Ölkəmizdə
xüsusi istedada malik olan yeniyetmə və gənclərə
dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Belə
gənclərin üzə çıxarılması, səmərəli təhsil almaları
istiqamətində mühüm layihələr həyata keçirilir. Onlar
xarici ölkələrdə təşkil olunan beynəlxalq müsabiqə və
festivallarda uğurla iştirak edərək nailiyyətlər
qazanırlar. Belə yeniyetmələrdən biri də qeyri-adi
istedadı ilə yaşıdlarından fərqlənən 11 yaşlı Züleyxa
Abdullayevadır. O, Milli Konservatoriyanın tərkibində
Respublika İncəsənət Gimnaziyasının fortepiano şöbəsinin
şagirdidir. 2011-ci ildə İtaliyanın Gio Del Colle
şəhərində keçirilən Pyetro Argento adına XIV beynəlxalq
musiqi müsabiqəsində birincilik kuboku qazanan
Z.Abdullayeva həmin il İsveçin Stokholm şəhərində
keçirilən Rondo musiqi festivalında qələbə əldə edərək
diplomant adına layiq görülüb. Beynəlxalq müsabiqələr
və festivallar qalibi olan Z.Abdullayevanın adı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq sərəncamı ilə gənc istedadların "Qızıl
kitabı"na yazılıb və o, Prezidentin xüsusi aylıq
təqaüdünə layiq görülüb.
Öz üzərində səylə çalışan Züleyxanın növbəti uğuru
2014-cü ilin fevralında olub. O, Amerikanın Nyu-York
şəhərində keçirilən "American Protege" müsabiqəsində
ölkəmizi təmsil edərək laureat adını qazanıb. Bu ilin
may ayında isə həmin şəhərin "Carnegie Hall" möhtəşəm
konsert zalında çıxış edən yeniyetmənin ifasında
Azərbaycan bəstəkarı A.Bəbirovun "Prelüd və Skerso"
əsəri səslənib. Müsabiqəyə qatılan Çin, Cənubi Koreya,
Yaponiya, Rusiya, Tailand, Kanada, Almaniya, Fransa,
İtaliya, Polşa, İsrail, ABŞ və onlarla digər ölkələrin
iştirakçıları arasında Züleyxa Abdullayevanın ifası
xüsusilə fərqlənib və diplomla mükafatlandırılıb.
|