İyulun 1-də Təhsil Nazirliyi tərəfindən müəllimlərin
işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb.
Təhsil nazirinin "Ümumi təhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi
barədə" 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmrinə
uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer
çıxarılıb.
Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim
edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236),
Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy
(100) rayonları üzrə müəyyənləşdirilib.
Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki,
kimya (379), biologiya (370), fizika (352), coğrafiya
(335), riyaziyyat (225) fənləri və ibtidai siniflər
(303) üzrə vakansiyalar üstünlük təşkil edir.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron
ərizələrin qəbulu 15 iyul 2014-cü il tarixində saat
18:00-da başa çatacaqdır. 16-19 iyul 2014-cü il
tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir
müsabiqə iştirakçısının "Şəxsi səhifə"sinə imtahanın
vaxtı və yeri barədə məlumat göndəriləcəkdir.
İmtahanlara 21 iyul 2014-cü il tarixindən başlanılması
nəzərdə tutulub. |