Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

Azərbaycan Texniki Universitetində elektron təhsil sisteminin açılış mərasimi

 

İyunun 30-da Azərbaycan Texniki Universitetində bu ali təhsil müəssisəsinin və Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə layihəsi olan elektron təhsil sisteminin açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan və Koreya respublikalarının Dövlət himnləri səslənmişdir.

Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov layihənin əhəmiyyətindən danışmışdır.

Bildirmişdir ki, "Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin qurulması" layihəsi KOİCA və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış qrant sazişinə əsasən həyata keçirilmişdir.

Layihənin məqsədi Azərbaycan Texniki Universitetində Koreya Respublikasının ali təhsil müəssisələrində istifadə olunan ən son informasiya-kommunikasiya texnologiyaları əsasında müasir təhsili idarəetmə sisteminin hazırlanmasıdır. Layihə universitetin akademik təhsil, portal, "Groupware", distant təhsil sistemlərini əhatə edir.

Layihədə universitetdə akademik təhsil sisteminin yaradılması, Azərbaycan Texniki Universitetinin rəsmi portalının, elektron sənəd dövriyyəsinin qurulması, distant təhsil üçün kontent nümunələrin təşkili məsələləri öz həllini tapmışdır.

Qeyd olunmuşdur ki, yeni sistemin qurulmasında ən müasir texnologiyalardan istifadə olunmuş, avadanlığın seçilməsinə və quraşdırılmasına xüsusi diqqət yetirilmişdir. Mükəmməl funksiyalara malik cihazlar quraşdırılmış, koreyalı mütəxəssislər, universitetin əməkdaşları üçün təlimlər təşkil edilmişdir.

Layihə çərçivəsində ən vacib məqamlardan biri isə ölkəmizdə ilk dəfə olaraq distant təhsil sisteminin yaradılmasıdır.

Müxtəlif proqramları özündə birləşdirən yeni təhsil kontentləri 2014-2015-ci tədris ilindən tələbələrin istifadəsinə veriləcəkdir. Bu kontentlər texniki universitetin nəzdində fəaliyyət göstərən televiziya studiyasında koreyalı mütəxəssislərin iştirakı ilə universitetin mütəxəssisləri tərəfindən hazırlanmışdır.

Diqqətə çatdırılmışdır ki, yeni layihənin tədrisin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın təmini, tədrisdə yaranan mənfi halların qarşısının alınması, valideynlərin və tələbələrin, tədris prosesinə nəzarət sisteminin sadələşdirilməsi, distant təhsil sisteminin qurulması, təhsilin və ixtisasartırmanın imkanlarının genişləndirilməsi, elektron sənəd dövriyyəsinin, onlayn yazışmanın təsdiqi kimi üstünlükləri vardır.

Tədbirdə ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafına göstərilən dövlət qayğısından da danışılmışdır.

Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn ölkəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlərdən danışmışdır. Qonaq universitetdə tətbiq olunan elektron təhsil sisteminin layihəsinin Azərbaycan təhsilinə öz layiqli töhfəsini verəcəyini demişdir.

Mərasimdə çıxış edən Nazirlər Kabinetinin şöbə müdiri Nail Fətəliyev, Təhsil Nazirliyinin bölmə müdiri Sülhəddin Gözəlov, Azərbaycan Texniki Universitetinin prorektoru, professor Mustafa Babanlı elektron təhsil sisteminin səmərəli və məqsədyönlü istifadə edilməsindən söz açmışlar.

Tədbirdə, həmçinin layihə, eləcə də elektron portal sistemi haqqında geniş məlumat verilmiş, KOİCA-nın layihəsi ilə bağlı film nümayiş etdirilmişdir.

Sonda tədbir iştirakçıları server otağı ilə tanış olmuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov