8-12 iyun tarixlərində Şamaxıda məktəbli şahmatçılar
arasında rayon birinciliyi keçirilmişdir. Şamaxı
şahmat məktəbində təşkil olunmuş turnir Milli
Qurtuluş Gününə həsr edilmişdir. Turnir başlamazdan
öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət etmişlər.
Turnirdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə
aparmışdır. 9 tur oynanılmışdır. Yarışda 5 yaş qrupu
üzrə oğlan və qızlar arasında qaliblər müəyyən
edilmişdir. 9 xaldan 8.5 xal toplayan Şamaxı
şahmatçısı Niyaz Məmmədov ümumi turnirin qalibi
olmuşdur.
Müvafiq yaş qruplarında qızlar arasında şəhər 2
nömrəli tam orta məktəbin şagirdləri - II sinif
şagirdi Gülnar Gülməmmədova (8 yaş), III sinif
şagirdi Səbinə Seyidzadə (10 yaş), V sinif şagirdi
Nəzrin Əhmədova (12 yaş), Mədrəsə qəsəbə tam orta
məktəbinin VII sinif şagirdi Səfiyyə Əlləzova (14
yaş), Şamaxı Avropa liseyinin VIII sinif şagirdi
İzzət Ağayeva (16 yaş) qalib gələrək çempionluq
sevincini yaşamışlar.
Oğlanlar arasında isə şəhər 2 nömrəli tam orta
məktəbin şagirdləri - II sinif şagirdi Cəlil Əliyev
( 8 yaş), III sinif şagirdi Mirəziz Babayev (10
yaş), 9 nömrəli tam orta məktəbin VI sinif şagirdi
Ramazan Mecidov (12 yaş), 1 nömrəli tam orta məktəbin
VII sinif şagirdi Cavanşir Məmmədov (14 yaş), həmin
məktəbin IX sinif şagirdi Ülvi Xudiyev 16 yaşlılar
arasında qalib olmuşlar.
Qaliblərə və digər mükafatçılara diplomlar və
hədiyyələr təqdim edilmişdir.
Turnir təsnifat xarakterli olduğu üçün
şahmatçılara müvafiq idman dərəcələri də
verilmişdir. Yarışın nəticələrinə əsasən iyul ayında
İsmayıllı şəhərində keçiriləcək yeniyetmələr arasında
respublika şahmat olimpiadasında iştirak edəcək
şahmatçılar da müəyyən edilmişdir.
Şahmatçılarımıza uğurlar arzulayırıq.
Asif AĞAYEV,
Şamaxı Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru,
əməkdar müəllim |