İyunun
30-da Azərbaycan Dövlət İqtisad Universiteti Elmi
Şurasının 2013-2014-cü tədris ilində sonuncu iclası
keçirilib.
İclas universitetin beynəlxalq fəaliyyətinin müzakirəsi
ilə başlayıb. ADİU-nun beynəlxalq əlaqələrinin
təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər
səsləndirilib.
Universitetin rektoru, professor Ədalət Muradov ali
təhsil ocağının prioritetlərini açıqlayıb. Bildirilib
ki, ADİU-nun ali məktəblərin nüfuzlu beynəlxalq reytinq
cədvəllərində yer alması, təhsillə bağlı beynəlxalq
layihələrdə iştirakı, qrantların qazanılması,
müəllimlərin xarici dil biliklərinin artırılması və
əcnəbi tələbələrin universitetə daha çox cəlb edilməsi
ali təhsil ocağının qarşısına qoyduğu hədəflər
sırasındadır.
Rektor əcnəbi tələbələri universitetə cəlb etmək üçün
yeni tədris ilindən təkliflər hazırlanmasını tapşırıb.
Sonra 2013-2014-cü tədris ilində ADİU-nun Elmi Şurasının
fəaliyyəti müzakirə olunub. Şuranın nəzdində
komissiyaların yaranması qərara alınıb.
Tədbir cari məsələlərin müzakirəsi ilə davam etdirilib.
Elmi Şura üzvləri universitet "Ağsaqqallar şurası"nın
Əsasnaməsini qəbul ediblər. İclasda həmçinin dərs
yükünün bölünməsi məsələsi müzakirə olunub. Kafedra
müdirlərinə tapşırılıb ki, ictimai fəaliyyəti və ya hər
hansı işlərinə görə dərsə gəlməyə imkanı olmayan
müəllimlərə dərs yükü nəzərdə tutulmasın.
H.ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |