Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Şəkinin 183 yaşlı məktəbi

 

Böyütmək üçün seçinHamımıza məlumdur ki, XIX əsrin əvvəllərindən başlayaraq Şimali Azərbaycan çar Rusiyası tərəfindən işğal olunmuş və Azərbaycanda müstəmləkəçilik siyasəti yürüdülmüşdür. Eyni zamanda, Rusiya öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün Azərbaycan dilinə, bu dili bilən tərcüməçilərə, savadlı mütəxəssislərə böyük ehtiyac duyurdu. Bütün bunları nəzərə alan mərkəzi hökumət 1829-cu il avqustun 2-də Cənubi Qafqaz məktəblərinin ilk nizamnaməsini təsdiq etdi. Demək olar ki, Azərbaycanda xalq maarifi sisteminin tarixi həmin nizamnamə ilə başlayır. Nizamnaməyə görə, bu məktəblərin Gəncə, Şuşa, Nuxa (Şəki), Şamaxı, Quba, Bakı, Naxçıvan və Ordubad şəhərlərində, Qazax distansiyasında açılması təsdiq edildi. Bu illərdə meydana gələn və Azərbaycan məktəb tarixində mühüm yer tutan təhsil müəssisələrindən biri də Şəki (Nuxa) qəza məktəbidir. 

Haqqında 

Hazırda fəaliyyət göstərən və 183 illik tarixə malik olan bu məktəbin davamçısı Şəki şəhərində yerləşən 5 nömrəli tam orta məktəb respublikamızın ən qocaman təhsil müəssisələrindən biri hesab olunur. Məktəb 1831-ci il dekabrın 30-da Şəkidə (Nuxada) rus-tatar qəza məktəbi kimi açılmış və həmin ildən  fəaliyyətə başlamışdır.Yerli əhali məktəbə elə ilk gündən rəğbət bəsləmiş, məktəb üçün müvafiq bina ayırmış və hətta bina kirayəsi üşün vəsait toplamışdı. Nuxa (Şəki) qəza məktəbi iki sinifdən ibarət  idi və burada ilk vaxtlar üç müəllim işləyirdi. Onlardan biri məktəbin müdiri, ikincisi fənn müəllimi idi, digəri isə Azərbaycan dili və şəriəti tədris edirdi. Azərbaycan dili və şəriətdən başqa digər fənləri əsasən Rusiya universitetləri və ali pedaqoji institutlarının məzunları tədris edirdilər.

1833-cü ildə Nuxa (Şəki) qəza məktəbində oxuyan şagirdlərin sayı 29 nəfər idi. Onlardan 21 nəfərini tacir uşaqları təşkil edirdi.Böyütmək üçün seçin

1835-ci ildə Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi təsdiq edildi. Bu nizamnamə ikisinifli mövcud qəza məktəblərini üçsinifli məktəbə çevirməyi nəzərdə tuturdu. Tədris edilən fənlərin dairəsi genişləndirilirdi, Zaqafqaziyada ən çox işlədilən Azərbycan dilinin tədrisinə xüsusi diqqət verilirdi. Müəllim heyətinin tərkibi artıq beş nəfər təsdiq edilmişdi. Onlardan üçü elmi fənn müəllimləri hesab olunurdu ki, həmin  müəllimlərdən biri iki yuxarı sinifdə rus dili, coğrafiya və tarix, digəri isə hesab, hüsnxət, rəsm və rəsmxət fənlərini tədris etməli, üçüncüsü isə birinci sinifdə oxu və yazı, hesabdan ilk dörd əməli öyrətməli, iki müəllim isə şəriət və dilləri tədris etməli idi.

1844-cü ildə Nuxa qəza məktəbində oxuyanların sayı 70-ə çatmışdır.  I sinifdə 40 şagird, II sinifdə 20, III sinifdə 10 şagird oxuyurdu.

Şəki qəza məktəbində  ilk məktəb kitabxanası da yaradılmışdır. Kitabxanada (1845-ci ilin məlumatına görə) 360 adda kitab və tədris vəsaiti var idi. Bu o dövr üçün  çox böyük rəqəm sayılırdı.

1867-ci ildə Qafqaz və Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi qəbul edildi. Bu nizamnamə ilə qəza məktəbləri yenidən təşkil edildi. Üç əsas  sinifdən əlavə hazırlıq sinifləri açıldı. İlk dəfə olaraq təhsil haqqı tətbiq olundu. Tədris planına yeni  fənlər, latın  və Avropa dilləri daxil edildi. Bununla da Şəki qəza məktəbinin tədris planına fransız  dili əlavə olunur və digər fənlərlə yanaşı müvəffəqiyyətlə tədris edilirdi.

Artıq 1890-cı ildə məktəbdə 136, 1895-ci ildə isə 167 şagird təhsil alırdı. 1890-cı ilədək məktəbin cəmi 12 buraxılışı olmuşdur ki, bu müddət ərzində məktəbi 125 nəfər bitirmişdir. 1890-cı ildə 16, 1895-ci ildə isə 23 nəfər şagird məktəbdə təhsilini başa vurmuşdur.

İllər keçir, məktəb ünvanını müxtəlif səbəblərdən dəyişir.

1925-1928-ci illərdə Şəki şəhər məktəbi 5 sinifli məktəbə çevrildi. 1933-cü ildən burada şagirdlər 7 illik, 1939-cu ildən isə 8 illik təhsil almağa başladılar. 1945-ci ildən məktəb 10 illik məktəbə çevrildi. O vaxt oğlanlarla qızların təhsili ayrı- ayrılıqda həyata keçirildiyindən məktəb qız  məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbin məzunu Minayə Mövsüm qızı Səmədova direktor təyin edilir.

1946-1947-ci dərs ilində qızlar məktəbi kimi fəaliyyət göstərən tədris ocağının birinci buraxılışı oldu. 17 nəfər gənc qız attestat alaraq ali məktəblərdə təhsillərini davam etdirdilər. Qızlardan 10 nəfəri həkim, biri neft mühəndisi oldu, ikisi elm sahəsini seçdi, 17 qızın 17-si də ali təhsilli mütəxəssis oldu.

1947-ci ildə məktəbdə 600-dən çox qız oxuyurdu. Burada Şəkinin  ən bacarıqlı, təcrübəli müəllimləri çalışırdı. Lenin ordenli müəllim Surayə Gülüzadə riyaziyyatdan, Qırmızı Əmək Bayrağı ordenli Məmmədhəsən Abdullayev kimyadan, SSRİ-nin  qabaqcıl maarif xadimi, Lenin ordenli Rza Cəlilov tarixdən, respublikanın əməkdar müəllimi Ələsgər Yusifov isə ədəbiyyatdan dərs deyirdilər.

1953-cü ildən məktəbdə qızlarla birgə oğlanlar da oxumağa başladılar. Məktəbin  onillik ümumtəhsil ocağı kimi fəaliyyət göstərdiyi illərdə şagirdlərin sayı 500-600 arasında dəyişirdi. Bu isə çətinlik yaradırdı. Məktəb darısqal idi. Sinif otaqları çatışmırdı. Tələblərə cavab vermirdi. Məktəbin genişlənməsi üçün  şərait yox idi. Ərazidə isə bir neçə orta məktəb olduğuna görə təhsil ocağı 8 illik məktəbə çevrildi.

1981-ci ildə məktəbin 150 illiyi respublika səviyyəsində qeyd edilmişdir. Bu münasibətlə Şəki şəhər 5 nömrəli ümumtəhsil məktəbi Azərbaycan SSR Ali Soveti Rəyasət  Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Məktəbin iki nəfər müəllimi Diləfruz Axundova və Ruqiyyə Hüseynova "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, digər iki nəfər müəllim isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

1983-84-cü dərs ilində təhsil müəssisəsi yenidən onillik məktəbə çevrilmiş,  əvvəlki  şöhrətini bərpa etmişdir. 1988-ci ildə isə məktəb bu gün fəaliyyət göstərdiyi Şəki şəhəri, Füzuli küşəsi 4 ünvanında yerləşən binaya köçürülmüşdür.

2011-2012-ci dərs ilində məktəbdə əsaslı təmir və tikinti işləri aparılmış, həyətində 320 şagird yerlik müasir tələblərə cavab verən idman zalı, fizika, kimya, informatika və xarici dil fənləri üçün kabinetləri olan  yeni üçmərtəbəli tədris korpusu tikilmişdir.  

Məzunları 

Nuxa qəza məktəbində rus dilində ilk təhsil alanlardan biri də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə olmuşdur. Bu məktəbdə sonralar  Mirzə Fətəli kimi  onlarca azərbaycanlı təhsil almış, rus dili vasitəsi ilə Rusiya və Avropa mədəniyyəti ilə tanış olmuş, Azərbaycan  mədəniyyəti, ədəbiyyatı, maarif və məktəbinin tərəqqisində böyük  xidmətlər göstərmişlər.

Onların arasında M.F.Axundzadə, Rəşid bəy Əfəndiyev, Heydər Əfəndiyev, Cəlil Hüseynov, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Sadıqov, Şirməmməd Hüseynov və digər yüzlərlə adını çəkmədiyimiz tanınmış şəxsiyyətlər var. 

Məktəb bu gün 

Şəki şəhər 5 nömrəli tam orta məktəb bu gün də əvvəlki şöhrətini qoruyub saxlayaraq rayonun ən qabaqcıl məktəblərindəndir. Hazırda bu  məktəbdə 600-dən yuxarı şagird təhsil alır. Burada öz işini yaxşı bilən, səriştəli, işgüzar, yaradıcı kollektiv formalaşıb. Bu qabaqcıl kollektivin uğurları ilbəil artır. Pedaqoji kollektiv öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmağa çalışır.

Son illər məktəbi bitirən məzunlardan hər il 50-60 faizi ali məktəblərə qəbul olur. Altı ildir ardıcıl olaraq  məktəb ali məktəblərə qəbul imtahanlarında göstərdiyi nəticəyə görə TQDK tərəfindən respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilir.

Son üç ildə məktəbin 14 nəfər məzunu 600-dən yuxarı bal toplamış, onlardan iki nəfəri Prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə məktəbin məzunlarından Leyla Alxasova 685 balla, 2013-cü ildə isə Şəhla Alxasova 686 balla  Azərbaycan Tibb Universitetinə daxil olmuş, Prezident təqaüdünə layiq görülmüşlər.

Ötən tədris ilində uğurlarına nəzər saldıqda görürük ki, məktəbi 31 nəfər məzun bitirib. Onlardan Şəlalə Zəkəriyəzadə və Mədinə Malikzadə qızıl medala layiq görülüb. Bundan başqa, məzunların 27 nəfəri qəbul üçün ali təhsil müəssisələrinə sənəd verib, onlardan 19 nəfəri tələbə adını qazanıb. Beş nəfər 600-dən çox bal toplayaraq nüfuzlu ali məktəblərə qəbul olub.

Qeyd edək ki, 2012-ci ildə tədris ocağı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən "Ən yaxşı ümumtəhsil məktəbi"  müsabiqəsinin qalibi olub. 2013-cü ildə məktəbin müəllimləri "Bir şagird - bir komputer", "Elektron təhsil" müsabiqələrində iştirak edərək uğur qazanıb.

Biz də  tarixi təhsil ənənələri olan bu qədim tədris ocağının uğurlarının ilbəil daha da artmasını arzulayır, pedaqoji kollektivə uğurlar diləyirik.

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov