İyunun
23-də Azərbaycan Dövlət İqtisad Universitetində orta
ixtisas təhsili müəssisələri üçün "Tyutor hazırlığı"
təlimlərini müvəffəqiyyətlə bitirənlərə sertifikatların
təqdimetmə mərasimi keçirilib.
Tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov,
təhsil nazirinin müşaviri İlham Pirməmmədov və orta
ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan rektor bildirib ki, Təhsil
Nazirliyinin sifarişi ilə təşkil olunan bu təlimlər
Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"na əsasən həyata keçirilir. Ə.Muradov
vurğulayıb ki, bu strategiya ilə Azərbaycanda təhsil
sferasının islahatları və modernləşməsinin keyfiyyətcə
yeni mərhələsi başlanıb. Boloniya sistemində tyutorların
əhəmiyyətindən danışan rektor bildirib ki, iki ay davam
edən təlimlər universitetin təcrübəli təlimçiləri
tərəfindən həyata keçirilib.
Təhsil nazirinin müşaviri İlham Pirməmmədov çıxışında
qeyd edib ki, tyutor sistemi ADİU-da müvəffəqiyyətlə
tətbiq olunur. Bu səbəbdən də təlimlərin keçirilməsi
məhz bu universitetə həvalə olunub.
Qeyd edək ki, orta ixtisas təhsili müəssisələri üçün ilk
dəfə təşkil olunan təlimdə ölkədə fəaliyyət göstərən 48
orta ixtisas müəssisəsindən nümayəndələr iştirak edib.
Təlim ən müasir, interaktiv üsullarla aparılıb, üstünlük
təşkil edən praktiki dərslərin sayəsində gələcək
tyutorların peşəkar bilik və səriştəsinin artırılmasına
zəmin yaradılıb. Təlimdə dərslər kredit sistemi ilə
tədrisin təşkili qaydaları əsasında keçirilib. Keçirilən
mövzuları tam mənimsəmək üçün Virtual kollec yaradılıb.
Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar
təqdim olunub.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |