Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir.
Onun rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni
zamanda regionda görülən işlərin həcminə görə ən böyük
ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi
ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra
edilmişdir. Bir çox hallarda Fondun təşəbbüsləri bir
qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda dövlət
qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət
proqramına çevrilmişdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
"İstər
UNESCO-nun Xoşməramlı səfiri kimi, istərsə də Heydər
Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu
hiss edirəm... Mən konkret iş görmək, konkret insanlara
kömək etmək istəyirəm. Konkret problemləri həll etmək,
yardım edə bildikdə sevinc hissi keçirmək və səndən
asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə
təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik
qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət
çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə
isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir" -
deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən
inanır, öhdəsinə götürdüyü müstəqil vəzifəni uğurla
yerinə yetirir. Həmişə öz ləyaqətini saxlamağı, özünə və
prinsiplərinə sadiq olmağı həyat devizinə çevirən
Xoşməramlı səfirin qarşısına qoyduğu ən ali məqsəd -
doğma xalqına, Vətəninə xidmət etmək prinsipi onun
çoxşaxəli fəaliyyətinin əsas prioritet istiqaməti kimi
dəyişməz olaraq qalır.
Ümummilli liderin zəngin irsinin qorunub saxlanması,
gələcək nəsillərə çatdırılması kimi müqəddəs bir
vəzifəni mühüm istiqamət kimi götürən Heydər Əliyev
Fondu ölkəmizin ictimai həyatının demək olar ki, bütün
sahələrində fəal iştirak edir. Müasir Azərbaycanın
memarı və qurucusu Heydər Əliyevin adını daşıyan Fond
fəaliyyətə başladığı 10 il ərzində böyük uğurlara imza
atır. Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın özü isə bu uğuru belə xarakterizə edir:
"Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan
xalqının inamını və etimadını qazanmağımızdır. Bu,
əvəzsiz bir mükafatdır".
Azərbaycan dövləti və cəmiyyətinin böyük dəstəyini alan
Mehriban Əliyevanın ədalət və humanizm prinsiplərinə
söykənən səmərəli fəaliyyəti nüfuzlu beynəlxalq
təşkilatların da diqqət mərkəzindədir. Təsadüfi deyildir
ki, bir çox fəxri ad və mükafatlara layiq görülən
Azərbaycanın birinci xanımı 2014-cü ilin "Ən nüfuzlu
qadını" elan olundu. Fransada və ərəb dünyasında
tələbələr, jurnalistlər və internet şəbəkəsi
istifadəçiləri arasında Ərəb Mədəni İrs Mərkəzi və
Misirin "Nefertiti Media Productions" şirkətinin birgə
keçirldiyi sorğunun nəticələri bunu təsdiq etdi.
Mehriban Əliyeva bu ada UNESCO-nun xoşməramlı səfiri
kimi fəaliyyətinə, həmçinin mədəniyyətin təbliği və
beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman,
təhsil, texnologiya və ekologiyanın inkişafı işinə
verdiyi töhfələrə görə layiq görülüb.
Xoş niyyətin ünvanı
"Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək
istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz.
İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım
statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm
ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin".
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
xeyriyyəçilik fəaliyyətində insanın iştirakının
vəzifəsindən və maddi vəziyyətindən asılı olmaması
qənaətini bütün cəmiyyətə açıq şəkildə bəyan etməklə əsl
mərhəmət nümunəsi nümayiş etdirir. Azərbaycanın birinci
xanımının şəxsi təşəbbüskarlığı və böyük səyləri
sayəsində son illərdə ölkəmizdə xeyriyyəçilik institutu
inkişaf etməyə başlayıb.
Şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görməyə
çalışmaq və səxavət kimi keyfiyyətləri xalqımızın ən
mühüm həyati dəyərləri kimi qiymətləndirən Mehriban
Əliyeva İslamın da, digər dünya dinlərin də təbliğ
etdiyi bu mənəvi prinsipləri vacib sayır, ehtiyacı olan
insanlara kömək etməkdən, fiziki yorğunluğunun mənəvi
məmnunluqla ödənilməsindən rahatlıq tapır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu
sahədə çoxcəhətli və səmərəli fəaliyyəti təkcə ölkəmizdə
deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş
ictimai əks-səda doğurub. Xoşməramlı səfir genişmiqyaslı
xeyriyyəçilik fəaliyyətinə görə "Qızıl ürək" mükafatına
və "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun
"Yaqut xaç" ordeninə layiq görülüb.
Valideyn himayəsindən məhrum olmuş uşaqların taleyinin
dövlət orqanlarının fəaliyyəti ilə yanaşı, beynəlxalq
qurumların, qeyri-hökumət, vətəndaş cəmiyyəti
təşkilatlarının, bizim hər birimizin fəallığından asılı
olmasını önə çəkən Heydər Əliyev Fondunun prezidenti bu
problemə biganə qalmamağı ciddi məsələ kimi ortaya
qoyur. Elə bu səbəbdəndir ki, Mehriban Əliyevanın
rəhbərlik etdiyi Fond yarandığı ilk gündən dövlət
müəssisələrində tərbiyə olunan, valideyn himayəsindən
məhrum olmuş uşaqların taleyini daim diqqətdə saxlayır.
Əsas fəaliyyətini əhalinin ən həssas təbəqəsinin, əsasən
- qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin
uşaqlarının, eləcə də uşaq və internat evlərində tərbiyə
olunan uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasına
yönəldən Fond ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara
da qayğını əsirgəmir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilərək Bakıda
2009-cu ildə istifadəyə verilmiş Talassemiya Mərkəzi bu
xəstəliyə düçar olan uşaqların və onların
valideynlərinin ümid yerinə çevrilmişdir. Ötən il Milli
Məclisin deputatı Mehriban Əliyevanın iştirakı ilə
fiziki qüsurlu uşaqlar üçün "Qayğı" reabilitasiya
mərkəzinin açılışı Azərbaycanın birinci xanımının bu
sahəyə diqqət və qayğısının daha bir bariz nümunəsidir.
Təhsilə dəstək
Ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını, gənc
nəslin biliklərə yiyələnməsini, vətəndaşlar üçün bərabər
təhsil imkanlarının yaradılmasını prioritet istiqamət
kimi müəyyənləşdirmiş Heydər Əliyev Fondu bu sahədə bir
sıra proqram və layihələr həyata keçirir. Fondun "Uşaq
evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən
Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri
uğurla icra edilməklə tez bir zamanda yüksək nəticələrə
gətirib çıxardı. Bu təşəbbüslərə dövlət, vətəndaş
cəmiyyəti, özəl sektor tərəfindən böyük dəstək verildi.
Son 10 ildə respublikada ümumilikdə 2 min 700 yeni
məktəb binası tikildi və ya təmir olundu.
Fondun ən iri layihəsi olan "Yeniləşən Azərbaycana yeni
məktəb" proqramı 2005-ci ilin iyun ayında start götürdü.
Təhsilin inkişafına yönələn bu proqram ölkənin bütün
bölgələrində geniş vüsət aldı. 2006-cı il aprelin 6-da
Proqramın ikinci mərhələsinin təqdimatına həsr olunmuş
"dəyirmi masa"da Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva ötən dövrə nəzər saldı: "Bizim
məqsədimiz yeniləşən təhsil sisteminə yardım etmək,
müasir təhsil komplekslərinin yaradılması, ölkəmizin hər
bir yerində, ən ucqar kəndində də məktəbə gedən hər bir
şagird üçün normal, gözəl şərait yaradılması idi.
Bununla yanaşı, biz təhsildə olan problemlərə bütün
cəmiyyətimizin diqqətini cəlb etməklə, bunların həllində
fəal iştiraka dəvət edirdik... Bizi dəstəkləyən,
təşəbbüsümüzə qoşulan insanların və Heydər Əliyev
Fondunun birgə səyləri nəticəsində "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramının ilk mərhələsi çox
böyük uğurla başa çatdı. Ötən il ərzində ölkəmizin 52
rayonunda 132 yeni məktəb inşa olunub istifadəyə
verildi, ən müasir avadanlıqla təmin edildi. 22 mindən
artıq yeni şagird yeri açıldı".
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində mövcud
vəziyyət və bu sahənin inkişaf etdirilməsi Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət
mərkəzindədir. Bu ilin fevralında Azərbaycanın birinci
xanımının rəhbərliyi ilə Fondun məktəbəqədər təhsil
müəssisələrinin inkişafı proqramının təqdimatı oldu.
Təqdimat mərasimində çıxış edən M.Əliyeva Fond
tərəfindən icra edilən digər layihələr kimi, bu
layihənin də uğurlu olacağına, ölkəmizdə sosial
problemlərin həllinə öz köməyini göstərəcəyinə inamını
ifadə etdi.
Həqiqət zəfər çalacaq
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə və
həqiqətin zəfər çalacağına inanan Mehriban Əliyevanın
qarşısına qoyduğu ən mühüm məsələlərdən biri Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. 2012-ci
il oktyabrın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü və
ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə
keçirilən Azərbaycan - Fransa diplomatik əlaqələrinin
qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli
mərasimdə Xoşməramlı səfir ən ağrılı problemlərimizi bir
daha diqqətə çatdırdı: "Dünya birliyi tərəfindən
Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq
Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir
ki, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır.
Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir
milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı
yaşayır. Azərbaycan münaqişənin beynəlxalq hüquq
normaları əsasında tezliklə həllinin tərəfdarıdır.
BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra
olunmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa
edilməlidir".
Azərbaycanın birinci xanımı bu istiqamətdə fəaliyyətini
genişləndirərək erməni millətçilərinin təcavüzü
nəticəsində torpaqlarımızdan didərgin düşmüş
soydaşlarımızın qaçqın və məcburi köçkün düşərgələrində
yaşadıqları şəraitlə tanış olmaq məqsədi ilə Xoşməramlı
səfirləri Bakıya dəvət etdi.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
Azərbaycanın işğal altında olan ərazilərdəki tarix və
mədəniyyət abidələri, onların ermənilər tərəfindən
dağıdılması ilə bağlı məsələləri də ciddi şəkildə ortaya
qoyur. Xoşməramlı səfirlərin illik və Avropa regionu
üzrə toplantılarında M.Əliyeva həmkarlarının diqqətini
bu tarixi ədalətsizliyə qarşı yönəltmişdir: "Erməni
təcavüzkarlarının Azərbaycan torpaqlarının zəbt etdiyi
beşdə bir hissəsində Azərbaycan mədəniyyətinin
korifeyləri Üzeyir Hacıbəyovun və Bülbülün
ev-muzeylərinin, Xocalı - Gədəbəy mədəniyyətinə aid
abidələrin, Azıx mağarasının və s. abidələrin qaldığını
qeyd etmək lazımdır".
Prezident İlham Əliyev Azərbaycanın dünya birliyində
təbliğ edilməsi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin geniş mənada beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində Heydər Əliyev Fondunun rolunu
yüksək qiymətləndirir: "Bu Fond sübut etmişdi ki, əgər
istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət
olarsa, istənilən sahədə istənilən məsələ həll oluna
bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə
xarakterizə etmək mümkündürsə, mən "xoş niyyət"
deyərdim".
Bütün bu deyilənlər, eləcə də aparılan müşahidə və
təhlillər göstərir ki, Mehriban xanım Əliyevanın
fəaliyyəti dövlət maraqlarının müdafiəsində vətəndaş
təəssübkeşliyinə ən parlaq nümunədir.
Sarvan İBRAHİMOV,
"Azərbaycan müəllimi"
Qeyd:
"Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının
139 illiyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim
etmək üçün" |