İyulun
1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində
2013-2014-cü tədris ili məzunlarının təntənəli
buraxılış gecəsi keçirilib.
Mərasim başlanmazdan əvvəl rektorluğun, ictimai
təşkilatların, professor-müəllim heyəti və tələbə
fəallarının, habelə nazirlik, komitə, idarə və
müəssisələrin nümayəndələri xalqımızın ümummilli lideri
Heydər Əliyevin universitetin həyətindəki abidəsi önünə
əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Gecəni giriş sözü ilə universiteti bitirmiş məzunlardan
Tural Əliyev və Fidan Babayeva açaraq, tədbir
iştirakçılarını salamladılar.
Tədbirdə çıxış edən universitetin rektoru, Milli
Məclisin deputatı, professor Gülçöhrə Məmmədova qeyd
etdi ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik
olan universitetin həyatında 39-cu belə bir xoş,
əlamətdar gündür ki, məzunlarımızın təntənəli buraxılış
gecəsinə toplaşmışıq. Başa vurduğumuz tədris ilində
universitetin bakalavr və magistr pillələrini 23 ixtisas
üzrə 1193 tələbə bitirib. Onlardan 108 nəfəri xarici
ölkə vətəndaşıdır. Təhsilin bakalavr və magistr
pillələrində 55 nəfər tələbə isə fərqlənmə diplomuna
layiq görülüb.
Rektor çıxışında ölkəmizdə gənclərə göstərilən dövlət
qayğısından, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin
qazandığı uğurlardan, habelə universitetin beynəlxalq
əlaqələrinin ildən-ilə genişlənən rolundan söhbət açıb.
Əlamətdar gün münasibətilə məzunları təbrik edən
Gülçöhrə Məmmədova onlara gələcək karyeralarını
qurmaqda, öz istedad və qabiliyyətləri ilə vətənimizə,
xalqımıza layiqli töhfələr verməkdə uğurlar arzulayıb.
Sonra söz Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq
təhsili və sosial problemlər şöbəsinin müdiri,
universitetin materiallar müqaviməti kafedrasının
müdiri, professor İsmayıl Sadıqova verilib. O, əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli
davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin bu gün
uğurla davam etdirdiyi təhsil islahatlarından danışıb.
Bu sahə ilə bağlı imzalanan sənədlərin əhəmiyyətini
diqqətə çatdırıb.
İsmayıl Sadıqov çıxışının sonunda Azərbaycan Memarlıq və
İnşaat Universitetini sabahın qurucularını hazırlayan
elm-təhsil ocağı kimi dəyərləndirib. Burada ölkəmiz üçün
çox vacib olan ixtisaslar üzrə mütəxəssislərin
hazırlandığını vurğulayıb. Bildirib ki, AMİU-nun builki
məzunları da respublikamızda geniş vüsət alan tikinti,
quruculuq və abadlıq işlərində fəal çalışacaqlar.
Tədbirdə çıxış edən Emin Quliyev, Afət Məmmədzadə məzun
yoldaşları adından ölkəmizdə gənclərin təhsil almaları
üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz dərin
minnətdarlıqlarını bildirib.
Mərasimdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Milli
Məclis Aparatının sosial qanunvericilik şöbəsinin
müdiri, professor Adilə Abasova, "Azəryol Servis"ASC-nin
sədri Cavid Qurbanov, Azərbaycan Memarlar İttifaqı İdarə
Heyətinin sədri Elbəy Qasımzadə və başqaları da çıxış
edərək məzunları təbrik edib, onlara ən xoş arzularını
bildiriblər.
Tədbirdə universiteti əla qiymətlərlə bitirən və bu
təhsil ocağının ictimai həyatında fəallıq göstərən
məzunlara fərqlənmə diplomları, fəxri fərmanlar və
hədiyyələr təqdim olunub.
Məzunların buraxılış gecəsi maraqlı konsert proqramı ilə
davam etdirilib.
Mətbuat xidməti |