Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Abbasqulu Ağa BAKIXANOV - 220

"Kitabi-Əsgəriyyə"  hekayəsinin məzmununa yeni baxış

 

Abbasqulu Ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" hekayəsinin adından göründüyü kimi, bu, müəllifin əsərinə ad qoyması ilə yanaşı, həm də onun janrının müəyyənləşdirilməsi cəhdidir. "Kitabi-Dədə Qorqud" dastanından başqa ədəbiyyat tariximizə "Kitabi-Məhəmmədiyyə" (Məhəmməd Əfəndi Yazıçızadə, İstanbul, 1863), "Kitabi-Seyfəlmülk"(1887), "Kitabi-Qəhrəmannameyi-türki" (1911), "Kitabi-Rüstəmnameyi-türki", "Kitabi-Dədə Muxtar" (1913), "Kitabi-Muxtarnamə" kimi əsərlər də məlumdur. "Kitab" sözünün bir ədəbi termin olaraq epik növün irihəcmli əsərlərinin adlandırılması Qədim yunan ədəbiyyatından məlumdur. Çox qədim bir tarixə malik olan süjetin əsrlərlə yeni fabulada, yeni üslubda inkişafını müşahidə edirik ki, bunun da ən yaxşı izahını görkəmli ədəbiyyatşünas-kulturoloq Əhməd bəy Ağayevin sözləri ilə verə bilərik: "Fəqət həyat bir külli-tamdır, ikiyə bölünməz.., Yenilik, əskilik yoxdur. Yalnız hər hansı zamanda müasirləşmək vardır. Müasirləşmək isə mazinin hal ilə imtizac etməsindən ibarətdir... İştə o zaman həyatın təcəllası olan ədəbiyyat da yolunu, istiqamətini bularaq təqlidçilikdən qurtarır". 

"Kitabi-Əsgəriyyə" hekayəsinin sərlövhəsinə çıxarılmış baş qəhrəmanının adı da müxtəlif məna çalarlarına görə diqqətəlayiqdir. Ərəb dilində daha çox "ən kiçik" mənasında işlənən "əsgər" sözü həm də "dil və ürək" mənasını  ifadə edir. Əsərin ekspozisiyasında Əsgərin cəmiyyətdə mövqeyi "ol cavani-suxtəcan həmişə rüəsi-mənabirdə və məcməi-əkabirdəvü əsağirdə mərsiyəxan" kimi səciyyələndirilir ki, burada da qəhrəmanın adı mövqe kimi çıxış etmiş olur. Bu xüsus da Əsgər kimi kiçiklərin cəmiyyətdəki halının ifadəsini müəllifin ideya istiqamətlərindən biri kimi başa düşməyimizə imkan yaradır.

"Əsgər" adının  "Dil və ürəyin bir olmaq" ifadəsi isə öz mənasını  hekayədə şeir parçasındakı "Göftarı fünuni-mehrə inkar" misrasında tapır. Əsgərin "Söhbətinin məhəbbət fənninə inkar olması" özünü iki aspektdə göstərir. Birincisi, mərsiyəxan olmaqla Əsgər İslam şəhidlərinə olan "məhəbbətini" gəlir mənbəyinə çevirməlidir. "Leyli"sinə olan məhəbbətinin bəhrəsini isə doğru yolla qazana bilməyəndə  hiylə yolu ilə əldə etməyə çalışır.

  Hekayənin süjet xətti Əsgərin oxuculara təqdimi ilə başlayır: "Adı çəkilmiş canı yanan sadiq aşiq və təngə gətirilmiş olan halı pərişan biçarə aşiqin əhvalının qısaca xülasəsi möhnəti-məlalda rəftarının izahı oldur ki, Quba şəhərində Ahəngərzadə Əsgər adlı bit təzə yetişmiş şirin cavan cazibədar xasiyyətli olub ki, hüsnü söhbət bəyanında və gözəllikdə zahiri cəhətdən camalda bənzəri yox idi". Əsgərin tərifini tamamlamaq üçün əlavə etdiyi nəzm parçasında da onun daxili məziyyətlərini deyil, zahiri cazibəsini tərənnüm edir və etirafnamə olaraq bunu deməyi də özünə borc bilir ki, "Göftarı fünuni-mehrə inkar"dır ("Söhbəti məhəbbət fənninə inkardır").  Bununla da müəllif Əsgərin məşğul olduğu mərsiyəxanlıq peşəsinə öz münasibətini göstərmiş olur. Bakıxanovun hekayənin əvvəlində vurğuladığı kimi, mövzunu "incə mətləb ilə ağıl sahiblərinə" bəyan etdiyindən  və "bu ləzzətli üslubla nişanələr qələmini yürütdü"yündən  həqiqətə varmaq üçün əsərin hər cümləsi oxucudan dərin mühakimələr tələb edir. "Nişanələr qələmilə" ifadəsi yazıçının əsərini eyhamların dili ilə yazmasının etirafıdır. Bakıxanovun tənqidi münasibəti əsərin girişindən etibarən özünü göstərməyə başlayır. Hər iki şeir parçasında lirizmi inkar yekunlaşdırır.

 "Kitabi-Əsgəriyyə" hekayəsinin əsas qəhrəmanı Əsgər ustadının gözəllikdə misli olmayan qızı ilə ünsiyyət bağlayıb  gün-gündən məhəbbətini artırır: "...arzunun əlaməti bir məqama yetdi ki, zövqi-aləmdə guya iki cismdə bir ruh oldu." Bu ərəfədə müəllim olan mərsiyəxan qəflətən dünyasını dəyişir. Hekayənin "zavyazkası" da buradan başlayır. Hadisələrin təsviri tamamilə lirik intonasiyadan çıxıb satirik-yumoristik çalar alır: "Bu əsnada məlum olan müəllim hadisələr aləmindən əlaqələr bağını qırıb bəzəkli hurilərlə qucaqlaşdı və şərab piyaləsinin nəşəsi ilə paklaşdı (rəhmətullahi-əleyh)".

Mərsiyəxan son nəfəsində vəsiyyətini oz tələbəsinə edir: "...əhli-beyti-naşünasın (tanınmayan ev adamlarını), xüsusən, Hüseyn və Abbasın və miras qalan mal-mülkündən (müxəlləfatdan)  əmmamə, pustin (kürk) və əbasın, cübbə, şanə (daraq), misvak və ridasın (dərvişlərin çiyinlərinə atdıqları yun qumaş), küləcə (yarımxəz üst geyimi), şali-kəmərbənd (parçadan olan belbağı) və qabasın (üst paltarı) ol cavana həvalə edib yerində canişin etdi". Mərsiyəxan iki oğlunu, qızı və arvadını cüzi "müxəlləfat" ilə yeniyetmə bir gəncin himayəsinə verir. Cavan mərsiyaxanın boynuna vəlilik və vəsilik  kimi ağır vəzifə qoyulur. Lakin cavan aşiq  bu yükün ağırlığından xəbərdar deyil, o, hələ özgə xəyaldadır: "O, dəxi nişatü nəhayət sevincdən ürəyi açılaraq görüş məkanına məhrəm olub zövqlə ruzigarın keçirirdi". O zamana qədər ki,  cahil mühit, bekar və sözgəzdirən adamlar bu ünsiyyətdən xəbər tutur. Bu məqam əsərin yüksələn xətlə inkişaf edən konfliktinin birinci mərhələsini təşkil edir.  Konflikt burada, əslində, fərdlər arasında deyil, ənənə və şəriət arasındadır:  formal əxlaq tərəfdarları və İslamın verdiyi azad nikah haqları qarşı-qarşıya gəlir. Lakin elmsiz bir cəmiyyətin sütunları yalnız ənənədir: "Avam adamların idrak və mərifətlərinin yüksək dərəcəsi təqliddir. Onlar heç bir halda təqliddən kənara çıxmağa qadir deyillər. Etdikləri hər cür təhqiqat və təfəkkür zirəklikdən deyil, adət üzündəndir".

Yazıçı sevgililərin qovuşmasındakı maneələri "dəsti-müsibət" adlandırır. Bu maneələrdən birincisi "bivəfa ərdəbillilər"dir ki, mərsiyəxanın qızının dilindən onların mühiti tənqid olunur:

Yoxdur bizə bir rəhm qılan sahibi-namus,

Səd ah, səd əfsus!

Bu şəhirdə bir mö`münü dindar tapılmaz,

Gər var, tapılmaz.

Bu müsibət dəstinə qızın qardaşları olan Hüseyn və Abbas da daxildir: "Ah bunları bu hal ilə görüb və dəsti-müsibət başa vurub kim gəldi?

Beyt

Hüseyn! Hansı Hüseyn? Dudmanın şərəfi,

Desəm dürüstünü əhli-zəmanə naxələfi.

Qız öz qardaşına qarğış  edərək " Ah qardaş, kaş sənin kimi naxələf ölə idi, bu günləri görməyə idi", onu "əxül-idbar" da adlandırır.

Daha sonra yazıçı  xarakterin açılmasına kömək edən dialoqa müraciət edir:

- Ey arami-canım! Fikr elə ki, atandan qalan əmmaməni başıma qoyub, əbasın çiynimə salıb və Abbasın qucağıma alıb bir nifrin eləyərəm ki, düşmənlərimizdən biri də yer üzündə qalmaz.

- Ey aşiqi-mehribanım! Bu sözlər fayda verməz. Bir fikir elə ki, bu yerə gəlmək üçün əlində bəhanə olsun və xalq bədgüman etməsin.

Əsgərin xarakterinin açılması üçün burada yazıçı oxucunu bir qədər intizarda saxlayır. Əsgərin nitqindəki ironiyanın onun özünə, yoxsa müəllifə aid olduğunu hələ qəti müəyyənləşdirmək olmur. Hekayədə obrazların xarakteri onların öz nitqində açıldığı üçün hər bir növbəti dialoq məhz bu məqsədə xidmət edir. 

Əsgərin maneələri aşmağa qüdrəti yoxdur. Buna görə də o, sevgilisi ilə bəhanəsiz görüşə bilməyəcəyi üçün hiyləyə əl atmalı olur: "- Ey yari mehribanım! On şahi pul sənə verim, amma məni rədd etmə, hər vaxt gəlib ol məbləği geri tələb eyləsəm, hər bəhanə ilə təxir et. Bəlkə bu vəsilə ilə bir-birimizi görmək müyəssər ola."  Lakin bu bəhanə də "alçaqları bəsləyən aləm" içində fayda vermir. Bu məsələni maraqlı bir hadisə kimi məhəllə rəisinə çatdırırlar. O da öz növbəsində əmr verir ki, aşiqi harada görsələr, tutub işgəncə versinlər. Əsgərin bu mübarizədə silahı qanun və dəlil deyil, and və qarğış olur. Axır bir gün "çörəyin üstünə kərə yaxıb yola çıxır" və məhəllə rəisinə öz and və qarğışını yetirir. Və bununla da yuxarıdakı bəhsimizə aydınlıq gətirilmiş olur ki, Əsgərin mövhum inancları müəllifin istehza obyektidir. Məhəllə rəisi üçün də məsələni qanunlar deyil, qorxu və xof həll etmiş olur. Üstəlik, əgər "çörəyin üstünə kərəni" rəisə bağışlanmış hədiyyə kimi başa düşsək, mövzuya bir də rüşvət məsələsini əlavə etmiş olarıq. Amma qeybət daha amansızdır. Məhəllə adamları arasında söz-söhbət kəsilmədiyindən Əsgərin sevgilisi Quba şəhərini müəyyən müddətə tərk etməli olur. Bu ayrılıq məqamında sevgililərin göz yaşı, ahı və naləsi mübaliğəli və xəfif bir yumoristik dillə hekayənin yeni mövzusuna çevrilir: "Xülasə, növbənöv nalə və şivən ilə bir-birindən vida edib, məşuqə səfər qıldı"; "Ol qəmli məzlumə dəxi, gündüzlər qərarsız axan göz yaşlarını yollara sübut edərdi, gecələr yataq otağının şə`mini ah alovu ilə yandırardı. Göz yaşı və nalə ilə qapanaraq gəzirdi, ürək qəmli, göz nəmli, hər mənzilə kim vürud edər, bu növ`ilə nəğmə deməyə başlayardı". Nəhayət, vüsal dəmi yetişir, lakin ardınca daha böyük bir fəlakət gətirmiş olur. Konfliktin ikinci düyünü: Əsgərin sevgilisi bildirir  ki, "...atan vəsfini bəyan etdiyindən mehriban anam dəxi ona aşiq olmuşdur". Bu yeni situasiya Əsgərin göz yaşını artırsa da, oxucunun daha şiddətli gülüşünə səbəb olur. Əsərdə tədbirli bir obraz kimi çıxış edən sevgili qız  qanun və şəriəti yada salır: "Nə ola əgər varub şəriət ehkamında diqqətlə araşdırasan, əgər caiz və mübah (şəriətcə haram və məkruh olmayan şey) olsa, məni sən aldıqdan sonra hörmətli validəmi də ki, böyük mövqe tutmuş validinin təzvici (nikahı) ilə şad qılasan".  Gülüş getdikcə şiddətlənir və yenə öz hədəfini "ustad" mərsiyəxanın üzərinə yönəldir: "...əhli-beyt arasında təfriqə düşməsin. Və Abbas, Hüseyn bir-birindən ayrılmasın və başsız qalmış mirasın cəminə (Miras da ki məlumdur - K.Nəhmətova)  malik olub alimiqdar validim  məqamında onu əvəz edən ada sahib olasan". Bu cümlədə yenə mərsiyəxanın zahiri atributlarla bəzədiyi həyatı yazıçının satirik gülüşünə hədəf olur.  

Əsgər məsələni şəriət baxımından aydınlaşdırmaq üçün dövrünün "yeganəsi" hesab olunan "fəzilət sahibi bir alimə" müraciət edir. Əsgərin sualı əsərin konfliktinin əsas kulminasiya nöqtəsidir: "Bir kimsə əgər həddi-büluğa çatmamış bir qızı nikah yaşına qədər böyütsə, qəflətən nikahlı atasının qızın anasından izdivac mənfəəti alması caizdirmi?". Lakin alim bu məsələni şəriət qanunlarına əsasən həll etmək əvəzinə, "məzhəbi-eşq", "fitvayi-piri-eşq" (eşq təriqətinin başçısının hökmü) kimi mücərrəd və əsassız anlayışlarla məsələni həllolunmazlığa qədər gətirib çıxarır. " Hələ ki mətləb düyünlərinin çözümü yubanırdı" və bununla da konfliktin üçüncü mərhələsi razvyazkasız finala qədəm qoyur.   Lakin şəriətdə bu məsələdə heç bir maneə yoxdur. Problemin təzahür etdiyi "ərdəbillilər" məhəlləsinin inandığı şiə məzhəbinə görə də məsələ "caiz" deyə həll olunmalıdır. Ortada ikinci bir məsələ də var ki, bu da Əsgərin sevdiyi qıza, onun anasına və qardaşlarına qəyyumluğudur. Lakin bu məsələdə də şəriətcə heç bir qadağa görünmür, çünki  vəli olan gənclə onun sevdiyi qız arasında əvvəldən heç bir qohumluq əlaqəsi olmamışdır. Konflikti mürəkkəbləşdirən daha mühüm bir məsələ də yalnız böyüdücü rakursdan baxdıqda nəzərəçarpacaq bir xüsusdur ki, bu da qızın hələ həddi-büluğa çatmamasıdır. Bu məsələni yazıçı ötəri bir ifadənin içərisində gizləmişdir: "Bir kimsə əgər bir səbiyyəni həbaleyi-nikahə gətirsə,..". Bütün bunlarla yazıçı kiçik bir məhəllədə böyük kolliziyalar yaratmaqla dövrünün minipanoramını göz önünə gətirməyə çalışmışdır.

Final: Əsgər o qədər  nalə və şivən qopardı ki, bihuş olub zahirə açılan gözləri qapandı və bəsirət gözü açıldı. Yuxu aləmində gördü ki, ustadı minbərə çıxıb moizələr edərkən onu çağırıb qızını Əsgərə nikahlayır: "- Ey gözümün işığı! Xoştale qızımı sənə nikahladım. Bundan sonra mənim malım və əyalım sənə məxsusdur. Amma gərəkdir ki, mənim Abbasımı əziz tutasan, nəvazişlər edəsən". Əsgər yuxunu xeyrə yozub dostlarına danışır və "cəlal sahibinin yardım edən lütfünü arzulamaqla uzun müddət gözləyir". Göründüyü kimi, hekayə Əsgərin xarakterinə uyğun olaraq  mövhumi sonluqla bitir və konflikt həll olunmamış qalır.

"Kitabi-Əsgəriyyə" əsərinin çoxcəhətli xüsusiyyətləri ilk tədqiqatlardan etibarən bir çox alimlərin diqqətini çəkmiş və əsərin janrının müəyyənləşdirilməsi üçün hərtərəfli təhlilə ehtiyac olduğunu hiss etdirmişdir. Əsərin realist səpgisi, klassik ənənələrə gətirdiyi yeniliklər H.Əfəndiyev, F.Qasımzadə, Z.Əsgərli və b. tərəfindən Abbasqulu Ağa Bakıxanovun novatorluğu kimi qiymətləndirilmişdir. Lakin bütün elmi təhlillərdə "Kitabi-Əsgəriyyə" lirik hekayə kimi dəyərləndirilir. Əsərin mürəkkəb tərkibli dilinin çətinliklərini aradan qaldırdıqda təhkiyənin dili və üslubu, müəllifin hadisələrə və obrazlara münasibəti daha aydın nəzərə çarpdığından  obyektiv təhlilinə nail olmaq mümkündür.

Təhkiyənin lirik-psixoloji motivlərlə zəngin ironik pafosunu, süjet xəttinin inkişafının komik dramatizmini nəzərə alaraq onu  satirik-yumoristik hekayə adlandırırıq. Hekayənin zəngin cəhətlərindən biri də budur ki, burada gülüşün müxtəlif çalarlarından istifadə olunmuşdur. Kinayə ilə yoğrulmuş müəllif təhkiyəsi kolliziyaların toqquşmasında sarkazma çevrilir. Eyni zamanda əsər boyunca aşiqin göz yaşlarının yumoristik təsviri özünü göstərməkdədir ki, bu islahedici gülüş yazıçının öz qəhrəmanına aşiqliyindən dolayı rəğbətindən doğur.

 "Kitabi-Əsgəriyyə" hekayəsində "zövqəngiz" dillə hər dövr üçün aktual olan çox ciddi ictimai-fəlsəfi problem qoyulmuşdur: cəmiyyəti qanunlarmı, yaxud ənənəmi idarə etməlidir?!  Bakıxanovun  didaktik əsərlərindən və bir sıra rəsmi məktublarından görürük ki, qanun deyəndə ədib ilk növbədə şəriət qanunlarını nəzərdə tuturdu. Yazıçını narahat edən ikinci bir sual isə bu idi: Şəriət kimlərin əlindədir və ondan hansı vasitələrlə istifadə edilir?  Bu sualı A.Bakıxanov "Kitabi-Əsgəriyyə"də eyhamla qoymuş, Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"nda açıq cavabını vermiş, Nəriman Nərimanov "Bahadır və Sona" romanında və Sultan Məcid Qənizadə "Məktubati-Şeyda bəy Şirvani" dilogiyasında problemin bədii-estetik həllini tapmağa çalışmışlar. A.Bakıxanovun öz hekayəsində tənqid hədəfinə çevirdiyi ictimai stereotiplər XIX əsrin digər maarifpərvər ədiblərinin də əsərlərində öz etoloji əksini tapmaqla artıq bədii yaradıcılığın problematikasına çevrilmişdir. 

Könül NƏHMƏTOVA,
filologiya üzrə fəlsəfə doktoru,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov