Naxçıvan
Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
Azər Zeynalovun başçılıq etdiyi nümayəndə heyəti bu
günlərdə Polşa Respublikasının Krakov şəhərində səfərdə
olub. Muxtar respublikanın 90 illik yubileyi
münasibətilə keçirilən "Naxçıvan günləri"ndə iştirak
edən nümayəndə heyətinin tərkibində Naxçıvan Dövlət
Universitetini rektor, professor Saleh Məhərrəmov və
beynəlxalq əlaqələr üzrə prorektor, riyaziyyat üzrə
fəlsəfə doktoru Anar Kazımov təmsil edib.
Anar Kazımovun verdiyi məlumata görə, səfər çərçivəsində
heyət Krakov şəhərindəki bir sıra ali təhsil
müəssisələrində olub, əməkdaşlıq sahəsində geniş spektri
əhatə edən bir sıra məsələlər barəsində fikir mübadiləsi
aparılıb.
Polşa Elmlər Akademiyasının Krakov Bölməsində keçirilən
görüşdən, Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov
Bölməsi arasında "2014-2016-cı illər üzrə elm sahəsində
əməkdaşlıq haqqında" protokol imzalandıqdan sonra
nümayəndə heyəti Avropanın ən qədim tarixə malik
universitetlərindən biri olan Yaqellon Universitetində
olub. 650 illik tarixi olan Yaqellon Universitetinin
rektoru, professor Voyçex Novak universitetin fəaliyyət
istiqamətləri, elm, təhsil və beynəlxalq əlaqələr
sahəsində görülən işlər barədə məlumat verib. Naxçıvan
Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
Azər Zeynalov Polşa-Azərbaycan arasındakı dostluq
münasibətlərindən danışıb, ölkələrarası əlaqələrin
inkişafında muxtar respublika ilə Krakov şəhəri arasında
elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini
vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh
Məhərrəmov muxtar respublikada elmin və təhsilin
inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib.
Görüşdə universitetlər arasında əməkdaşlıq protokolu
imzalanması barədə razılaşma əldə olunub.
AGH Elm və Texnologiya Universitetinin rəhbərliyi ilə
keçirilən görüşdə universitetin prorektoru Zbiqney
Konkol əməkdaşlığın hər iki universitet üçün faydalı
olacağına əminliyini bildirib. NDU-nun rektoru,
professor Saleh Məhərrəmov rəhbərlik etdiyi
universitetin 80-dən çox dünya universiteti ilə sıx
əməkdaşlığa malik olduğunu, bu ali məktəbdə 300-dən
artıq xarici ölkə vətəndaşının təhsil aldığını
vurğulayaraq Naxçıvan Muxtar Respublikası ilə Krakov ali
təhsil müəssisələri arasında əməkdaşlığın uğurla davam
etdiriləcəyinə inandığını bildirib. Universitetlər
arasında müəllim, tələbə mübadiləsi, müştərək
videokonfransların, elmi-tədqiqat işlərinin həyata
keçirilməsi ilə bağlı niyyət protokolu imzalanıb.
Krakov İqtisadiyyat Universitetində keçirilən görüş də
səmərəli olub. Universitetin rektoru, professor Andjey
Xoxulla aparılan danışıqlar zamanı və bir sıra məsələlər
müzakirə olunub. Naxçıvan Dövlət Universiteti ilə Krakov
İqtisadiyyat Universiteti arasında niyyət protokolu
imzalanıb, ali təhsil müəssisələri arasında əlaqələrin
qurulması barədə razılıq əldə edilib.
Nümayəndə heyəti digər rəsmi görüşlərdə, Krakov
şəhərinin Opera Teatrında keçirilən Naxçıvan Muxtar
Respublikasının 90 illik yubileyinə həsr olunmuş konsert
proqramında iştirak edib.
Mətbuat şöbəsi |