İyunun 25-də Bakıda Təhsil Nazirliyi və Avropa Təlim
Fondunun birgə təşkilatçılığı ilə peşə təhsili və təlimi
sahəsində partnyorluq əlaqələrinin inkişaf etdirilməsi
məqsədilə "Turin prosesi-perspektivlər və problemlər"
mövzusunda seminar keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Avropa İttifaqının və
Avropa Təlim Fondunun nümayəndələri iştirak edib.
Seminarda çıxış edən Təhsil Nazirliyinin İlk
peşə-ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov
bildirib ki, "Turin prosesi" interaktiv bir proses
olaraq, ayrı-ayrı ölkələrin peşə təhsili və təlimi
sahəsində həyata keçirilən siyasətin faktlar əsasında
təhlilini aparmaq, eyni zamanda bu sahədə son 2 ildə
həyata keçirilən islahatlar nəticəsində əldə edilən
nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini
apararaq ümumi inkişaf strategiyasının formalaşmasına
yardım etməkdir.
Bununla yanaşı, Avropa Birliyinin Azərbaycandakı
nümayəndəliyinin üzvü Rza Zülfüqarzadə, Avropa Təhsil
Fondunun Azərbaycan üzrə koordinatoru Franko Krestani və
mütəxəssisi Yan Cumming çıxış edərək peşə təlimi və
təhsili sisteminin cəlbediciliyinin artırılması, əhatə
dairəsinin genişləndirilməsi və əmək bazarının ixtisaslı
işçi qüvvəsi ilə təmin edilməsi zərurətindən danışıblar.
Bildirilib ki, bu, yalnız təhsil müəssisələrinin və
Təhsil Nazirliyinin əsas vəzifəsi olmamalıdır, burada
sosial partnyorların iştirakı da çox zəruridir.
Seminar iştirakçıları daha sonra işçi qrupları şəklində
peşə təhsili və təliminin mövcud vəziyyəti, problemlər
və perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı
təkliflərini ümumiləşdirərək seminar təşkilatçılarına
çatdırıblar. Bununla yanaşı, seminar iştirakçıları bu
cür tədbirlərin mütəmadi keçirilməsini və maraqlı
tərəflərin peşə təhsili və təlimi sahəsində konkret
əməkdaşlıq modellərinin inkişaf etdirilməsinin
zəruriliyini vurğulayıblar. Seminar işini qruplar üzrə
davam etdirib. |