Bu
günlərdə Şamaxı şəhər M.Hadi adına 9 nömrəli tam orta
məktəbdə bədii qiraət, rəssamlıq, şairlik bacarıq və
qabiliyyətlərinə, eləcə də yüksək təlim-tərbiyə
göstəricilərinə malik Fatimə Bayramovaya həsr edilmiş
kitabın təqdimatı keçirilib.
Kitabın müəllifi tədqiqatçı-filoloq, Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi, bir neçə media
mükafatı laureatı, 200-dən çox elmi-metodiki, publisist
məqalələrin, 2 monoqrafiya və 4 kitab müəllifi, Şamaxı
RTŞ Metodkabinetinin müdiri Ədalət Məmmədovdur.
Tədbirdə şəhər 9 nömrəli tam orta məktəbin
müəllim-şagird kollektivi ilə yanaşı RİH-in, RTŞ-ın,
Rayon Mədəniyyət Şöbəsinin, İncəsənət Mərkəzinin,
məktəb rəhbərlərinin, rayonun tanınmış ziyalıları
iştirak ediblər. Məktəbin direktoru Xasay İsayev çıxış
edərək tədbirin mahiyyətini açıqlayıb, 13 yaşlı
istedadın məktəbin şöhrətlənməsində göstərdiyi
xidmətlərdən, xüsusən rəsm əsərlərindən söz açıb.
Tədbirdə Şamaxı RİH başçısının müavini Gülnisə
Ələkbərova fitri istedadı ilə yoldaşlarından fərqlənən
Fatimənin dərin mənalı, yeni poetik nəfəsli, incə
duyumlu şeirlərinə münasibət bildirərək Şamaxının bir
istedadlar diyarı olduğunu, ümumiyyətlə rayonun bütün
ümumtəhsil məktəblərində istedadlı uşaqların aşkar
edilməsi və onlara xüsusi qayğı göstərməyin vacibliyini
bildirib.
Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev
belə tədbirlərin şagirdlərin dünyagörüşünün
formalaşmasında böyük əhəmiyyət daşıdığını vurğulayaraq
"İstedadın ünvanı" kitabı barədə ürək sözlərini
söyləyib.
Tədbirin sonunda "İstedadın ünvanı" kitabının müəllifi
Ədalət Məmmədov və digərləri çıxış edərək Fatimə
Bayramovaya uğurlar arzuladılar.
Nişanə EYUBOVA,
Şamaxı RTŞ-ın Azərbaycan dili və ədəbiyyat üzrə
metodisti |