Azərbaycanın görkəmli elm xadimi, yazıçı, mütəfəkkir
Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220-ci
ildönümünə həsr olunmuş konfranslar ayrı-ayrı elm,
təhsil, mədəniyyət qurumları tərəfindən davam etdirilir.
Belə konfranslardan biri də Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə Quba şəhərində
keçirildi.
Konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin
müdiri Zaman Əsgərli, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin
müdiri Tahirə Məmməd, filologiya elmləri doktoru Alxan
Bayramoğlu, filologiya üzrə fəlsəfə doktoru Könül
Nəhmətova, Folklor İnstitutundan filologiya üzrə fəlsəfə
doktoru Tahir Nəsibli, Hüquq, Fəlsəfə və Sosiologiya
İnstitutunun direktoru İlham Məmmədli, Dilçilik
İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri Etibar
İnanc, A.Bakıxanov adına Tarix İstitutundan filologiya
üzrə fəlsəfə doktoru Elçin Qarayev iştirak edirdilər.
Konfrans iştirakçıları əvvəlcə A.Bakıxanovun Əmsar
kəndində yerləşən ev-muzeyini ziyarət etdilər. Tahirə
Məmməd "XIX əsr Azərbaycan ədəbiyyatı", Könül Nəhmətova
"Abbasqulu Ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsi"
kitablarını muzeyə bağışladılar. Sonra nümayəndə heyəti
Heydər Əliyev Mərkəzinə gələrək ulu öndərin abidəsini
ziyarət etdi, önünə gül dəstələri qoydu.
Yaşıl Teatrda keçirilən konfransı Quba Rayon İcra
Hakimiyyətinin başçısı Mübariz Ağayev giriş sözü ilə
açıq elan etdi. Mədəniyyət və turizm nazirinin birinci
müavini Vaqif Əliyev çıxış edərək Azərbaycan Prezidenti
İlham Əliyevin görkəmli mütəfəkkir A.Bakıxanovun
yubileyinin keçirilməsi ilə bağlı 12 fevral 2014-cü il
tarixli sərəncamını milli mənəvi irsimizin qorunması,
gələcək nəsillərə çatdırılması kimi dəyərləndirdi.
V.Əliyev Bakıxanovlar nəslinin ölkəmiz üçün əhəmiyyətli
fəaliyyətindən söz açaraq bildirdi ki, bu nəsildən
günümüzə qədər on yeddi hərbçi çıxmış, Tofiq Bakıxanov
kimi düha yetişmişdir.
Konfransda Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad
Məcid, AMEA-nın Hüquq, Fəlsəfə və Sosiologiya
İnstitutunun direktoru İlham Məmmədli çıxış etdilər.
Sonra Abbasqulu Ağa Bakıxanovun nəslinin layiqli varisi
Tofiq Bakıxanovun çıxışı böyük maraqla qarşılandı.
Görkəmli bəstəkar Azərbaycan xalqını Bakıxanovlar
nəslinin adından yubiley münasibətilə təbrik etdi. O,
konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, 1994-cü
ildə Abbasqulu Ağa Bakıxanovun 200 illik yubileyi
münasibətilə ümummilli lider Heydər Əliyevin arzusu ilə
ruhlanaraq onun şeirlərinə iyirmi mahnı , "Rahab"
muğamını yazdım. Bakıxanov irsinin xarici ölkələrdə də
maraqla öyrənilməsini qeyd edən T.Bakıxanov ölkə
Prezidenti İlham Əliyevə yubileylə əlaqədar imzaladığı
sərəncama görə təşəkkürünü bildirdi.
Konfrans Azərbaycan Musiqili Dram Teatrının
aktyorlarının və tanınmış müğənnilərin iştirakı ilə
maraqlı bir proqramla başa çatdı.
Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi" |