Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

 

Böyütmək üçün şəkili seçinKurikulum üzrə təlim əzbərçiliyə deyil, həyati bacarıqlara, birbaşa nəticəyə aparan yoldur. Bu zaman müəllim və şagirdlərin fəaliyyət mexanizmi dəyişir. Müəllim də, şagird də axtarır, tədqiq edir. Müəllim şagirdləri müstəqil, yaradıcı fəaliyyətə istiqamətləndirməklə onun öz fəaliyyətinin nəticələrini qiymətləndirməyi bacaran şəxsiyyət kimi formalaşmasına bələdçilik etmiş olur.

Təlim prosesinin düzgün aparılması müəllimlərin öz işinə yaradıcı münasibətindən asılıdır. Hər bir şagird, hər seydən əvvəl, vətəndaşdır və müəllim də şagirdə bu istiqamətdə yanaşmalıdır. Müəllimin səmimi, qayğıkeş münasibəti şagirdi elmə, biliyə həvəsləndirir. Ona görə də  indi müəllimlər şagirdləri yormadan, az vaxt sərf etməklə çox və keyfiyyətli iş görməlidirlər. Bugünkü işin keyfiyyəti əvvəlki sistemə nisbətən qat-qat üstün olmalı, yenilik hamının səyi ilə reallaşdırılmalıdır. İndi məqsəd daha müstəqil, fəal, yaradıcı qabiliyyətə malik olan, həyati bacarıqlara yiyələnən əsl vətəndaşlar formalaşdırmaqdır.

Uzun illik təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə almayan müəllim  müvəffəqiyyət qazana bilmir. Şəxsiyyətə hörmətlə tələbkarlığın birliyini təmin etmək tərbiyə işində mühüm amillərdəndir. Dərs zamanı şagirdə valideyn qayğısı göstərən, nəvazişli olan, güzəştə getməyi bacaran müəllim, eyni zamanda, ciddiliyini, tələbkarlığını unutmursa, o, daim uğur qazanır.

Təlim və tərbiyənin qarşılıqlı əlaqəsi və bir-birinə zəmin yaratması pedaqoji prosesin tamlığını daha da gücləndirir. Bunları nəzərə alaraq dərslərimdə tədris etdiyim  fənnin tərbiyəvi imkanlarından nəinki maksimum dərəcədə istifadə edir, həm də bu işi dərsdənkənar tədbirlərlə möhkəmləndirməyə çalışıram.

Təlim zamanı diqqəti, iradəni, təfəkkürü, təxəyyülü və s. psixoloji xüsusiyyətləri inkişaf etdirmədən mənimsəmənin səviyyəsini yüksəltmək olduqca çətindir. Müəllimlərin bir qismi şagirdlərin mümkün qədər çoxlu faktları yadda saxlamasına üstünlük verir, digər bir qismi isə əsas diqqəti məntiqi mühakiməyə yönəltməklə güman edirlər ki, faktları şagird özü də toplaya bilər. Yalnız faktları yadda saxlamağa və ya faktlarsız mühakimə yürütməyə şagirdləri sövq etməyin hər ikisi eyni dərəcədə zərərlidir. Zənnimcə, bu iki qabiliyyət birlikdə inkişaf etdirilməlidir. Düşünməyi bacarmaq üçün şagird faktları yadda  saxlamalıdır, yadda saxlamaq üçün onları qruplaşdırmalı, müqayisə etməli, nəticə çıxarmalı, yəni mühakimə yürütməlidir. Hafizəni təfəkkürdən, təfəkkürü hafizədən ayırmağa və onları ayrılıqda inkişaf etdirməyə meyil göstərən müəllim şagird psixikasının vəhdətdə formalaşmasına ziyan vurmuş olur.

Təlimdə şagirdin öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlərdən bir neçəsini qeyd etmək istərdim:

1. Öyrənmə prosesində dərketmə əməliyyatlarının olması.

2. Öyrənmədə motivlərin rolu.

3. Öyrənmədə dərketmə maraqları.

4. Öyrənmədə ünsiyyət.

5. Öyrənmədə şagirdlərin müstəqilliyi və fəallığı.

Şagirdlərdə öyrənmə fəaliyyəti onlarda dərketmə əməliyyatlarının sistemi kimi özünü göstərir. Dərketmə əməliyyatı dedikdə, yəni təlim tapşırıqlarının şagirdlər tərəfindən uğurlu icrasına imkan verən təfəkkür tərzi nəzərdə tutulur. Şagird hər hansı bir tapşırığı əməli şəkildə yerinə yetirərkən, istər-istəməz, psixoloji fəaliyyətdə olur. Bu zaman o, sözlərdən, rəqəmlərdən, sxemlərdən və başqa işarələrdən istifadə edir. Şagird öyrənmə fəaliyyəti zamanı psixoloji səy göstərir, düşünməli olur. Başqa sözlə, təlim zamanı şagirdlər mənim rəhbərliyim altında bilik əldə etməklə yanaşı, həm də müstəqil öyrənməyə də alışırlar. İbtidai sinif müəllimi kimi həmişə şagirdlərimdə dərketmə marağının inkişafına xüsusi fikir verirəm. Şagirdlərimdə dərketmə maraqları inkişafın müxtəlif mərhələlərində başqa-başqa formalarda özünü göstərir. Bu cür müxtəliflik isə öyrənmədə uşaqların fəallıq və müstəqillik dərəcəsini şərtləndirən səbəblərdən biri olur. Dərketmə maraqlarının şagirdlərdə inkişaf səviyyəsini bu maraqların məzmununa görə təyin etmək mümkündür. Məzmununa görə şagirdlərin idrak maraqları zəif, orta, yüksək olmaqla üç səviyyədə özünü göstərə bilir.

Zəif səviyyədə olan şagird hadisələrin təsvirinə meyil edir.

Orta səviyyədə olan şagird səbəb-nəticə əlaqələrini aşkara çıxarmağa can atır.

Yüksək səviyyədə olan şagird nəzəri məsələlərə, tam müstəqil fəaliyyətə, yeniliyə maraq göstərir.

Səviyyələri müəyyənləşdirəndən sonra müəllim şagirdləri istiqamətləndirə bilir. Dərketmə marağı davamlı olarsa, şagirdlər təlimdə daha sərbəst, daha inamla, daha cəsarətlə işləyərlər.

Məlumdur ki, məktəb şagirdi hissə-hissə tərbiyə etmir, onu yalnız istehsalat üçün və ya yalnız elm üçün hazırlamır.  Pedaqoji proses şagirdi geniş mənada həyata hazırlayır, onu həm elmi biliklərlə silahlandırır, həm də onda ətraf mühitə düzgün münasibət formalaşdırır. Buna görə də psixoloji inkişaf pedaqoji prosesin tamlığına xidmət etməli olur.

Psixoloji inkişafda müəllim-şagird ünsiyyəti də əsasdır. Təlimdə müəllimin səmimiyyətindən, mülayimliyindən, qayğıkeşliyindən çox şey asılıdır. Müəllimdə bu keyfiyyətləri görən şagirdin təlimə, məktəbə, biliyə, öyrənməyə meyli artır. Lakin əksinə olarsa, şagird nəinki həmin müəllimlə ünsiyyətdən çəkinir, onun fənninə marağı azalır, hətta başqa fənlərə də soyuq münasibət göstərir. 

Nailə ABDALOVA,
Bakıdakı 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov