Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar
xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil
olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində
2014-cü ilin iyun ayında vətəndaşlara göstərilən
xidmətlərlə bağlı statistika açıqlanıb. Statistikaya
əsasən, Telefon Məlumat Mərkəzinə 6965 zəng (2013-cü
ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox),
Kommutator Xidmətinə isə 3250-yə yaxın zəng daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə 4657 vətəndaşa
xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və
Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 11622
müraciətin 9245-i (müraciətlərin əksəriyyəti sorğu
xarakterli olub) dərhal cavablandırılıb və operativ həll
edilib. 1037 vətəndaş sorğularına uyğun olaraq, elektron
qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin
qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1328
sənəd (509 ərizə, 626 məktub, 193 digər sənəd) qəbul
olunub və qeydiyyata alınıb. Vətəndaşların şikayət
xarakterli 12 müraciəti isə xüsusi proqram vasitəsilə
qeydiyyata alınıb və araşdırılması üçün nazirliyin
müvafiq struktur bölmələrinə yönləndirilib. Daxil olan
müraciətlərdə daha çox müəllimlərin yerdəyişməsi,
müəllimlərin sınaq qiymətləndirilməsi, təhsil
sənədlərinin alınması, diplomların tanınması, ali və
ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək
ki, ötən ay Telefon Məlumat Mərkəzinə ən çox həftənin
bazar ertəsi (2205 zəng) və cümə (1415 zəng) günləri,
əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək
müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən
çox həftənin bazar ertəsi (1132 müraciət) və çərşənbə
axşamı (1064 müraciət) günləri, əsasən, saat 10:00-dan
12:30-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
www.edu.gov.az |