Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

AMİ-nin Mingəçevir filialında "Açıq qapı - valideyn günü" keçirildi

 

Ümummilli lider  Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanına  əsasən fəaliyyətə başlayan  Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının yaradılmasından 14 il ötür. Qısa müddət keçməsinə baxmayaraq, bu təhsil ocağı inkişaf edən Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutaraq regionda elm, təhsil və mədəniyyət mərkəzi rolunu oynayır. Fəaliyyət istiqamətində ilkin pedaqoji kadr hazırlığını və diplomdansonrakı təhsil pillələrini (təkmilləşdirmə, ixtisasartırma və yenidənhazırlanma) özündə birləşdirən AMİ-nin Mingəçevir filialında təhsil səviyyəsinin yüksəldilməsində konkret tədbirlər həyata keçirilir, maddi-texniki bazanın gücləndirilməsində müvafiq işlər görülür.

Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya etməsi, ali təhsilin Boloniya prosesinə uyğun olaraq kredit sistemi ilə təşkili hər bir ali məktəb qarşısında müəyyən tələblər qoyur və yeni yanaşma  tələb edir. Artıq 7 ildir ki,  filialda  tələbələr kredit sistemi əsasında təhsil alırlar. Ümumilikdə filialda 5 ixtisas üzrə  620 nəfər tələbə təhsil alır. Onlardan 541 nəfəri əyani şöbədə, 79 nəfəri isə qiyabi şöbədə.

Hazırda ölkəmizin bütün ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasının qızğın çağıdır. İmtahan sessiyası hər bir ali məktəbin  tədris vəziyyətinin və onun fəaliyyətinin keyfiyyət göstəricisidir. İmtahanların şəffaf və obyektiv keçirilməsi ali məktəb qarşısında qoyulan ən mühüm tələblərdən biridir. Hörmətli  təhsil naziri cənab Mikayıl Cabbarovun 8 may 2014-cü il tarixli 558 nömrəli əmrinə əsasən, 2013/2014-cü tədris ilinin yay semestrinin təşkili və keçirilməsi üçün bütün ali məktəblərdə  imtahan qərargahı yaradılmışdır. İmtahan qərargahının yaradılmasında əsas məqsəd imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdən ibarətdir. Təhsil nazirinin müvafiq əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə AMİ-nin Mingəçevir filialında da imtahan qərargahı yaradılmışdır. Eləcə də Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyinin əmrinə əsasən imtahan sessiyasının təşkili və gedişi ilə tanış olmaq üçün valideynlərə lazımi şərait yaradılmışdır.

24 iyun 2014-cü il tarixində filialda "Açıq qapı - valideyn  günü" keçirilmişdir. İmtahanların gedişini izləmək üçün valideynlər, mətbuat  və ictimaiyyət nümayəndələri filiala  dəvət olunmuşdular. Qonaqlar  imtahanları  başlanandan sona kimi müşahidə etmişlər. İmtahan auditoriyalarında olan qonaqlar tələbələrin  imtahanları necə yazılı cavab vermələrinin canlı şahidi olmuşlar. Təhsil alan tələbələrin əsasən Mingəçevir şəhərini əhatə edən  regionda  yaşaması (620 tələbədən 400-dən çoxu Mingəçevir, Yevlax, Bərdə, Ağdaş, Göyçay, Ağdam, Tərtər, Oğuz, Ucar ) çoxlu sayda valideynin tədbirdə iştirak etməsinə imkan vermişdir.

Valideynlərin dediklərindən:

Bayram Yusifov -"Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə IV kurs tələbəsi Səbirə Yusifovanın valideyni:

- Ulu öndər Heydər Əliyevin regionda təhsilin inkişafı məqsədilə yaratdığı bu ali məktəb ocağı  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  regionlara göstərdiyi qayğının  sayəsində ildən-ilə inkişaf edir. Hər il  maddi-texniki bazanın güclənməsini hiss edirik. Övladlarımızın oxuması üçün hər cür şərait var. Bu,  biz valideynləri çox sevindirir və  bunun üçün cənab Prezidentimizə təşəkkür edirik.

Elçin Əliyev - "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə II kurs tələbəsi Jalə Əliyevanın valideyni:

- Biz, tələbələrin biletləri çəkmələrindən tutmuş cavab vərəqələrinin kodlaşmasını, hətta müəllimlərin imtahan cavablarını yoxlamalarını da müşahidə etdik. Hər bir şey gözümüzün qarşısında icra olunur. Şəffaf və obyektiv. Burada tələbələrin oxuması üçün hər cür şərait yaradılıb. Bir valideyn kimi mən cənab təhsil naziri Mikayıl Cabbarova minnətdarlıq etmək istəyirəm. Çünki  onun təhsil sisteminə gətirdiyi bir çox yeniliklərlə yanaşı, ən mühüm töhfələrdən biri  demokratik ab-havadır.

Nəriman Abbasov - "Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə II kurs tələbəsi Şirinnaz Abbasovanın valideyni:

- Mən şəxsən imtahanların obyektiv və şəffaf  keçirilməsinin təkcə indi deyil, qış imtahan sessiyasında da şahidi olmuşam. Qızımın həmin imtahan sessiyasından kredit borcu olsa da, mənim heç bir narazılığım yoxdur. Çünki  burada hər şey tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə yönəlib. Tələbələrdən ancaq bir şey tələb olunur - oxumaq.

Tələbələr imtahanın gedişindən razı görünürdülər.

Ç.Məmmədov - "İbtidai sinif  müəllimliyi" ixtisası  üzrə III kurs tələbəsi:

- İmtahanların  gedişindən razıyıq. Tələbələr  biliklərinin obyektiv qiymətləndirildiyini gördükdə növbəti imtahana daha həvəslə hazırlaşırlar. Həyatımızın hər yerində olduğu kimi, təhsildə də demokratik mühitin günü-gündən güclənməsini hiss edirik.

   İmtahandan  aldığı qiymətlə razılaşmayan tələbələr filial üzrə yaradılmış münaqişə komissiyasına, həmçinin  imtahan gərargahına müraciət edirlər.

İlham Səlimov - Münaqişə komissiyasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru:

- Artıq imtahan sessiyasının yarısı  geridə qalıb. Ötən illərlə müqayisədə komissiyaya müraciət edən tələbələrin sayı azdır. Bunun bir neçə səbəbi var. Birincisi, tələbələrin  imtahan cavablarının obyektiv yoxlanmasına heç bir şübhə yeri yoxdur. İkincisi, tələbələrimizin imtahan nəticələri yüksəkdir. Hər iki səbəb münaqişəli vəziyyətin bu gün olmadığını  şərtləndirir. Müraciət edənlərin imtahan cavabları fənn müəllimi və digər bir mütəxəssis tərəfindən yenidən yoxlanılır və komissiyanın ümumi rəyi əsasında ya qiymət olduğu kimi saxlanılır, ya da yenidən qiymətləndirilir.

Həyata keçirilən bütün tədbirlərin mərkəzində bir məqsəd dayanır - şəffaflıq və obyektivlik. Bunu isə öz layiqli və obyektiv qiymətini  alan tələbələrin çöhrəsində görmək bir o qədər  çətin deyildir. 

Rahilə MƏMMƏDOVA,
AMİ-nin Mingəçevir filialının Azərbaycan dili və ədəbiyyatın tədrisi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov