Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Xarici xəbərlər

 

Rusiya vətəndaşları dövlət hesabına oxuya biləcəklər

Xarici  ölkələrin  ali məktəblərinə  daxil  olan  Rusiya  vətəndaşları  bundan sonra dövlət  hesabına  oxuya  biləcəklər.  Bu barədə  Rusiya  Federasiyasının  baş  naziri Dmitri  Medvedev  "Qlobal təhsil"   sosial  proqramı  üzrə  müvafiq  sərəncam imzalayıb.  Dövlət  büdcəsi hesabına oxuması  üçün tələbəyə bakalavr dərəcəsi vacibdir.  Bundan əlavə, tələbə təhsilini başa vurduqdan  sonra  ən azı 3 il ərzində Rusiya şirkətində ixtisası üzrə işləməlidir. Əgər tələbə müqaviləni pozarsa,  xaricdə təhsilinə çəkilmiş xərclərin 3 qat həcmində cərimə olunacaq.  Proqram 2014-2016-cı illər üçün nəzərdə tutulub.  Bu müddət  ərzində 1500 tələbənin dünyanın ən yaxşı universitetlərində oxuması nəzərdə tutulub.  Proqramın maliyyələşdirilməsi federal büdcə hesabına həyata keçiriləcək və ümumi investisiya vəsaitinin həcmi 3 il ərzində 4,4 milyard rubl təşkil edəcək.  Tələbələrin oxuyacağı universitetlərin siyahısı hökumət  tərəfindən  təsdiq olunub.  Siyahıya dünyanın ən yaxşı universitetləri daxil olub.  Onların  arasında  Massaçusets Texnologiya,  Harvard, Kembric, eləcə də Oksford və Yel universitetləri var. Proqramın iştirakçıları bakalavrlar,  magistrlər, aspirantlar və  ya  gənc tədqiqatçı alimlər ola bilərlər. 

 

Ən effektiv və vahid ibtidai təhsil sistemi yaradılıb

Estoniyada məktəbəqədər yaşlı uşaqlar üçün ən effektiv və vahid ibtidai təhsil sistemi  yaradılıb. Bu barədə Avropa komissiyasının Yunanıstanın paytaxtı Afinada açıqlanmış hesabatında qeyd olunur. Estoniyada baza təhsil sistemi 1,5-7 yaşlı uşaqları əhatə edir və bu sistem Avropanın şimal ölkələrinin anoloji sistemləri ilə oxşarlıq təşkil edir.

Hesabatda qeyd olunur ki, Avropanın əksər ölkələrində valideynlər uşaqların ibtidai təhsili və uşaq bağçalarının xidmətlərinə görə pul ödəyir.  Lakin istisna hallar da mövcuddur -  Latviya, Litva, Rumıniyada bu xidmətlər dövlət  tərəfindən ödənilir. Ən yüksək xidmət xərcləri İrlandiya, Lüksemburq, İngiltərə, İsveçrədədir. 

Estoniyada  bağça qrupları 12 nəfərdən təşkil olunur ki, bu da optimal hesab edilir.  Bir sıra ölkələrdə tərbiyəçilər bakalavr  təhsili  səviyyəsinə malikdirlər.

Estoniyada uşaq bağçalarının müəllimlərinin peşəkarlıq səviyyəsinə  xüsusi diqqət var. Hesabata görə Estoniya, İspaniya, Fransa, Sloveniya kimi ölkələrdə uşaq bağçaları üçün dövlət proqramları mövcuddur.

 

Çində təhsil alan xarici tələbələrin sayı artır

Son vaxtlar  xarici tələbələr arasında Çin təhsil sisteminin  cəlbediciliyi artır. Bu ölkədə ali təhsil almış xarici tələbələrin sayı  son illər  ərzində  bir neçə dəfə artıb ki, nəticədə Çin xarici tələbələrin sayına görə bütün dünyada Fransa, Almaniya, Avstraliyanı  qabaqlayaraq bu göstərici üzrə 3-cü yerdə qərarlaşıb. Çin  yalnız ABŞ və Böyük Britaniyadan  geridə  qalır. 

Mənzil-qərargahı  Nyu-Yorkda yerləşən  Beynəlxalq  Təhsil  İnstitutunun  məlumatına əsasən, 2012-ci ildə  Çində 330 min əcnəbi tələbə təhsil alıb, bu isə bütün  dünya  üzrə  ümumi xarici tələbə sayının 8 faizi deməkdir.  Bu tendensiya təsadüfi deyildir; Çin öz qarşısına 2020-ci ilə qədər 500 min əcnəbi tələbə cəlb etmək kimi məqsəd qoyub.   Ölkə iqtisadiyyatının sürətli inkişafı və onun dünya bazarlarına geniş ekspansiyası ilə əlaqədar olaraq təhsil üçün bu ölkənin cəlbediciliyi də artır.

 

Fulbrayt təhsil proqramı mükafat aldı

ABŞ hökumətinin Azərbaycan da daxil olmaqla dünyanın 155 ölkəsində həyata keçirdiyi Fulbrayt proqramı beynəlxalq əməkdaşlıq sahəsində İspaniyanın Austriya şahzadəsi adına mükafata layiq görülüb.   Mükafatın digər laureatları kimi Fulbrayt proqramı  50 min avro  alıb. Mükafatın  14 nəfərdən ibarət  münsiflər heyətinin qərarını elan edən sədr Qustav Suareş Pertierra deyib: "Biz Fulbrayt proqramının beynəlxalq xarakterini, onun gənclərin ümumtəhsil səviyyəsinin artırılması və onların ən yaxşı universitetlərdə təkmilləşmək imkanı qazanmaları, bu prosesə proqramın həyata keçirildiyi bütün ölkələrin vətəndaş cəmiyyətlərinin qoşulması sahəsindəki  səylərini xüsusi qeyd etmişik". 

Qeyd edək ki, Fulbrayt proqramı akademik mübadilə və qrantlar üzrə Amerika layihəsidir. Proqram 68 il əvvəl senator Ceyms Uilyam Fulbrayt tərəfindən təsis olunub və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.   Proqramın illik təqaüdünü  almaq istəyən  tələbələrin  akademik göstəriciləri qiymətləndirilir. Proqram yarandığı vaxtdan  300 min nəfər ondan yararlanıb. Onlardan   150 nəfər Nobel və digər nüfuzlu mükafatlar alıblar.  İspandilli ölkələrdə bu mükafat Nobel mükafatı ilə müqayisə olunur.

 

Fransada qeyri-adi məktəb fəaliyyət göstərir

XXI əsr təhsil sahəsində bir sıra inqilabi dəyişikliklərin  baş verdiyi dövrdür. İnnovasiyalara üstünlük verilməsi, məktəb və əmək bazarı arasında çevik qərarlar qəbuletmə, şagirdlərə daha şox müstəqilliyin verilməsi əsrin prioritet vəzifələrindəndir.  Bu mənada Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən "Məktəb-42" adlı təhsil ocağı yeganə məktəbdir ki, burada nə müəllim, nə imtahan, nə də dərs cədvəli var.  Məktəbin direktoru Ksaye Nilin sözlərinə görə, təhsil ocağının öz qayda-qanunları var. Uşaqlar  burada gələcəkdəki  bütün peşə həyatları boyunca  məşğul olacaqları işləri öyrənirlər. "Biz dəyərlər sistemini dəyişməyə hazırlaşmışıq. Novator yanaşmanın mahiyyəti də bundadır.  Bugünkü məktəb informasiyaların uşaqlara  ötürülməsi  prinsipi əsasında qurulur ki, sonradan təhsilalanlar onu  fərdi şəkildə mənimsəməlidir. Bu isə müasir informasiya mübadiləsi ilə ziddiyyət  təşkil edir". 

Məktəbdə müəllimlər var, lakin onlar arxa plandadırlar. Şagirdə informasiyanın axtarışı üçün açar verilir.  Çox vaxt müəllimə ehtiyac qalmır. Şagirdlər adi məktəbdə onlara  dərsin  əvvəlində keçilən  mövzunu özləri tapırlar.   

 

Elmi dərəcə alan əcnəbi tələbələr Amerikada qalır

Amerikada mühəndis və təbiət elmləri  üzrə  doktor  elmi dərəcəsi alan əcnəbi tələbələrin 2/3-si 10 ildən sonra məzun kimi bu ölkədə qalır. 

Bu barədə Amerika universitetlərində doktorantura təhsili almış əcnəbi  tələbələrin sayı üzrə  aparılmış tədqiqatların nəticələri söyləməyə əsas verir.

2011-ci ildə 5 il əvvəl doktoranturanı bitirənlərin 68 faizi  və 10 il əvvəl elmi dərəcə alanların 65 faizi ABŞ-da qalıb.  Faizlər ixtisaslar üzrə dəyişir. İnformatika, kompüter mühəndisliyi və elektrotexnika üzrə kadrlar ABŞ-da yerləşmiş, iqtisadiyyat və kənd təsərrüfatı sahəsində doktorluq elmi dərəcəsi alanlar isə öz vətənlərinə dönmüşlər.

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov