.

*  Əmək bazarında müstəqil yaradıcılıq,  tənqidi təfəkkür sahiblərinə ehtiyac.

*  Tələbələrin məsuliyyətinin artırılması.

*  Təhsil  müəssisələri arasında rəqabətin  yüksəlməsi.

Təhsilin keyfiyyətinin yüksəldilməsi,  bu məqsədlə təhsildə  İKT-nin  tətbiqinin  genişləndirilməsi  zərurəti  UNESCO-nun tövsiyələrində belə  əks olunur:

1. Təhsilin idarə edilməsi üzrə milli təşkilatlara tövsiyə edilsin ki, keyfiyyətin yeni meyarları tətbiq edilsin. Sürətlə dəyişən cəmiyyətə asan uyğunlaşmaq üçün gələcək mütəxəssislərə geniş spektrdə biliklər verilsin, zəruri vərdişlər aşılansın. Verilmiş bilik və vərdişlər yeni meyarlarla ölçülsün.

2. Yaşlıların fasiləsiz təhsilə cəlb edilməsi üçün ali təhsil sahəsində xidmətlər  spektri genişləndirilsin. Bu məqsədlə distant və qiyabi təhsilin, açıq təhsilin, İnternet şəbəkəsi ilə reallaşan təhsilin imkanlarından geniş istifadə edilsin.

 Təhsilin keyfiyyətinin planlaşdırılması, idarə edilməsi və ölçülməsinin ümumi prinsipləri 

Keçid dövründə universitet məzunları  peşə mobilliyi tələblərinə cavab verməlidir.  Buna  xüsusən mühəndis təhsilində ehtiyac var. Belə şəraitdə ali təhsilin məqsədlərindən  biri tələbələrə əsaslandırılmış qərarların qəbul edilməsi metodlarının  öyrədilməsi olmalıdır.  Elmi-konstruktor,  texnoloji idarəetmə sahələrində  standart olmayan məsələlərin həllində  belə qərarlara xüsusi ehtiyac var.  Tədris  prosesində iki istiqamət nəzərə alınmalıdır:

*  Peşə fəaliyyətinin icrası üçün ixtisas  üzrə zəruri  biliklərin qazanılması.

*  Qeyri-standart məsələlərin həlli vərdişlərinin formalaşması.  Bu  məqsədlə tələbələrdə kreativ və sistemli təfəkkür  inkişaf etdirilməlidir. 

Universitet məzunlarında  peşəkarlıq və mobilliklə yanaşı, konkret peşə fəaliyyəti  üzrə nəticələrin əvvəlcədən proqnozlaşdırılması qabiliyyəti formalaşmalıdır. Tədris prosesində  yeni texnologiyalar  daha  çox tətbiq edilməlidir (problemli təlim, situativ və işgüzar oyunlar, kompüter sistemləri, təlimin digər interaktiv forma və metodları).

Müəllimlər tədris fənlərinin qarşılıqlı əlaqələrini reallaşdırmaq üçün   tədris edəcəyi materialı  strukturlaşdırmalı,  tədris materialının  məzmunu blok-modul prinsipi əsasında qurulmalıdır.  Tədris materialının  strukturlaşdırılması  elmi biliyin strukturuna uyğun  olub,  anlayışların sxematik təsvirini  nəzərdə tutur. Blok -modulun yaradılmasında məqsəd təlimin müxtəlif mərhələlərində təşkilati və məzmun vəhdətini təmin etməkdir.

İnformasiyanın strukturlaşdırması tələbənin idrak fəaliyyətinin  məntiqi  yükünü artırır,  tədris fəaliyyətinin tələbənin  intellektual səviyyəsinə uyğun diferensiallaşmasına  imkan yaradır.

Tədris  modulu  eyni kursa (və ya müxtəlif kurslara) aid fənlərin,  iki və ya daha çox mövzusu əsasında formalaşır.  Tədris materialının  modullara bölünməsi istifadə edilən  təlim texnologiyasının gələcək strukturunu müəyyən edir. Kurs üzrə tədris  modulları  iyerarxik olur.   Bu zaman əvvəlki modullar tam və ya qismən sonrakı modulların hissəsi (elementi) ola bilər.  Bu prinsip biliyin elmi strukturu baxımından fənn və kurs çərçivəsində horizontal olaraq həyata keçirilir. Bu prinsip  tədris materialının daha iri  bloklarına  da şamil edilməli, o cümlədən  tədris  planları da  modul  prinsipi  ilə  formalaşmalıdır. Məhz bu  səbəbdən Boloniya prosesinin  mühüm  tələblərindən  biri  ali  təhsildə    kredit-modul sisteminin tətbiqidir.    

Mütəxəssislərin universitetdə hazırlanması keyfiyyətinin planlaşdırılması 

Mütəxəssislərin universitetdə hazırlanması keyfiyyətinin planlaşdırılması aşağıdakı istiqamətlər  üzrə həyata keçirilə bilər:

*  Tədris prosesinin təşkili və həyata keçirilməsi.

*  Tədris prosesinin metodik təminatı.

*  Tədris prosesinin maddi-texniki və informasiya təminatı.

*  Təlimin  keyfiyyət göstəricilərinin planlaşdırılması.

*  Dövlət imtahanlarının, buraxılış işləri  müdafiəsinin təşkili və həyata keçirilməsi.

*  Kadr təminatının keyfiyyəti.

*  Elmi tədqiqat işlərinin təşkili və səmərəliliyi.

*  Universitetin strateji inkişaf planının hazırlanması. 

Bu istiqamətlərin hər  birinə  ayrı-ayrılıqda  diqqət  yetirək.

1. Tədris prosesinin təşkili və həyata keçirilməsi istiqaməti bu məsələləri  əhatə edir:

*  Dövlət təhsil standartları (sənədlər külliyyatı).

*  Ali məktəb üzrə  normativ-hüquqi aktlar və sənədlər.

*  İstiqamətlər və ixtisaslar üzrə kadr hazırlığı üçün lisenziya.

*  İstiqamətlər və ixtisaslar üzrə tipik və işçi tədris planları.

*  Fənlər üzrə tədris və işçi proqramlar.

*  Müəllimlər arasında tədris yükünün paylanması, fərdi plana uyğun olaraq onların digər növ işlərlə yüklənmə dərəcəsi.

*  Mütəxəssis hazırlığına dair sfarişçi təşkilatların tövsiyələri.

2. Tədris prosesinin metodik təminatı istiqaməti bu məsələləri əhatə edir:

*  Tələbələrin yüksək keyfiyyətli  təlimi  üçün mühazirə mətnləri, metodik işləmələr.

*  Fənlər və məşğələ növləri üzrə tədris və tədris-metodik ədəbiyyat.

*  Təlimin aktiv metodları, yeni sistem və texnologiyaların tətbiqi üzrə metodik göstərişlər, yoxlama yazı işi, kurs işi, layihə işi, laboratoriya işlərinin təsviri, imtahan biletləri və s.

3. Tədris prosesinin maddi-texniki və informasiya təminatı istiqaməti bu  məsələləri əhatə edir:

*  Normativə uyğun olaraq tədris prosesinin auditoriya  fondu ilə təminatı.

*  Tədris prosesinin informasiya texnologiyaları ilə  təminatı.

* Auditoriya və laboratoriyaların zəruri avadanlıq, texniki vasitə və didaktik materiallarla təminatı,  tələbələrin təcrübə  keçməsi üçün müvafiq bazanın mövcudluğu.

4. Təlimin  keyfiyyət göstəricilərinin planlaşdırılması istiqaməti bu  məsələləri əhatə edir:

*  Təlimin məzmununun təsdiq edilmiş dövlət təhsil standartlarına,  tədris plan və proqramlarına uyğunluğu.

*  Tələbələrin müstəqil  və fərdi işi.

*  Təlimin birinci səviyyəsinin nəticələrinə görə tələbələrin attestasiyası.

*  Tədris məşğələləri cədvəllərinin, məsləhət saatlarının işçi tədris planlarına və tələbənin vaxt büdcəsinə uyğunluğu.

*  Tədris materiallarının tələbələr tərəfindən mənimsənilmə dərəcəsi (cari nəzarət, imtahan,  buraxılış işlərinin müdafiəsi əsasında).

5. Dövlət imtahanlarının, buraxılış işlərinin müdafiəsinin təşkili və həyata keçirilməsi istiqaməti  bu məsələləri  əhatə edir:

*  Diplom layihələri mövzularının aktuallığı, istehsalatın real tələblərinə uyğunluğu.

*  Diplom layihələrinin elmi-nəzəri səviyyəsi.

*  Yeni qabaqcıl texnologiyalardan tədrisdə istifadə. 

*  Praktikada və tədris prosesində diplom layihələrinin nəticələrindən istifadə imkanları.

*  Tələbələrin biliklərinin cari və yekun yoxlanmasının ixtisas tələblərinə uyğun olaraq peşəkar bilik və bacarıqların formalaşmasına istiqamətlənməsi.

*  Diplom layihələri müdafiələrinin təşkilinin normativ tələblərə uyğunluğu.

6. Kadr təminatı istiqaməti aşağıdakı göstəriciləri əhatə edir:

*  Universitetin professor-müəllim heyətinin peşə  təhsili  proqramlarını reallaşdırmasında qarşıda duran tədris,  elmi-metodik məsələlərin həllində  potensial imkanları  (ixtisas səviyyələrinin yüksəldilməsi, pedaqoji heyətin hazırlanması və yenidən hazırlanması, ixtisasın artırılması və s.).

*  Elmi dərəcəli müəllimlərin sayının artırılması.

*  İstehsalatda çalışan yüksəkixtisaslı mütəxəssislərin pedaqoji fəaliyyətə cəlb edilməsi.

7. Elmi tədqiqat işlərinin təşkili və səmərəliliyi  istiqaməti aşağıdakı məsələləri əhatə edir:

*  Fundamental elmi tədqiqatların formalaşdırılması.

*  Elmi tədqiqat işlərinin tətbiqi xarakteri, onların səmərəliliyi. Elm və istehsalatın əlaqəsi.

*  Universitetin kompleks elmi tədqiqatlarda iştirakı.

*  Elmi tədqiqatların  nəticələrinin beynəlxalq səviyyədə əhəmiyyət kəsb etməsi.

*  Elmi tədqiqat işlərinin tədris prosesi ilə əlaqəsi (elmi dərnək, elmi seminar, elmi konfrans, innovasion məhsulların hazırlanması və s.). 

*  Elmi tədqiqat işləri hesabına elm-tədris bazasının inkişafı.

8. Universitetin strateji inkişaf planının hazırlanması və reallaşdırılması istiqaməti aşağıdakı məsələləri əhatə edir:

*  Yaxın perspektiv üçün universitetin, fakültə  və kafedraların inkişaf planının hazırlanması.

*  Müəllimlərin təlim-tədris, elmi tədqiqat  fəaliyyətlərində  qabaqcıl metod və formalardan istifadəsinin təkmilləşdirilməsi, bu işdə universitet, fakültə  və kafedra rəhbərlərinin  şəxsi iştirakı.

*  Mütəxəssis hazırlığı  strukturu  və həcminin istehsalın real tələblərinə uyğunluğu.

*  Ödənişli və dövlət sifarişli  mütəxəssis hazırlığının optimal nisbətinin müəyyənləşdirilməsi.

*  Gənc mütəxəssislərin peşə fəaliyyəti və karyera uğurlarının izlənilməsi,  ali məktəbdə mütəxəssis hazırlığı keyfiyyətinin planlaşdırılması metodikası,  planlaşdırma  metodikasının  təhsil müəssisəsinin statusundan (universitet, akademiya və institut) asılılığı. 

Təhsil keyfiyyətinin ölçülməsi, qiymətləndirilməsi, mütəxəssis hazırlığı keyfiyyətinin meyarları 

Məlum olduğu kimi,  idrak marağının formalaşması iki istiqamətdə həyata keçirilir: təlimin məzmun materialı əsasında  və tələbələrin idrak fəaliyyətinin təşkili vasitəsi  ilə.   Təfəkkür  fəallığı tələbələrin  yeni bilik axtarışına sövq edilməsi, bacarıqların  təkmilləşdirilməsi,  problemli  situasiyaların  yaradılması vasitələri ilə həyata keçirilir.

Tələbələrin müstəqil iş sisteminin dəqiq arqumentləşdirilməsi məqsədəuyğundur. Bu  zaman onların kursun mənimsənilməsi mərhələləri üzrə fəaliyyəti əks edilməlidir. Təlim texnologiyalarının bütün mərhələlərində mütəxəssis hazırlığı keyfiyyətinin tələb və meyarlarının vəhdəti prinsipinə əməl edilməlidir.  Qeyd etmək lazımdır ki, universitetdə keyfiyyət sisteminin yaradılması   fasiləsiz prosesdir.  Bu prosesin  hər mərhələsində  keyfiyyətin ölçülməsi və planlaşdırılması  lazımdır.

Mütəxəsis hazırlığı keyfiyyətinin  meyarlarına aşağıdakılar daxildir:

*  İxtisas fənləri üzrə möhkəm biliklər.

*  İxtisas fənləri üzrə nəzəri və praktik  biliklərdən peşə fəaliyyətində istifadə bacarığı.

*  Peşə fəaliyyəti üçün zəruri biliklərin müstəqil əldə edilməsi qabiliyyəti.

*  Qəbul ediləcək  qərarların texniki-iqtisadi cəhətdən əsaslandırılması  qabiliyyəti.

*  Həmkarların rəylərini dinləmək qabiliyyəti,  peşə fəaliyyətində bu rəylərdən istifadə  bacarığı.

*  Fəaliyyəti  dəqiq planlaşdırmaq bacarığı.

*  Müxtəlif situasiyalarda istehsalat fəaliyyəti nəticələrinin proqnozlaşdırılması bacarığı.

Mütəxəssis  hazırlığının keyfiyyyət meyarları tələb edir ki, tələbələrin bilik və bacarıqlarına mərhələli  nəzarət sistemi  yaradılsın. Bunun nəticəsində kafedralar,   tədris kursları, təlim  materiallarının modulları  üzrə təlim nəticələri obyektiv müəyyənləşdirilə  bilər.   

Təhsil  keyfiyyətinin ölçülməsi sistemi 

Təhsilin keyfiyyətinin ölçülməsi sisteminin yaradılmasında  ali  məktəblərdə  son  illər  test  sistemindən daha  çox   istifadə edilir. Bunun nə qədər səmərəli olması, təhsilin keyfiyyətinə müsbət  təsir etməsi mübahisəli məsələdir.   Bu  prosesdə  testlərin  elmi cəhətdən düzgün tərtib edilməsinin mühüm əhəmiyyəti var. Bu  məqsədlə universitetlərdə  hazırlanan  testlər  müasir  testologiya  elminin  prinsiplərinə   əsaslanmalıdır.  İnnovasion cəmiyyət şəraitində  gələcək mütəxəssislərdə  kreativ  bilik və bacarıqların formalaşması mühümdür. Test  texnologiyası  nə  dərəcədə  bu  məsələlərin  həllinə  xidmət  edir?  Bu  sual da  xüsusi araşdırma  obyekti ola bilər.

Gələcək  mütəxəssislərdə  kreativ  bilik  və  bacarıqların  formalaşması   xüsusən   mühəndis-texniki  və  təbiət-riyaziyyat  istiqamətində  kadr   hazırlığında aktualdır.  Bunun nəticəsində elmi-texniki və texnoloji məsələləri orjinal həll etmək, mövcud texniki həllərdəki nöqsan  və ziddiyyətləri görmək,  onları həll etmək,  müəyyən  innovasiyalar  yaratmaq   mümkündür.

Tələbə fəaliyyətinin müvəffəqiyyəti təlim prosesinin təşkilindən, şəxsi keyfiyyət  və  intellektual qabiliyyətdən asılıdır. Biliklərin qiymətləndirilməsinin reytinq sistemində tələbələrin müstəqil şəkildə biliklərin axtarılması, mənimsənilməsi, tətbiqi və fəal tədris fəaliyyətinin formalaşdırılması  əhəmiyyətli ola bilər.   Tələbənin fəal,  müstəqil idrak prosesinə cəlb edilməsi,  peşə fəaliyyətinin uğurlu formalaşdırılması o zaman səmərəli ola bilər  ki, təlim sistemi tədris fənlərini horizontal (bir kurs daxilində) və vertikal (kursdan kursa keçidlə) olaraq əhatə etsin. Bu zaman fənlərarası əlaqə yaradılır.  Bu halda tədris planında auditoriya işlərinə ayrılan saatların   müstəqil işlərə verilən  saatlara nisbətinin xüsusi çəkisi  tədricən artmalıdır (bu  nisbətin   40% : 60%  olması  məqsədəuyğundur). Gələcəkdə müstəqil işlərə verilən  saatların miqdarının   artması tendensiyası davam edə bilər. 

Bu   yanaşmalar  yeni  təhsil paradiqmasına - həyati  fəaliyyətə hazır kadr yetişdirmək  (fəal,  yaradıcı düşünən,   yaradıcı fəaliyyət göstərə   bilən, özünüinkişafa, intellektual, mənəvi və fiziki özünütəkmilləşdirməyə  qadir)  paradiqmasına  müvafiq  olaraq,   daha güclü insan kapitalı  formalaşdırmağa imkan verə  bilər.  

İlham ƏHMƏDOV,
ADPU-nun "Kompüter Mərkəzi"nin  direktoru, dosent

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov