Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzi hesabat konsertləri ilə çıxış edib.
Mərkəzin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram
Teatrında keçirdiyi "Dostluq çələngi" adlı hesabat
konsertində "Milli rəqs" dərnəyinin üzvləri
valideynləri, Təhsil Nazirliyinin, Nizami Rayon İcra
Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin nümayəndələri qarşısında
bacarıqlarını göstəriblər.
Konsertdə "Milli rəqs" dərnəyinin rəhbəri Lalə
İbrahimovanın qurduğu "Bayram", "Yallı", "Qaval",
"Azərbaycan" və digər milli rəqslər müxtəlif yaş
dövründə olan rəqs qruplarının ifasında nümayiş
etdirilib. Bundan başqa, uşaqların ifasında bir neçə
müasir rəqslər və dünya xalqlarının "Tarantella",
"Kovboy", "Sirtaki", "Lambada", "Holland" kimi rəqsləri
konsertə xüsusi rəngarənglik qatıb.
Mərkəzin "Vokal" dərnəyinin, "Çiçəyim" uşaq teatrının
üzvləri və "Milli rəqs" dərnəyinin oğlanlardan ibarət
qrupu da mahnı və rəqslərini ifa ediblər. Konsert
"Dostluq rəqsi" adlı kompozisiya ilə başa çatıb. Bu
kompozisiyada 60 dərnək üzvünün ifasında dünya
xalqlarının rəqsləri göstərilib.
Yaradıcılıq Mərkəzinin daha bir hesabat konserti "Bizim
rəqs dünyamız" mövzusunda olub. Burada "Milli rəqs"
dərnəyinin üzvləri rəngarəng proqramla çıxış ediblər.
Konsertdə "Milli rəqs" dərnəyinin rəhbəri Samirə
Musaimin qurduğu Azərbaycan xalq rəqsləri müxtəlif yaş
dövründə olan rəqs qruplarının ifasında nümayiş olunub.
Bundan başqa, qızların ifasında bir neçə müasir rəqslər
və dünya xalqlarının milli rəqsləri konsertə xüsusi
rəngarənglik qatıb.
Konsertdə Yaradıcılıq Mərkəzinin "Mahnı teatrı"nın
üzvləri və "Milli rəqs" dərnəyinin oğlanlardan ibarət
qrupu da iştirak edib. |