Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun
29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas
təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün
qəbul imtahanı keçirib.
İmtahanın nəticələri iyun ayının 30-da saat 18:30-dan
etibarən TQDK-nın İnternet saytında yerləşdirilib.
Abituriyentlər Komissiyanın İnternet saytı vasitəsilə
nəticələri haqqında məlumatla, habelə cavab kartının
qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı
həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə
göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün
qeydiyyatdan keçmiş 14925 abituriyentdən 1249 nəfəri
imtahana gəlməyib. 22 abituriyent imtahan qaydalarını
pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv
olunub. Abituriyentlərdən 9288 nəfəri müsabiqə şərtini
ödəyərək ixtisas seçiminə buraxılıb. 2 abituriyent ən
yüksək nəticə göstərərək 57 bal toplayıb.
İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək.
İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə
balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilər.
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik)
orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün
qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil
pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış
imtahanlarının nəticələri əsasında aparılacaq. Əlavə
məlumatları "Abituriyent" jurnalının 3-cü sayından və
TQDK-nın İnternet saytından öyrənmək olar.
Mətbuat xidməti |