Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Ən yaxşı məktəblərimiz

 

Heydər Əliyev adına lisey 

Böyütmək üçün seçinLisey Təhsil Nazirliyinin tabeliyindədir və 2004-cü ildən fəaliyyət göstərir. Hazırda tədris ocağında 59 sinifdə 1672 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 103 nəfər müəllim məşğul olur. Müəllimlərindən 5 nəfəri elmlər namizədi, 5 nəfəri respublikanın əməkdar müəllimi, 1 nəfər isə "Tərəqqi" medallıdır. Bundan başqa, 8 nəfər müəllim "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.

Lisey 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.

Liseyin şagirdləri mütəmadi olaraq  fənn olimpiadalarının respublika turunda uğurla çıxış edirlər. Belə ki, son 4 ildə fənn olimpiadalarının respublika turunda liseyin şagirdlərindən 6 nəfəri I yer, 1 nəfəri II yer, 3 nəfəri III yer və 5 nəfəri isə həvəsləndirici - IV yeri tutub. Şagirdlər beynəlxalq olimpiadalarda uğurlu çıxış edib. Əsmər Əzizova 2005-ci ildə Tacikistanda keçirilən 39-cu Beynəlxalq Mendeleyev olimpiadasının, Zakir Tağızadə isə Bakı şəhərində ilk dəfə keçirilən 40-cı Beynəlxalq Mendeleyev olimpiadasının iştirakçısı olmuş və həmin olimpiadaların xüsusi sertifikatları ilə təltif olunmuşlar. 02-10 dekabr 2009-cu il tarixində Bakı şəhərində təbiət fənləri (fizika, biologiya, kimya) üzrə yeniyetmələrin (15 yaşınadək məktəblilərin) VI Beynəlxalq Elm Olimpiadası keçirilmişdir. Bu bilik yarışında dünyanın 49 ölkəsindən 600-dən çox gənc iştirak etmişdir. Respublikamızı bu yarışda təmsil edən 15 nəfər şagirddən 3 nəfəri liseyin şagirdləri olmuşlar. Həmin şagirdlər olimpiadanın xüsusi sertifikatları ilə təltif olunmuşlar. Təhsil ocağının şagirdləri həmçinin "İNEPO-EUROASİA"  Beynəlxalq "Ətraf Mühitin Mühafizəsi" Layihə Olimpiadasında da uğurla çıxış edir. Belə ki,  şagirdlər bu beynəlxalq olimpiadada müxtəlif layihələr ilə iştirak etmiş və yüksək nəticələr əldə etmişdir. 2008-ci ildə Zakir Tağızadə  həmin olimpiadada II yeri, 2009-cu ildə isə I yeri tutaraq olimpiadanın qızıl medalına layiq görülmüşdür. Bundan başqa, 2010-cu ildə Abbas Ağayev həmin olimpiadada III yeri tutaraq bürünc medalla təltif olunmuşdur. Bu il isə liseyin biologiya müəllimi Nəzakət Məmmədovanın rəhbərliyi ilə olimpiadada iştirak edən iki nəfər VIII sinif şagirdi Qənirə Şirinova və Şücayət Hüseynova "Zamana meydan oxuyan ağac" layihəsi ilə  bürünc medal qazanmışlar.

Liseyin şagirdləri müxtəlif müsabiqə və idman yarışlarında yüksək nəticələr əldə edərək ümummilli lider Heydər Əliyevin adını daşıyan tədris ocağını layiqincə təmsil edir.

TQDK-nın ali və orta ixtisas məktəblərinə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə görə son 6 ildə liseyin məzunlarının ali məktəblərə qəbulu üzrə göstəricisi respublika və Təhsil Nazirliyinə tabe olan liseylər arasında ən yaxşı nəticələrdəndir.  Təsadüfi deyil ki, liseyin məzunlarından 8 nəfəri Prezident təqaüdünə layiq görülüb. Ötən dərs ilində liseyi bitirən məzunlardan 130 nəfər ali məktəbə sənəd vermiş, onlardan 109-u respublikamızın, 1 nəfəri isə xarici ölkənin ali məktəblərinə daxil olmuşlar. Məzunların 34 nəfəri 500-dən yuxarı (bunlardan isə 12 nəfəri 600-dən yuxarı) bal toplamışdır. Ötən il liseyi bitirən məzunların 9 nəfəri xüsusi nümunəli attestat (qızıl medal) almışdır və onların hər biri 600-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə daxil olmuşlar. Liseyin 2007-ci il məzunu Emil Abbasov respublikada ilk dəfə TQDK-nın keçirdiyi qəbul imtahanlarında ölkə üzrə 700 bal toplamış 3 məzundan biri olmuşdur. E.Abbasov Cənubi Koreyada Kyung Hee Universitetində kompüter mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışdır. O, hazırda ABŞ-ın  Nyu-York Universitetində kompüter mühəndisliyi üzrə magistr təhsili alır. Bundan başqa, məzunlardan 7 nəfəri xaricdə təhsil alır.  


Akademik Zərifə Əliyeva adına lisey 

Böyütmək üçün seçinAkademik Zərifə Əliyeva adına lisey çox gənc olmasına baxmayaraq artıq ölkədə  böyük uğurları ilə tanınır.

Bu təhsil müəssisəsi 2008-2009-cu tədris ilində fəaliyyətə 299 nəfəri lX, 51 nəfəri X sinfə qəbul etməklə başlamış,  həmin tədris ilində burada  şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün 27 nəfərdən ibarət pedaqoji kollektiv formalaşdırılmışdır.

Təhsilin təmayüllər üzrə təşkil edildiyi lisey yarandığı vaxtdan həm IX, həm də   XI siniflərin buraxılış imtahanlarının nəticələrinə görə hər il respublikada birincilər sırasında olub.  Qəbulun lX sinifdən aparıldığı bu  təhsil ocağında hazırda 600-ə yaxın şagird təhsil alır. 2008-2013-cü illər ərzində liseyi I ixtisas  qrupu  üzrə 146 nəfər, II ixtisas  qrupu  üzrə 159 nəfər, III ixtisas qrupu üzrə 115 nəfər və IV ixtisas  qrupu  üzrə 80 nəfər bitirib və onların hamısı müxtəlif ali məktəblərə qəbul olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına əsasən, liseyin şagirdlərinin ali məktəblərə qəbul üzrə orta balı  2010-2011, 2011-2012 və 2012-2013-cü tədris illərində müvafiq olaraq 509, 501 və 505 olub.  500 məzundan 5-i  qızıl, 4-ü gümüş medala layiq görülüb, onlardan 113 nəfəri ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb. 2010-2013-cü illər ərzində liseyi bitirən məzunlardan 2 nəfəri Kanada, 9 nəfəri Amerika Birləşmiş Ştatları, 18 nəfəri Türkiyə, 24 nəfəri Avropa, 7 nəfəri isə Rusiyanın ən nüfuzlu universitetlərinə daxil olub.

Liseyin  şagirdləri daim gündəlik təlim prosesində tədris edilən fənləri dərindən öyrənməyə, bilikləri mənimsəməyə çalışır,  öz intellektual səviyyələrini yüksəltməyə can atırlar.  Bununla yanaşı,  onlar müxtəlif bilik yarışlarında, olimpiada və müsabiqələrdə də fəal iştirak edir və bu sınaqlarda ölkə, eləcə də beynəlxalq səviyyədə böyük nailiyyətlər qazanırlar.  2010-cu ildə X sinif şagirdi Lalə Məzahirli Azərbaycan tarixi, 2011-ci ildə isə IX  sinif şagirdi  Ramiz Şaxmalıyev informatika,  X sinif şagirdi Kamran Nəbiyev riyaziyyat fənni  üzrə məktəblilərin fənn olimpiadalarının şəhər turunda  I yerə layiq görülüblər.

Fənn olimpiadalarının respublika turunda 2010-cu ildə X sinif şagirdi Səbinə İsayeva informatika fənni üzrə II,  X sinif şagirdi Əfrus İbrahimova kimya fənni üzrə II,  IX sinif şagirdi Gülşən Əlizadə Azərbaycan dili və ədəbiyyat fənni üzrə III,  2011- ci ildə XI  sinif şagirdi Lalə Əhmədova riyaziyyat fənni üzrə III yerə layiq görülüblər.

Akademik Z.Əliyeva adına liseyin şagirdləri ötən tədris illərində fənn olimpiadaları ilə yanaşı,  "İNEPO-EUROASİA"  və  "İNTEL- İSEF"  kimi nüfuzlu beynəlxalq bilik yarışlarında da öz qüvvələrini sınayaraq müəyyən nailiyyətlər əldə ediblər.

"Sabahın alimləri" II  Respublika müsabiqəsində bu liseyin  qızıl medala layiq görülmüş  X və XI sinif şagirdləri Elnur Əliyev və  Suad Baxşıyev 2013-cü ilin may ayında  ABŞ-ın  Arizona ştatının Finiks şəhərində keçirilən "İNTEL- İSEF" Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edərək sertifikata layiq görülüblər.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Bakı Dövlət Universitetinin nəzdindəki  "Gənc istedadlar"  liseyində və Bakı Slavyan Universitetində keçirilən elmi-praktik konfranslarda da bu təhsil ocağının şagirdləri çox fəal iştirak  edərək uğurlu çıxışları ilə fərqləniblər. Belə nailiyyətlərdən biri kimi IX sinif şagirdi Rafiq Hadıyevin   "Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları işığında"   X Şagird -Tələbə Elmi Konfransında I yeri  tutmasını göstərmək olar.

Hazırda liseydə şagirdlərin təlim-tərbiyəsi ilə  44 müəllim məşğul olur. Qabaqcıl  təcrübəsi ilə seçilən bu pedaqoqlardan 3 nəfəri əməkdar müəllim, 1 nəfəri  fəlsəfə üzrə elmlər doktoru,  2 nəfəri elmlər namizədidir. 8 nəfər SƏn yaxşı müəllim"  müsabiqəsinin qalibidir,   2 nəfər isə  STərəqqiT medalına layiq görülüb. Müəllimlərin çoxu müxtəlif dərsliklərin, dərs vəsaitlərinin müəllifləri olmaqla yanaşı,  həm də dərsliklərin qiymətləndirilməsi üzrə komissiyaların üzvləridir. Akademik Zərifə Əliyeva adına liseydə pedaqoji fəaliyyət göstərən müəllimlər bilik səviyyələrini və peşəkarlıqlarını artırmaq məqsədilə müntəzəm olaraq təlim kurslarında,  treninqlərdə,  təhsil sahəsinin aktual məsələlərinə həsr olunan seminar və elmi konfranslarda iştirak edirlər. 


6 nömrəli məktəb-lisey 

Böyütmək üçün seçin100  ildən çox  tarixi olan  6 nömrəli məktəb-lisey öz ənənələri ilə respublikanın  ən qabaqcıl məktəblərindən biridir.  2008-ci  və 2013-cü illərdə  "Ən yaxşı ümumtəhsil  məktəbi" müsabiqəsinin qalibi olan  məktəbin  kollektivinin hər bir üzvü  bu adın məsuliyyətini dərk edərək  daha əzmlə çalışır,  respublikamızda təhsil islahatlarının uğurla həyata keçirilməsində var qüvvəsini əsirgəmir.

Məktəb-liseydə 3 bölmə üzrə (Azərbaycan, rus, ingilis) təhsil alan 2000-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 128 müəllim məşğul olur. Onlardan 3 nəfəri əməkdar müəllim, 3 nəfəri "Qabaqcıl təhsil işçisi", 1 nəfəri "Tərəqqi" medallı, 3 nəfəri elmlər namizədi, 14 nəfəri isə  "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 

Şagirdlərin "Sabahın alimləri"    Respublika müsabiqəsində I,  fənn olimpiadalarında I, II, III yerlərə, "İNEPO-EUROASİA" beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihəsi Olimpiadasında 3 il gümüş və qızıl medala layiq görülməsi, Ukraynada keçirilən "Məqsəd tələbə" yarışında,  "Ulu öndər Heydər Əliyev şagirdlərin gözü ilə" inşa müsabiqəsində və digər inşa müsabiqələrində  qazandıqları uğurlar bu təhsil ocağında  istedadlı şagirdlərlə  işin düzgün qurulmasından xəbər verir.

Məktəbi bitirən məzunların 99 faizi təhsillərini respublikanın,  eləcə də dünyanın müxtəlif  ali məktəblərində  davam etdirirlər. Təkcə keçən dərs ilində 26 məzun  dünyanın müxtəlif ali məktəblərinə qəbul olunub.

Pedaqoji kollektivdə fənn kurikulumları üzrə təlimçilər,  metodik vəsait, dərslik müəllifləri olan, eləcə də elmi-kütləvi, təşkilati-metodik yazılarla dövri mətbuatda çıxış edənlər də var. Bütün   müəllimlər İKT bacarıqlarına treninqlərə cəlb edilərək yiyələniblər. Məktəbdə fəaliyyət göstərən kurikulum mərkəzinin işini xüsusi qeyd etmək lazımdır. Müəllimlərlə keçirilən seminar və  treninqlərdə yeni təhsil texnologiyaları öyrədilir, müəllimlər qabaqcıl təcrübələri ilə bölüşürlər. Məhz qazanılan təcrübələrin nəticəsində məktəbin  hər bir müəllimi  dərslərini  günün tələbləri səviyyəsində qurur.

Yaradıcı şagirdlərin istedadını üzə çıxarmaq, inkişaf etdirmək məqsədilə məktəbdə  hər ay sınaq imtahanları keçirilir.  Məktəb-liseydə fəaliyyət göstərən Kiçik  Akademiyada şagirdlər müxtəlif elmi işlərə cəlb olunur, tədqiqatlarının nəticələrini yoldaşları ilə bölüşürlər. Məktəb Parlamentinin rolunu da xüsusilə qeyd etmək lazımdır.  Tədbirlərin hazırlanmasında şagird parlamentinin rolu əvəzolunmazdır. Təhsil müəssisəsində keçirilən fənn həftələrinə də şagirdlər xüsusi həvəslə hazırlaşırlar. Müxtəlif viktorinalar, teatr tamaşaları, konfranslar, "dəyirmi masa"lardan sonra yekun tədbiri ilə həftəyə son vurulur, şagirdlərin hazırladıqları divar qəzetləri, bukletlər  nümayiş etdirilir. Görülən bütün işlər məktəbin www.məktəb.az saytında öz əksini tapır.  Məktəb  respublika və beynəlxalq əhəmiyyətli layihələrdə - Azərbaycan Respublikası Təhsil Nazirliyi və "British Council" təşkilatının birgə layihəsi,  "İngilis dilinin intensiv tədrisi", "Elektron məktəb", "AFR-lə əməkdaşlıq çərçivəsində alman dilinin tədrisi layıhəsi", "One to one" və s.  layihələrdə fəal iştirak  ediir.

2012-2013-cü tədris ilindən başlayaraq  respublikada ilk  olaraq dövlət ümumtəhsil məktəbləri arasında  6 nömrəli məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramı (BBP) tətbiq olunur. Tədris ingilis dilində olan Beynəlxalq Bakalavriat Proqramında təhsil (www.ibo.org) bir neçə mərhələyə - PYP (ibtidai siniflər), MYP (V-IX siniflər),  DP  (X-XI siniflər ) bölünür. Bu proqramın qəbul olunması, tədrisə başlanması,  icazə alınması  üçün  müəllimlər müxtəlif  treninqlərdə, beynəlxalq seminarlarda, Work Shoplarda (İsveçrə, İtaliya, Almaniya və Rusiyada)  iştirak etmiş, öz üzərlərində çalışaraq müəyyən təcrübə qazanmışlar.

İbtidai və X-Xl siniflər üzrə proqramın tətbiq olunduğu 6 nömrəli məktəb-liseydə  2014-2015-ci tədris ilindən  etibarən MYP (V-IX siniflər) üzrə də qəbul aparılacaqdır.

Təhsil müəssisəsini bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin məzunlarına verilən sənəd - attestat da təqdim olunur. 11-ci sinfin sonunda  bir dəfə imtahan verməklə topladıqları ballara əsasən  BBP diplomu alan məzunlar seçdikləri ali məktəblərə - dünyanın 130-dan çox ölkəsinin - Oksford, Kembric, Harvard, Yel və s. kimi ən nüfuzlu universitetlərinə imtahansız qəbul olunmaq hüququ qazanırlar. Təhsil müəssisəsində BBP çərçivəsində xaricdən dəvət olunmuş müəllimlər çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP Məktəbləri Assosiasiyasının üzvüdür. Məktəbdə tətbiq olunan kurikulum Milli Kurikuluma inteqrasiya olunub.

Məktəb həmişə öz adlı-sanlı məzunları ilə fəxr edir. Bu məktəbin də adını ucaldan yüzlərlə məzunu var. Qürur hissi ilə qeyd etməliyik ki, respublikamızın Prezidenti İlham Əliyev də  6 nümrəli məktəbin yetirməsidir. Prezidentin təhsil aldığı məktəbdə çalışmağın böyük şərəf, eyni zamanda çox məsuliyyətli olduğunu bu gün 6 nömrəli məktəb-liseydə fəaliyyət göstərən hər bir müəllim yaxşı dərk edir. 


Bakı Avropa Liseyi 

Böyütmək üçün seçinBakı Avropa Liseyi  Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan istedadlı uşaqlar üçün təşkil olunmuş dövlət məktəbidir. Bakı Avropa Liseyi yüksək tədris standartlarına əsaslanan, şəxsiyyətə yönəlmiş və demokratik prinsiplərə əsasən idarə olunan innovativ məktəb kimi yüksək imicə malikdir. Fəaliyyət göstərdiyi 23 il ərzində (1991-2014) Bakı Avropa Liseyinin 22 buraxılışı  olub. Liseyin əsas məqsədi istedadlı uşaqların intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların şəxsiyyətinin yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılmasıdır. Lisey 2002-ci ildən UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin üzvdür. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Yüksək səviyyədə maddi-texniki baza ilə təchiz olunan liseydə elektron giriş sistemi mövcuddur. Artıq 3 ildir ki, qiymətləndirmə yalnız elektron jurnal vasitəsilə həyata keçirilir. Təhsil ocağında şagirdlərin özünüidarəetmə orqanları (Birləşmiş Liseyistlər Təşkilatı, "ICT Masters Organization"), elmi klublar ("Kiçik Elmlər Akademiyası", "Gənc Erudit Klubu"), intellektual klublar ("Breyn-ring" və "Nə? Harada? Nə zaman?", "Debat", "SHK", "Pecha-Kucha"), incəsənət klubları (rəqs, təsviri incəsənət, dram, kino), idman dərnəkləri (basketbol, futbol, şahmat) fəaliyyət göstərir. 2007-ci ildən fəaliyyət göstərən unikal şagird təşkilatı -"Birləşmiş Liseyistlər Təşkilatı" (BLT)   uşaqların şəxsiyyətinin inkişafı üçün sosial şərait yaradır ki , o həm məktəb icmasının vacib ehtiyaclar və maraqlarına nail olmağa, həm də şagirdlərin məsuliyyətini, fəallığını və təşəbbüskarlıq qabiliyyətlərini inkişaf etdirməyə zəmin yaradır. Bu təşkilatda iştirak etməklə şagirdlər liderlik və əməkdaşlıq sahəsində qaydaları öyrənmək və təcrübə toplamaq imkanı əldə edirlər .

Tədris müəssisəsi hər il qəbul imtahanlarında 100%-lik nəticə göstərir. Belə ki, liseyin məzunlarının hər biri yüksək bal toplayaraq ali məktəblərə daxil olurlar. Qeyd edək ki, təhsil ocağı Azərbaycanda ali məktəblərə daxil olanların sayına görə ən yüksək reytinqə malikdir. 2011-2014-cü illər ərzində liseyi bitirən məzunlardan 15 nəfəri qızıl, 2 nəfəri gümüş medalla təltif olunmuşdur.  Liseyin məzunları arasında 1  Prezident təqaüdçüsü var. Məzunlardan ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Rusiya, İsveçrə, İspaniya, Çin, Yaponiya, Dubay, Çexiya, Bolqarıstan, Sinqapurda öz təhsillərini davam etdirənlər var. Xaricdə oxuyan məzunların 20%-i təhsillərini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində alırlar.  Mikayıl Qasımov Harvard, Leyla Əliyeva  Prinston universitetlərinə tam təqaüd almaqla qəbul olan ilk azərbaycanlı gənclərdir. Sevindirici haldır ki, məzunlardan Miçiqan Universitetinin tələbəsi Ceyhun Qafarov və Prinston Universitetinin tələbəsi Leyla Əliyeva Nobellər ailəsi tərəfindən təsis edilmiş "The National Society of High School Scholars" cəmiyyətinə üzv seçilib.

Liseyin şagirdləri mütəmadi olaraq respublika daxilində və beynəlxalq arenada müxtəlif təhsil layihələrində, idman yarışlarında və yaradıcılıq müsabiqələrində  uğurla iştirak edirlər. Belə ki, son 4 il ərzində liseyin şagirdlərindən 20 nəfəri "İNEPO-EUROASİA" Beynəlxalq "Ətraf Mühitin Mühafizəsi" Layihə Olimpiadası, "Sabahın alimləri" və digər beynəlxalq müsabiqə və layihələrdə iştirak edərək qalib adını qazanıblar. Bu il liseyin şagirdləri nüfuzlu beynəlxalq müsabiqələrdən biri olan  "İNTEL İSEF" layihə olimpiadasında Azərbaycanı təmsil edib.

Bakı Avropa Liseyində yüksək  ixtisaslı müəllimlər çalışır. Onlardan elmi dərəcəsi, beynəlxalq sertifikatları olanlar var. Liseyin müəllimlərindən 8 nəfəri  "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, 1 nəfəri "Tərəqqi" medalı ilə təltif edilmiş,  16 nəfər isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Bundan başqa, 17 nəfər müəllim Təhsil Nazirliyi tərəfindən "Qabaqçıl təhsil işçısi" döş nişanı ilə təltif edilmişdir. "Microsoft İnnovative Teacher" layihəsində təhsil müəssisəsinin müəllimləri iki dəfə qalib olaraq Azərbaycanı beynəlxalq səviyyədə  uğurla təmsil edib. Bundan başqa, təkcə 2013-2014-cü illər ərzində 8 dəfə UNESCO-nun "Learning For the Future"  layihəsində öz şagirdləri ilə iştirak edən müəllimlər 3 dəfə bu layihənin qalibi olaraq sertifikat qazanıb.


Bakı Dövlət Universitetinin nəzdində "Gənc istedadlar" liseyi 

Böyütmək üçün seçin2007-ci ildən fəaliyyətə başlayıb. Azərbaycan və rus bölmələrində 518 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 75 nəfər müəllim məşğul olur. Müəllimlərin 1 nəfəri  elmlər doktoru, 21 nəfəri isə elmlər namizədidir.  Bundan başqa, 2 nəfər müəllim isə  "Əməkdar müəllim" fəxri adını daşıyır.

Lisey 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.

Liseyin 5 buraxılışı olub.  2009-cu ildən 2013-cü ilə qədər liseyi bitirən  məzunların hər biri nüfuzlu ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında liseyi bitirən 142 məzundan 76 nəfəri 500-dən, o cümlədən 33 nəfəri 600-dən çox bal toplayıb.  Onların 44 nəfəri BDU-da təhsil alır.

TQDK-nın qəbul imtahanlarındakı nəticələrlə bağlı yaydığı statistik məlumatlara əsasən, lisey məzunların bütün buraxılış illərində topladıqları orta bala və fənlər üzrə düzgün cavabların faizinə görə həmişə qabaqcıllar sırasında olub.  2013-cü ildə liseyin məzunları qəbul imtahanlarında topladıqları orta bala (509) görə Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylər arasında  I yeri  tutub.

Məzunların 3 nəfəri Prezident təqaüdünə, 9 nəfəri qızıl medala layiq görülüb. Liseyi bitirən şagirdlərdən 3 nəfəri Kanadanın Toronto və Vaterloo universitetlərində, 3 nəfəri Rusiyanın, 7 nəfəri isə Türkiyənin nüfuzlu  universitetlərində  təhsil alır.

Təhsil ocağının şagirdləri respublika və beynəlxalq olimpiadalarda, müxtəlif intellekt, bilik və idman yarışlarında bir çox uğurlar əldə edib. Belə ki, fəaliyyəti dövründə liseyin şagirdləri respublika fənn olimpiadasında 10 dəfə I yerə, 9 dəfə isə II və III yerlərə layiq görülüblər.

2011, 2012 və 2013-cü  illərdə kimya fənni üzrə respublika olimpiadasının qalibi olmuş Sona Quluzadə 2012-ci ildə Astana, 2013-cü ildə isə Daşkənd şəhərlərində keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc  medal qazanıb. O, bu uğurlarını 2013-cü ilin iyul ayında Moskvada 78 ölkənin iştirakı ilə keçirilmiş Məktəblilərin Ümumdünya  Kimya Olimpiadasında davam etdirmiş və bürünc medala layiq görülmüşdür. Sona hazırda Türkiyənin Orta Doğu Texniki Universitetində təhsil alır.

Bu il fənn olimpiadasının şəhər turunda Bakı şəhəri üzrə I yerə layiq görülmüş 18 nəfər şagirddən 4 nəfəri "Gənc istedadlar" liseyinin şagirdləridir. Onlar bir tədris ili müddətində təqaüdə layiq görülmüşlər. Bundan başqa, 2014-cü ilin aprel ayında AMEA-nın Fizika İnstitutu ilə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin birgə keçirdiyi olimpiadada "Gənc istedadlar" liseyinin X sinif şagirdi Nuru Nurdil I yeri tutub.

"Ətraf Mühitin Mühafizəsi" Beynəlxalq Layihə Olimpiadasında liseyin şagirdləri 2011-ci ildə III (Fidan Qurbanova və Nicat İsazadə),  2013 və 2014-cü illərdə isə I yerə (qızıl medala)  layiq görülüb (2013-cü ildə İbrahim Abbasov  və Gülər Əliyeva, 2014-cü ildə Barat Orucov və Minəxanım Rəsulova).

2011 və 2012-ci ilin may ayında İstanbul şəhərində keçirilmiş Beynəlxalq Tədqiqatlar layihələri sərgisində Aygül Həsənli mükafatçılar sırasında olaraq kubok və sertifikata layiq görülüb.

Bakı və Sumqayıt məktəbliləri arasında keçirilən "Sabahın alimləri" Respublika müsabiqəsində liseyin şagirdlərindən 2012-ci ildə 5 nəfəri I, 3 nəfəri II, 4 nəfəri III, 2013-cü ildə 5 nəfəri I, 7 nəfəri II, 2014-cü ildə 4 nəfəri I, 3 nəfəri II, 2 nəfəri isə III olub. Birinci mükafata layiq görülən şagirdlərdən Mahirə Səfərəlizadə və Arif Bayramov 2012-ci ildə, Vəfa Tağıyeva, Nuru Nurdil və Mustafa Hacıyev 2013-cü ildə, Ayaz Abuzərov və liseyin direktoru professor Qasım Hüseynov 2014-cü ildə ABŞ-da keçirilən beynəlxalq müsabiqədə  respublikamızı təmsil edib.

2012-ci ildə X sinif şagirdi Nərmin Abbasova ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi olub. 2011-ci ildə Kamil Yusubov, 2013-cü ildə isə Aidə Həbibova adıçəkilən müsabiqədə mükafatçılar sırasında olub.

Liseyin şagirdləri idman yarışlarında da bir sıra uğurlar qazanıblar. Pərizad Quliyeva idmanın akrobatika növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan çempionu, həmçinin 2012-ci il "Dünya kuboku" yarışının gümüş mükafatçısı olub.

Şagirdlərin meyil və maraqları nəzərə alınmaqla liseydə mütəmadi olaraq respublika elmi konfranslar keçirilir. Bundan başqa, liseyin fəaliyyəti dövründə müəllimlərin 25 dərs vəsaiti, 173 elmi və elmi-metodiki məqaləsi, 140 tezisi çap olunub,  3 Azərbaycan patenti alınıb. 

Hazırladılar:
N.RƏHİMOV, H.ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov