İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında dövlət
qulluqçularının peşə bayramı gününə həsr olunan "Dövlət
qulluğunun aktual problemləri" mövzusunda elmi-praktiki
konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfrans Dövlət İdarəçilik
Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan
Ələkbərov ölkəmizdə biliyə əsaslanan milli inkişaf və
dövlət qulluğu sisteminin idarə edilməsinin elmi
əsasları, dövlət quruculuğu, dövlət idarəçiliyinin
formalaşması və dövlət qulluğunun inkişafı prosesində
ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri barədə
danışmışdır.
Rektor peşəkar dövlət qulluqçularını hazırlamaq məqsədi
ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının yaradılmasını, "Dövlət Qulluğu
haqqında" Qanunun qəbul edilməsini, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın təşkilini, dövlət qulluğu
sahəsində qəbul edilmiş normativ-hüquqi aktların
tətbiqini bu sahədə həyata keçirilən uğurlu islahatlar
kimi səciyyələndirmişdir. Akademik U.Ələkbərov
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə daim
diqqət və qayğı göstərdiyini xüsusi vurğulamışdır.
Azərbaycanda çevik dövlət qulluğu sisteminin
formalaşdığını deyən rektor bildirmişdir ki, uzun illər
idarəetmə sistemində fəaliyyət göstərən və bu sahədə
zəngin təcrübəyə malik olan Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin Dövlət Qulluğunu İdarəetmə Şurasına rəhbərlik
etməsi bu sistemin uğurlu fəaliyyətini şərtləndirən əsas
amillərdəndir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram
Xəlilov dövlət idarəçiliyi istiqamətində respublikamızda
həyata keçirilən islahatlar nəticəsində əldə edilən
uğurlardan söhbət açmışdır. O bildirmişdir ki,
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra "dövlət
qulluğu" termini ilk dəfə ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanmış və referendumda
qəbul edilən Konstitusiyada öz əksini tapmışdır.
B.Xəlilov demişdir ki, ölkəmizdə aparılan dövlət qulluğu
siyasətinin başlıca qayəsini demokratik dəyərlərə
əsaslanan idarəçiliyin yaradılması, vətəndaşların qayğı
və ehtiyaclarının daha dolğun təmin edilməsi, təcrübəli
və peşəkar dövlət qulluqçusu korpusunun
formalaşdırılması təşkil edir.
Hazırda Azərbaycanda dövlət qulluğu islahatları üzrə
strategiyanın hazırlandığını diqqətə çatdıran B.Xəlilov
bildirmişdir ki, strategiyada normativ-hüquqi çərçivə,
mərkəzi idarəetmə potensialı və əlaqələndirmə
vəzifələri, əməkhaqqı siyasəti, təlim və inkişaf kimi
məsələlər öz əksini tapmışdır.
Konfransda "Dövlət qulluğunda insan resurslarından
səmərəli istifadə", "Dövlət idarəçiliyində səmərəliliyin
təmin olunmasında dövlət qulluqçusu - vətəndaş
münasibətləri" və digər mövzularda məruzələr
dinlənilmişdir.
Məruzələrdə dövlət qulluğu sahəsində son dövrlərdə əldə
olunmuş uğurlardan söhbət açılmış, dövlət qulluğu ilə
bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin
təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə
ilə seçilməsi və digər məsələlər barədə qanunvericilikdə
nəzərdə tutulmuş siyasətin həyata keçirilməsinin elmi
təhlili sahəsində görülən işlər diqqətə çatdırılmışdır. |