Azərbaycan Dövlət Filarmoniyasında uşaq və gənclər
arasında xalq çalğı alətləri ifaçılarının III respublika
müsabiqəsi qaliblərinin yekun konserti keçirilib.
Konsertdə çıxış edən mədəniyyət və turizm nazirinin
müavini Sevda Məmmədəliyeva və Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professoru, xalq artisti
Ramiz Quliyev müsabiqənin əhəmiyyətindən söz açıblar.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin
təşkilatçılığı ilə keçirilən müsabiqədə əsas məqsəd
Azərbaycanda musiqi təhsilinin inkişaf etdirilməsi, xalq
çalğı alətlərinin təbliği, gənc istedadların üzə
çıxarılması, onların peşəkarlıq səviyyələrinin
yüksəldilməsidir.
2 turdan ibarət olan müsabiqədə 6 ixtisas (tar,
kamança, kanon, qarmon, balaban, saz) və 3 yaş qrupu
(10-12 yaş, 13-15 yaş, 16-18 yaş) üzrə respublikada
fəaliyyət göstərən uşaq musiqi və incəsənət
məktəblərindən, musiqi kolleclərindən, Azərbaycan Milli
Konservatoriyasından, Respublika İncəsənət
Gimnaziyasından, Bülbül adına Orta İxtisas Musiqi
Məktəbindən, Qafqaz Universitetindən şagird və
tələbələr iştirak ediblər. Müsabiqənin əsasnaməsinə
uyğun olaraq, birinci turda etüd, Azərbaycan və dünya
bəstəkarlarının pyesləri, həmçinin saz və aşıq havaları,
ikinci turda isə irihəcmli əsərlər, muğam, ənənəvi saz
və aşıq havaları ifa olunub. Müsabiqə çərçivəsində
müvafiq ixtisaslar üzrə ustad dərsləri də keçirilib.
Birinci turda müvəffəqiyyətlə iştirak etmiş 150 şagird
və tələbə ikinci turda iştirak etmək hüququ qazanıb.
Müsabiqədə fərqlənənlər Mədəniyyət və Turizm
Nazirliyinin I, II, III dərəcəli diplomlarına və laureat
adına layiq görülüblər.
Sonda qaliblərin yekun konserti maraqla
qarşılanıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |