1. Ümumi müddəalar
1.1. Tələbə Elmi Cəmiyyəti (bundan sonra - TEC) elmi
tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən
ali təhsil pilləsinin bakalavriat və magistratura
səviyyələrində, tibb təhsili sahəsində isə ali tibb
təhsili müəssisələrində və rezidenturada təhsil alan
tələbələrin könüllü ictimai təşkilatıdır.
1.2. TEC ali təhsil müəssisəsinin
rəhbərliyinə tabedir və müəssisənin Elmi Şurası
qarşısında hesabat verir.
1.3. TEC öz fəaliyyətində elm və təhsil
sahəsində müvafiq normativ-hüquqi aktları, "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununu, "Ali
təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat
işinin təşkili haqqında Əsasnamə"ni, ali təhsil
müəssisəsinin Nizamnaməsini və bu Nümunəvi Əsasnaməni
rəhbər tutur.
1.4. Bu Nümunəvi Əsasnamə hər bir ali təhsil
müəssisəsində fəaliyyət göstərən TEC üçün fərdi
əsasnamənin hazırlanmasında əsas hesab olunur.
2. TEC-in məqsəd və
vəzifələri
2.1. TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin
hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə
yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata
keçirilməsi, elmi-texniki potensialın qorunub
saxlanılması və təhsilalanların elmi tədqiqat
fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə
uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə
kömək etməkdən ibarətdir.
2.2. TEC-in vəzifələri aşağıdakılardır:
2.2.1. tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb
edilməsi və bu fəaliyyətin təşkil olunması;
2.2.2. elm, təhsil və təcrübənin vəhdəti prinsipinə
əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın
müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara
və fundamental tədqiqatların aparılmasına gənclərin
marağının artırılmasına köməklik göstərilməsi;
2.2.3. tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi
metodların öyrənilməsinə motivasiyanın yaradılması,
tədris materiallarının dərindən və yaradıcı şəkildə
mənimsənilməsinə köməklik göstərilməsi;
2.2.4. tədqiqatçılıq fəaliyyətinin köməyi ilə
tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin
formalaşdırılması;
2.2.5. tələbələrə elmi-texniki və iqtisadi məsələlərin
müstəqil həlli yollarının üsul və vasitələrinin
öyrədilməsi;
2.2.6. istedadlı gənclərin məqsədyönlü şəkildə elmi
tədqiqat və elmi-təşkilati işinə, yüksək
texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
2.2.7. elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün
perspektivli gənclərin seçilməsi və onların
tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
2.2.8. digər ali təhsil müəssisələrinin TEC-ləri ilə
əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat
işinin təşkilinə dair mütərəqqi müasir forma və
metodların tələbələrin elmi tədqiqat işinə (bundan sonra
-TETİ) tətbiq edilməsi;
2.2.9. müxtəlif səviyyəli tədbirlərin - elmi seminar və
konfranslar, tələbə elmi işlərinə, habelə kurs,
buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri,
müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya
klubları, simpoziumlar, tanınmış alimlərin seminar və
mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili
və keçirilməsində tələbələrin iştirakının təmin
edilməsi;
2.2. 10. tələbələrin elmi tədqiqat işlərinin nəşrə
hazırlanması;
2.2.11. innovasiya biznesi və sahibkarlıq vərdişlərinin
formalaşması məqsədilə tələbələrin innovasiya
fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
2.2.12. tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya
inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o
cümlədən ödənişli) cəlb edilməsi;
2.2.13. ali məktəbdaxili və ali məktəbdənkənar elmi
tədbirlər haqqında məlumatların toplanılması, yayılması
və ali təhsil müəssisəsinin internet səhifəsində
yerləşdirilməsinin təşkil edilməsi.
3. TEC-in strukturu
3.1. TEC-in strukturu, üzvlük qaydaları və ayrı-ayrı
struktur vahidlərinin formalaşdırılması prinsipi,
fəaliyyətinin konkret şərtləri "Ali təhsil müəssisəsində
təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında
Əsasnamə"yə, habelə ali təhsil müəssisəsinin
Nizamnaməsinə uyğun olaraq müəyyən edilir.
3.2. TEC-in strukturuna aşağıdakılar daxildir:
- kafedra nəzdində fəaliyyət göstərən tələbə elmi
dərnəkləri;
- elmi dərnəkləri profil üzrə birləşdirən gənc alimlər
birliyi (bölmələri);
- hər kursda (potokda) təhsilalanların elmi işinə
cavabdeh olan TEC-in kurs (potok) bölmələri;
- TEC-in fakültə bölmələri.
3.3. Tələbələrin və gənc alimlərin elmi fəaliyyətini
birləşdirmək və əlaqələndirmək məqsədi ilə ali təhsil
müəssisəsində yaradıcılıq birlikləri təşkil oluna
bilər.
4. TEC-in işinin təşkili
4.1. Ali təhsil müəssisəsinin TEC-nin ali orqanı TEC-in
konfransıdır. TEC-in yaradılması və yenidən təşkili TEC
konfransının qərarı əsasında həyata keçirilir.
Konfranslararası müddətdə TEC-in fəaliyyətinə rəhbərlik
konfransda seçilən TEC-in Şurası tərəfindən həyata
keçirilir.
4.2. TEC-in konfransı ildə bir dəfə TEC-in iş planına
uyğun olaraq çağırılır. TEC-in konfransı TEC-in
üzvlərinin yarıdan çoxunun konfransın işində iştirak
etdiyi halda səlahiyyətli hesab edilir. TEC-in Şurasının
və ya TEC-in üzvlərinin 50 faizinin qərarı əsasında
konfrans növbədənkənar çağırıla bilər.
4.3. TEC-in konfransının qərarları gizli və ya açıq
səsvermə yolu ilə iştirakçıların səs çoxluğu ilə qəbul
edilir.
4.4. Ali təhsil müəssisəsi TEC-nin Əsasnaməsinin qəbul
edilməsi, Əsasnaməyə dəyişikliklər və əlavələrin daxil
edilməsi, TEC-in Şura üzvlərinin seçilməsi, TEC-in
fəaliyyət planı və proqramlarının təsdiq edilməsi TEC-in
konfransının müstəsna hüquqlarına aiddir.
4.5. TEC-in Şurası TEC-in idarə olunmasını həyata
keçirən və seçkilərarası daimi fəaliyyət göstərən
kollegial orqandır. TEC-in Şurası, tərkibinə 11-21 nəfər
daxil olmaqla birillik müddətə seçilir və tələbələrin
elmi tədqiqat işinin təşkili ilə əlaqədar ali təhsil
müəssisəsinin qarşısında duran məsələlərin yerinə
yetirilməsini təşkil edir, səlahiyyətləri çərçivəsində
bütün işlərin gedişinə nəzarəti həyata keçirir, TEC-in
işini planlaşdırır və əlaqələndirir.
4.6. TEC-in Şurasına təhsil, elmi tədqiqat və
elmi-təşkilati işlərdə aktiv fəaliyyəti ilə fərqlənən
gənclər və müəllimlər seçilir.
4.7. TEC-in Şurasının sədri Şuranın birinci iclasında
onun üzvləri sırasından seçilir və ali təhsil
müəssisəsinin TEC-nin fəaliyyətinə növbəti konfransa
qədər rəhbərlik edir. TEC-in Şurasının sədri ali təhsil
müəssisəsinin Elmi Şurasının tərkibinə daxil edilir.
4.8. TEC-in Şurasının sədri TEC-in Şurasının
qərarlarının yerinə yetirilməsini təşkil edir və onlara
nəzarəti həyata keçirir, ali təhsil müəssisəsinin Elmi
Şurasının qarşısında cari tədris ilində TEC-in
fəaliyyəti haqqında hesabatla çıxış edir və TEC-i digər
müəssisələrdə etibarnaməsiz təmsil edir.
4.9. TEC-in Şurası tədris ilinin yekunlarına görə elmi
tədqiqat işində yüksək nəticələr əldə etmiş tələbələrin
rəğbətləndirilməsi barədə rektor qarşısında vəsatət
qaldıra bilər.
4.10. TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin illik
tədbirlər planı və özünün iş planı əsasında həyata
keçirilir.
4.11. Tədris proqramlarına və elmi tədqiqat işlərinə
qoyulan tələblərə cavab verən kurs və buraxılış işləri,
yaxud TEC-in iş planına uyğun olaraq dərsdənkənar vaxtda
yerinə yetirilən tələbə elmi tədqiqat işləri (məqalə,
məruzə, tezis) müxtəlif müsabiqələrə və konfranslara
təqdim oluna bilər.
4.12. Ali təhsil müəssisəsinin Elmi Şurasının
tapşırığına əsasən TEC-in və onun struktur bölmələrinin
elmi fəaliyyətini professor-müəllim heyəti sırasından
seçilmiş və rektorun əmri ilə təyin edilmiş TEC-in elmi
rəhbəri əlaqələndirir.
4.13. TEC-in fəaliyyətinə tələbələrin elmi rəhbəri və ya
məsləhətçisi olan müəllimlər və elmi işçilər cəlb
edilir.
4.14. TEC-in üzvlərinin fəaliyyəti kafedra və
fakültələrdə yaradılan TEC-in struktur bölmələrində
professor-müəllim heyətinin tərkibindən seçilmiş elmi
rəhbərin rəhbərliyi ilə həyata keçirilir.
4.15. TEC-in fəaliyyətinin nəticələri hər il TEC-in
konfransında təhlil olunur və ali təhsil müəssisəsinin
Elmi Şurasının iclasında müzakirə edilir.
4.16. TEC-in qarşısında duran məsələlərin vaxtında və
yüksək səviyyədə yerinə yetirilməsinə TEC-in Şurasının
sədri və elmi rəhbəri məsuliyyət daşıyırlar.
5. TEC-ə üzvlük qaydaları, TEC-in üzvlərinin hüquq və
vəzifələri
5.1. Tədris planını müvəffəqiyyətlə yerinə yetirən və
fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr TEC-in
üzvü ola bilərlər.
5.2. TEC-ə yeni üzvlərin qəbul edilməsi
tələbələrin elmi işinə rəhbərlik edən bir müəllimin
(elmi dərnəyin və ya gənc alimlər birliyinin rəhbərinin)
rəyi əsasında TEC-in Şurası tərəfindən həyata keçirilir.
5.3. TEC-in üzvlərinin hüquqları aşağıdakılardır:
- TEC tərəfindən keçirilən bütün tədbirlərdə iştirak
etmək;
- TEC-in orqanlarının formalaşmasında, konfranslarının
işində iştirak etmək;
- TEC-in və onun struktur bölmələrinin fəaliyyətinə dair
rəy və təkliflərini bildirmək;
- TEC-in fəaliyyətinə dair informasiya əldə etmək;
- TEC-in Şurasına seçmək və seçilmək;
- yerli və beynəlxalq qrant proqramlarında iştirak
etmək;
- TEC-ə üzvlüyünü öz xahişi ilə dayandırmaq.
5.4. TEC-in üzvlərinin vəzifələri aşağıdakılardır:
- təhsil aldığı ali təhsil müəssisəsinin Nizamnaməsinin
və "Ali təhsil müəssisəsində təhsilalanların elmi
tədqiqat işinin təşkili haqqında Əsasnamə"nin
tələblərinə riayət etmək;
- elmi tədqiqat işinin aparılmasında və tədqiqat
metodlarının öyrənilməsində fəallıq göstərmək;
- TEC-in fəaliyyətində və keçirdiyi tədbirlərdə iştirak
etmək;
- TEC-in rəhbər orqanları tərəfindən qəbul olunan
qərarları yerinə yetirmək;
- təhsil aldığı ali təhsil müəssisəsinin nüfuzunu
yüksəltmək.
6. TEC-in ali təhsil müəssisəsinin digər struktur
bölmələri ilə qarşılıqlı əlaqələri
6.1. Ali təhsil müəssisəsinin TEC-i:
6.1.1. Elmi Şuranın elmi katibindən Elmi Şuranın
iclaslarında müzakirəyə çıxarılacaq sənədlərin
təqdimolunma tarixi haqqında məlumat alır;
6.1.2. elmi hissədən və ya elmi-təşkilati şöbədən həmin
müəssisədə və digər təşkilatlarda keçiriləcək elmi
tədbirlər haqqında məlumat, elmi tədbirlərin keçirilməsi
və kargüzarlığın aparılmasına dair metodiki göstəriş və
təlimatlar alır; elmi hissəyə (şöbəyə) TEC-in elmi
işləri və tədbirlərinin illik tematik planını, habelə
keçirilmiş tədbirlərin nəticələri haqqında hesabatı
təqdim edir;
6.1.3. maliyyə xərcləri tələb olunan TEC-in illik
tematik tədbirlər planını və ona uyğun xərclər smetasını
mühasibatlığa təqdim edir;
6.1.4. informasiya-analitik şöbədən elmi-informasiya
proqramları haqqında məlumatlar alır; digər təşkilatlar
tərəfindən keçirilən elmi tədbirlərdə və müsabiqələrdə
TEC-in iştirakı haqqında məlumat təqdim edir;
6.1.5. TEC-in iş planı barədə Tələbə Şurasını
məlumatlandırır; elm və təhsil məsələlərinə dair birgə
ictimai aksiyalarda iştirak edir;
6.1.6. fakültə Elmi şuralarından və dekanlıqlardan elmi
tədqiqat proqramlarında iştirak haqqında təklif, elmi
tədbirlərin planlarını və TEC-in fəaliyyətinə dair
qərarları əldə edir; həmin strukturlara TEC-in tədbirlər
planını, mükafatlandırmaya təqdim olunan tələbələrin
siyahısını, fakültə TEC üzvlərinin elmi işi haqqında
hesabatı təqdim edir;
6.1.7. kafedra və elmi tədqiqat laboratoriyalarından
TEC-in elmi tədqiqat proqramlarında, elmi tədqiqat
işlərinin planının formalaşdırılmasında iştirakına dair
təkliflər alır; həmin strukturlara tələbə elmi
dərnəklərinin (gənc alimlər birliyinin) iş planını
təqdim edir;
6.1.8. ali məktəbdənkənar təşkilat və müəssisələrdən
informasiya və metodiki materiallar əldə edir; öz
fəaliyyəti haqqında informasiya və reklam xarakterli
materialları təqdim edir.
7. TEC-in fəaliyyətinin maliyyələşdirilməsi və
təhsilalanların elmi tədqiqat işinin maddi-texniki
bazası
7.1. TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin
Nizamnaməsinə uyğun olaraq müəyyən edilən müxtəlif büdcə
və büdcədənkənar maliyyə mənbələrindən
maliyyələşdirilir.
7.2. Elmi tədqiqat işlərində iştirak edən tələbələr ali
təhsil müəssisəsinin kafedralarının, elmi tədqiqat
institut, mərkəz və laboratoriyalarının
avadanlıqlarından istifadə edirlər. Tələbə elmi
tədqiqat və layihə-konstruktor işləri üçün tələb olunan
lazımi maliyyə xərcləri (avadanlıq, enerji, kimyəvi
maddələr, materiallar və s.) ali təhsil müəssisəsinin
büdcə və büdcədənkənar vəsaitləri hesabına ödənilir.
7.3. Tələbələrin elmi tədqiqat işlərinə ayrılmış
vəsaitlərə nəzarət rektorluq tərəfindən həyata
keçirilir.
7.4. Ali təhsil müəssisəsi tələbələrin elmi fəaliyyətini
stimullaşdırmaq məqsədi ilə tələbə elmi tədqiqat
layihələrinin yerinə yetirilməsi üçün qrant müsabiqələri
təşkil edə bilər. Müsabiqənin keçirilməsi və
maliyyələşdirilməsi müvafiq əsasnamə ilə (ali təhsil
müəssisəsinin daxili imkanları, nazirlik tərəfindən
ayrılmış vəsait və büdcədənkənar vəsait hesabına)
tənzimlənir.
8. TEC-in kargüzarlığı
8.1. TEC-in kargüzarlıq fəaliyyətinə onun işinin
məzmununa uyğun olan sənədləşmələrin aparılması
daxildir. Bu sənədlər aşağıdakılar ola bilər: müvafiq
normativ-hüquqi aktlar, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin və ali təhsil müəssisəsinin rektorunun
tələbə elmi işinə dair əmr və sərəncamları, ali təhsil
müəssisəsinin TEC-nin Əsasnaməsi, TEC-in illik iş planı
və hesabatı, TEC-in iclaslarının protokolları, tələbə
elmi konfranslarının sənədləri və materialları (hazırlıq
planı, məruzələrin tezisləri, iclas protokolları,
konfransın nəşr olunmuş materialları və s.) ən yaxşı
tələbə elmi tədqiqat işi, qrant və s. müsabiqələrin
keçirilməsi haqqında sənədlər və fotoşəkillər (işlərin
siyahısı, annotasiyalar, rəylər, qərar, mükafatlandırma
və s.), TEC-in üzvləri haqqında məlumat bazası,
respublika təşkilatları və digər ali təhsil müəssisələri
ilə yazışmalar və s.
8.2. TEC-in kargüzarlıq sənədləri 10 il müddətində
saxlanılır. |