Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Bakıdakı G.Şaroyev
adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano
ixtisası üzrə 10-cu sinif şagirdi Atabala Manafzadə
2014-cü il 6-9 iyun tarixlərində İsveçin Stokholm
şəhərində keçirilən III beynəlxalq musiqi müsabiqəsində
uğurla iştirak edib. İsveçin "Konçertante"
Assosiasiyası, "Maestro Akademiya" təşkilatı və
Rusiyanın Gertsen adına Dövlət Pedaqoji Universitetinin
təşkilatçılığı ilə gerçəkləşən müsabiqəyə ABŞ, Almaniya,
Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çin,
Estoniya, Serbiya, Yaponiya, İtaliya, Fransa və digər
ölkələrdən 5 yaş qrupu üzrə 150 yeniyetmə gənc pianoçu
qatılıb. Beynəlxalq münsiflər heyətinin qərarına əsasən
Atabala Manafzadə I dərəcəli diploma və müsabiqənin
laureatı adına layiq görülüb. İstedadlı gənc eyni
zamanda bu il 11-17 iyun tarixlərində Almaniyanın
Muehlaker şəhərində keçirilmiş "Baden-Vürtemberqdə
musiqili atəşfəşanlıq" adlı IV beynəlxalq müsabiqədə də
iştirak edib və ən yüksək mükafata - Qran-pri mükafatına
layiq görülüb.
Qeyd edək ki, A.Manafzadə ilk uğuruna 2009-cu ildə
imza atıb. O, gənc pianoçularn II respublika
müsabiqəsində I dərəcəli diploma layiq görülüb. 2010-cu
ildə Polşanın Azərbaycandakı səfirliyi və Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təşkil olunmuş uşaq və gənclər üçün F.Şopen
müsabiqəsində, istedadlı uşaqların respublika
müsabiqəsində, gənc pianoçuların festivalında uğurlu
ifalarına görə diplomlarla mükafatlandırılıb. 2012-ci
ildə isə Belqrad şəhərində IX Davorin Jenko beynəlxalq
müsabiqəsinə qatılaraq iki yaş kateqoriyasında I
dərəcəli mükafat və fəxri laureat adı qazanıb. 2012-ci
ildə Atabalanın adı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə gənc
istedadların "Qızıl kitabı"na yazılıb və o, Prezidentin
xüsusi aylıq təqaüdünə layiq görülüb.
Çoxlu sayda mükafatlar sahibi olan paytaxt məktəblisi
Bakıdakı 4 nömrəli tam orta məktəbdə təhsil alır.
Onunla görüşdükdə söylədi ki, beynəlxalq müsabiqələrdə
dünya bəstəkarlarının - V.Motsartın, F.Listin, İ.Baxın,
R.Şumanın, Ü.Erikin, Qara Qarayevin və digərlərinin
əsərlərini sevə-sevə ifa edir və gələcəkdə böyük
musiqiçi olacağına ümid bəsləyir.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |