Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Şəkidə konfrans-müşavirə

 

Böyütmək üçün seçinİyunun 20-də Təhsil Nazirliyinin təşəbbüsü ilə Şəki şəhərində "Fənn kurikulumunun tətbiqi: yeni yanaşmalar və perspektivlər" mövzusunda konfrans-müşavirə keçirilib.

Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarının təhsil şöbə müdirləri, müəllimlər, metodkabinet rəhbərləri, valideynlər, Azərbaycan Müəllimlər İnstitutunun Şəki və Zaqatala filiallarının tələbələri, təhsil ekspertləri və təlimçilərin iştirak etdiyi tədbirə qatılmaq üçün Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, həmçinin 50-dək kütləvi informasiya vasitəsinin nümayəndəsi rayona səfər edib.

Konfransda nazirliyin şöbə müdiri Aydın Əhmədov ümumtəhsil sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib, yeni fənn kurikulumlarının təhsildə bir istiqamət olduğunu vurğulayıb.

Ekspert Asif Cahangirov isə təhsildə yeni yanaşmalar mövzusunda məruzə ilə çıxış edib.

Nazirliyin sektor müdiri Cəsarət Valehov Bakı məktəblərində işləyən müəllimlər üçün keçirilən sınaq qiymətləndirmə barədə məlumat verərək onun yaxın zamanlarda bölgələri də əhatə edəcəyini bildirib. Cəsarət Valehov belə tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə də danışıb və burada məqsədin dialoq mühiti yaratmaqdan ibarət olduğunu deyib.

Tədbirdə təlimçilərin təqdimatları dinlənilib, kurikulum islahatlarına dair müzakirələr aparılıb. Müəllimlər kurikulumun tətbiqi prosesində qarşıya çıxan məsələlər, ümumilikdə təhsildə baş verən yeniliklər barədə fikirlərini açıqlayıblar. 

Qax şəhər 4 nömrəli məktəbin müəllimi Nurlanə Əzimova kurikulumlarla bağlı müəllimlər üçün keçirilən kursların müddətinin uzadılmasını təklif edib. Təlimçi Rubail Əfəndiyeva da kursların davamlı olmasına tərəfdar olduğunu bildirib. Qax şəhər 1 nömrəli məktəbin müəllimi Mədinə Heydərova isə təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsini, həmçinin müəllimlərin İKT biliklərinin artırılması üçün səylərin artırılmasını vacib hesab edib. Müzakirələrdə çıxış edən Oğuz rayon 2 nömrəli məktəbin direktor müavini Təranə Zəkəriyyəyeva, Qəbələ Rayon Təhsil Şöbəsinin metodkabinet rəhbəri Arifə Bayramova, Zaqatala Rayon Humanitar Kollecin müəllimi İradə Əlizadə, AMİ-nin Şəki filialının metodkabinet rəhbəri Əsmayə Əkbərova və digərləri təhsil sahəsində baş verən yenilikləri müsbət qiymətləndirdiklərini vurğulayıblar. Onların fikrincə, gözlənilən nəticələrə çatmaq üçün müəllimlərin bu sahədə maarifləndirilməsi işləri davamlı olmalıdır. Şəki Rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova belə tədbirlərin böyük əhəmiyyəti olduğunu qeyd edərək müəllimlərlə maarifləndirici görüşlərin tez-tez keçirilməsini arzuladığını deyib.

Müzakirələrdən sonra media nümayəndələri 100-dən artıq yaşı olan ümumtəhsil məktəblərinin tanıdılması kampaniyası çərçivəsində bölgənin ən qədim məktəbi olan, 1831-ci ildən fəaliyyət göstərən Şəki şəhər 5 nömrəli tam orta məktəblə tanış olublar. Məktəbdə həmin tədris ocağının yetirməsi,  Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovla görüş keçirilib. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov