İyunun
21-də Təhsil Nazirliyində beynəlxalq fənn
olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdlərdən
ibarət komandalar və onların rəhbərləri ilə görüş
keçirilib.
Görüşün əsas məqsədi fənlər üzrə beynəlxalq olimpadalara
hazırlaşan komandaların üzvləri ilə mövcud vəziyyəti
müzakirə etmək və qarşıda duran müvafiq məsələləri
aydınlaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, hər il olduğu kimi, 2014-cü ildə də
riyaziyyat, kimya, fizika, biologiya və informatika
fənləri üzrə beynəlxalq olimpiadalar keçiriləcəkdir.
Beynəlxalq olimpiadalar müvafiq olaraq, riyaziyyat üzrə
3-13 iyul 2014-cü il tarixində Cənubi Afrika
Respublikasında, kimya üzrə 20-29 iyul 2014-cü il
tarixində Vyetnamda, fizika üzrə 13-21 iyul 2014-cü il
tarixində Qazaxıstanda, biologiya üzrə 6-13 iyul 2014-cü
il tarixində İndoneziyada və informatika üzrə 13-20 iyul
2014-cü il tarixində Tayvanda təşkil olunacaqdır.
Görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun
Bayramov azərbaycanlı şagirdlərin beynəlxalq
olimpiadalarda uğur qazanması üçün Təhsil Nazirliyi
tərəfindən müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə
bu sahədə daha effektiv işlərin həyata keçiriləcəyini
qeyd edib. Nazir müavini beynəlxalq olimpiadalarda
iştirak edəcək şagirdlərin həmin bilik yarışlarında
Azərbaycanı təmsil edəcəyini bir daha xatırladaraq,
onların uğur qazanacağına və yüksək nəticələr əldə
edəcəyinə ümid bəslədiyini bildirib.
Sonda tədbirdə iştirak edən mütəxəssislər çıxış edərək
şagirdlərin beynəlxalq olimpiadalara hazırlaşması üçün
Təhsil Nazirliyi tərəfindən yaradılan şəraiti yüksək
dəyərləndiriblər. |