Naxçıvan Dövlət Universitetində Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və "MƏDƏD-Azərbaycan"
MMC-nin birgə təşkilatçılığı ilə, ali məktəblərdə
"Ümumi təhsil kurikulumunun əsasları" mövzusuna həsr
olunan təlim kursuna start verilib.
Təlimin açılış mərasimində NDU-nun tədris işləri üzrə
prorektoru, dosent Seyid Surə muxtar respublika
rəhbərliyinin qayğısı və dəstəyi ilə təşkil olunan təlim
kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr
potensialı, yerli mütəxəssis hazırlığı, beynəlxalq
təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd
edib. Prorektor bildirib ki, regionun 3 ali təhsil
müəssisəsinin - Naxçıvan Dövlət Universitetinin,
Naxçıvan Özəl Universitetin və Naxçıvan Müəllimlər
İnstitutunun professor, müəllim heyətinin bu təlim
kurslarında iştirak etməsi onların təhsildə müasir
məsələlərlə bağlı peşəkarlığının yüksəldilməsində mühüm
rol oynayır.
Təlimçi, Azərbaycan Müəllimlər İnstitutunda "Əlavə
təhsilə xidmət edən kabinet"in müdiri Xuraman Nağızadə
təlim kursu haqqında məlumat verərək bildirib ki, Milli
Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın
qloballaşdığı və universallaşdığı,
informasiya-kommunikasiya texnologiyalarının rolunun
artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir
şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb
etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi
üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik
olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici
qüvvəsi olan insanın formalaşdırılmasına yönəlib.
Xuraman Nağızadə bildirib ki, "Ümumi təhsil
kurikulumunun əsasları" mövzusuna həsr olunan təlimin
keçirilməsində əsas məqsəd ilkin müəllim hazırlığı
üçün, mövcud "Kurikulumun əsasları" fənninin tədrisi
istiqamətində kadrların hazırlanmasıdır.
Qeyd edək ki, 24 günlük təlim kursuna NDU ev sahibliyi
edir və sonda iştirakçılara sertifikatlar təqdim
olunacaq.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |