UNESCO-nun "Günəşin şüası" layihəsi çərçivəsində
rəssamlığa həvəs göstərən uşaqlardan ibarət rəsm dərnəyi
yaradılıb.
Parisdəki "Azərbaycan evi"nin təşkilatçılığı ilə yaranan
bu dərnəyə əməkdar rəssam Əsmər Nərimanbəyov rəhbərlik
edir. UNESCO-nun nəzdində fəaliyyət göstərən "Uşaq
klubu"nun təşəbbüsü ilə reallaşan dərnəyin növbəti
məşğələsi ekologiya mövzusuna həsr olunub. Uşaqlarda
ətraf mühiti qorumaq, təbiəti sevmək kimi keyfiyyətləri
aşılayan bu layihə may ayında Bakıda "Qalereya 1969" və
Müasir İncəsənət Klubunun iştirakı ilə keçirilən
tədbirin bir növ davamıdır. Dərnəyin məşğələsində
azərbaycanlı uşaqlarla birlikdə fransızlar da yaxından
iştirak edərək təbiətlə necə davrandıqlarını ağ vərəqlər
üzərinə köçürüblər. Balaca Ümid və Səma Mogodamların,
Sitarə və Səbinə Babayeva bacılarının, Lenny Bayiha və
Linda Toubie Nguninin çəkdikləri rəsmlərdə daha çox
günəş, çəmənlik, yaşıl və çiçəkləyən ağaclar təsvir
olunub.
Məşğələ zamanı Əsmər Nərimanbəyova, "Azərbaycan evi"nin
sədrinin mədəniyyət məsələləri üzrə müavini, rəssam
Mehri Mogodam və sədr müavini Jalə Orucova rəng
seçimində balacalara köməklik göstəriblər. "Mədəniyyət
evi"ndən bildiriblər ki, iyunun sonunda UNESCO-da
onların və Bakıda yaşayan balaca rəssamların rəsm
əsərlərindən ibarət sərgi təşkil ediləcək.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |