Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 İyul 2014 - №25

 

"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin ilkin nəticələri,
təhsil sistemində FARABI layihəsinin tətbiqi vəziyyəti və perspektivlər" mövzusunda təqdimat

 

Böyütmək üçün seçinİyunun 27-də "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin ilkin nəticələri, təhsil sistemində FARABI layihəsinin tətbiqi vəziyyəti və perspektivlər" mövzusunda təqdimat mərasimi keçirilib.

Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, adambaşına maliyyələşməyə keçid, ali məktəblərin maliyyə-təsərrüfat fəaliyyətinin optimallaşdırılması yollarını müzakirə etməkdən ibarət olub.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, ali məktəblərin rektorları və digər qonaqlar iştirak ediblər.

Maliyyə naziri Samir Şərifov informasiya texnologiyalarının təhsil sektorunun idarəolunması sisteminə inteqrasiyasının mütərəqqi hal olduğunu qeyd edərək bildirib ki, yeni sistem ali təhsil müəssisələrinin gəlirlərinin artırılması imkanlarına daha səmərəli yanaşmağı, səmərəli büdcə planlanması sisteminə keçidi təmin edəcəkdir. Bu baxımdan ali təhsil müəssisələrində maliyyə mühasibatlıq sisteminin yeni tələblər səviyyəsində qurulması, professor-müəllim heyətinə keyfiyyət əmsalına görə ödənişlərin edilməsi, tələbə təqaüdlərinin təhsildə uğurlu nəticələrə görə hesablanması vacib amillərdəndir.

Təhsil naziri Mikayıl Cabbarov ölkəmizin ali təhsil sistemində yeni maliyyələşdirmə sisteminin tətbiq olunduğunu və bunun da yeni maliyyə idarəetmə mexanizmini formalaşdırdığını qeyd edib. Bu da ali təhsil müəssisələrində korporativ idarəetməni, kafedraların optimallaşdırılmasını, universitetlərin hüquqi statusunun çevik təşkilini, bununla da əlavə vəsaitlərin cəlb olunma imkanlarını və təhsilverənlərin işinin keyfiyyət əmsalı ilə dəyərləndirilməsini tələb edir.

Nazir yeni təqdim olunan FARABI sisteminin ali təhsil müəssisələrinin maliyyə və mühasibat hesabatlılığını milli və beynəlxalq standartlar səviyyəsində tam şəkildə avtomatlaşdırmağa, maliyyə-idarəetmə imkanlarını genişləndirməyə, eləcə də insan resurslarının idarəolunmasında bir sıra əlavə modulların tətbiqinə imkan  verəcəyini bildirib.

Ali təhsil müəssisələrinin yeni maliyyə mənbələrinin axtarışı, maliyyə səmərəliliyinin artırılması mövzusunda Təhsil Nazirliyinin sektor müdiri Emin Əmrullayevin və Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının təqdimatları maraqla qarşılanıb.

SİNAM şirkətinin rəhbəri Elçin Əliyev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı FARABI layihəsinin təqdimatını  edib.

Sonra çıxışlar ətrafında müzakirələr aparılıb, ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri qeyd olunan məsələlər haqqında fikirlərini bildiriblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov