İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində
"Məzun günü" keçirilib.Tədbirdə Təhsil Nazirliyinin
nümayəndələri, valideynlər, KİV əməkdaşları və digər
qonaqlar iştirak ediblər.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə
başlayan tədbirdə çıxış edən ADPU-nun rektoru,
professor Yusif Məmmədov məzunlara təbriklərini
çatdırıb, ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına
göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi təhsil
ocağının qazandığı uğurlardan danışıb.
Diqqətə çatdırılıb ki, bu il ADPU-nun 11 fakültə üzrə
əyani şöbəsini 1515, qiyabi şöbəsini isə 8 fakültə üzrə
516 nəfər tələbə bitirib. Bundan əlavə, cari tədris
ilində bu ali məktəbi 19 türkiyəli tələbə də təhsilini
başa vurub. Bütövlükdə isə 2013-2014-cü tədris ilində
universitetin 2031 məzunu olub. Həmçinin bu tədris
ilində universitetin magistraturasının əyani şöbəsini 41
ixtisas üzrə 167, qiyabi şöbəsini 21 ixtisas üzrə 135
magistr də bitirib.
Tədbirdə ADPU-nun biologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirən Şəfiqə Həsənova məzunlar adından
təhsil aldığı ali məktəb rəhbərliyinə minnətdarlığını
bildirib və doğma universitetinin adını hər zaman uca
tutacaqlarına söz verib.
Sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə
diplomlar təqdim olunub.
"Məzun günü" konsert proqramı ilə başa çatıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |