Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Bakı Slavyan Universitetində "dəyirmi masa"

 

Böyütmək üçün seçinİyunun 30-da Bakı Slavyan Universitetinin təşkil etdiyi "dəyirmi masa" respublikamızın ali və orta təhsil müəssisələrində rus dilinin tədrisi və öyrədilməsi, eləcə də ən müxtəlif sahə və səviyyələrdə işlədilməsi problemlərinə həsr olunmuşdu.

Respublikanın ali və orta təhsil müəssisələrinin rusist alimlərinin, metodist müəllimlərin, mətbuat nümayəndələrinin iştirakı ilə baş tutan "dəyirmi masa", əsasən iki mühüm məsələni müzakirə edib:  ali və orta məktəblərdə rus dilinin və ədəbiyyatın müasir tələblər baxımından tədrisi, orta məktəblərin ibtidai və V-VI siniflərində fənn kurikulumlarının tətbiqi vəziyyəti, yaradılan dərslik və müəllim üçün vəsaitlərin fənn kurikulumları və standartlara uyğunluğu problemləri;  Azərbaycanda rus dilinin işlənmə dairəsi və mətbuatda yeri məsələsi.

Qoyulan məsələlərin aktuallığını vurğulayan BSU-nun rektoru, professor Asif Hacıyev rus dili və ədəbiyyatının tədrisi, rusistika sahəsində görülən işlərə, yaradılan lüğətlərə, elmi-metodik nəşrlərə  və məlumat kitablarına, Rusiyanın ayrı-ayrı ali məktəbləri ilə əməkdaşlığın perspektivlərinə, rus dilinin xarici dil kimi tədrisi problemlərinə, kurikulum əsasında yaradılacaq yeni dərsliklərin yazılmasında universitet əməkdaşlarının fəal qoşulmasının vacibliyinə diqqəti yönəldib. Rektor rus dilinin tədrisi və öyrədilməsi ilə bağlı "dəyirmi masa"ların universitetdə mütəmadi keçirilməsini təklif edib. Rusiya  Mədəniyyət-Məlumat Mərkəzinin rəhbəri Valentin Denisov son illər ərzində Rusiyanın özündə də rus dilinə dövlət səviyyəsində qayğının artdığını, bu canlanmanın Azərbaycanda fəaliyyət göstərən Rusiya Mədəniyyət-Məlumat Mərkəzinin fəaliyyətində də öz əksini tapdığını söyləyib.

Aparıcı rusist alimlər - BSU-nun nəzdində fəaliyyət göstərən rus dili institutunun rəhbəri, BSU-nun ümumi və rus dilçiliyi kafedrasının müdiri, professor Qalina Udalıx,  Sumqayıt Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Ramazan Məmmədov, BSU-nun kafedra müdirləri, professor Aida Şahbazova, dosent Könül Qasımova ali məktəblərimizdə rus dilinin tədrisi problemlərini qabartmaqla yanaşı, müasir tələblərə  cavab verən, interaktiv rejimdə dilin öyrədilməsini təmin edə biləcək yeni proqram və dərsliklərin yaradılmasını vurğulayıblar.

Orta məktəb müəllimləri - Bakı şəhəri 160 nömrəli klassik gimnaziyanın rus dili müəllimi Bahar Muradlı, BSU Məktəb-Lisey Kompleksinin rus dili müəllimi Rəna Babayeva, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rus dili müəllimi, dosent Tamilla Məhərrəmova təhsil Azərbaycan və rus dilində aparılan məktəblərimizdə rus dili fənn kurikulumlarının tətbiqini, yaradılmış dərsliklərin məzmun və metodiki cəhətdən işlənmə səviyyəsini təhlil ediblər.

"Ədəbiyyat" fənn kurikulumu, V-VII siniflər üçün "Ədəbiyyat" dərsliklərinin və metodiki vəsaitlərin yaradılması prinsipləri, Milli Kurikulum tətbiq olunmayan yuxarı siniflər üçün dərsliklərin yenidən işlənilməsi, bu zaman Təhsil Nazirliyi və TQDK proqramlarının uyğunluğuna diqqət verilməsi kimi məsələlərə toxunan BSU Məktəb-Lisey Kompleksinin direktoru, klassik rus ədəbiyyatı kafedrasının dosenti İlahə Carçıyeva müasir şəraitdə məktəbdə ədəbiyyatın tədrisinin əhəmiyyətini vurğulayıb.

Rusdilli Məktəblər Assosiasiyasının rəhbəri Lyubov Yakunina Azərbaycanın müxtəlif bölgələrində məktəblilər arasında keçirilən rus dili olimpiadalarından, Rusiya və Azərbaycan məktəblilərinin birgə iştirakı ilə reallaşdırılmış maraqlı layihələrdən bəhs edib.

"Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının baş redaktoru, professor Flora Nacıyeva rusdilli mətbuatın problemlərinə toxunub.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bu tipli "dəyirmi masa"larda yeni yaradılan orta və ali məktəb dərsliklərinin aprobasiya və təhlilinin böyük fayda verə biləcəyini vurğulayıb.

"Dəyirmi masa" iştirakçılarına son illər BSU-da rusistika sahəsində nəşr olunmuş kitabların sərgisi də təqdim olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov