Ümumtəhsil
pilləsinin dövlət standartları və proqramları, təhsil
islahatları və ilk peşə-ixtisas təhsili kurikulumu
respublikamızın müxtəlif tədris müəssisələrində tətbiq
olunur. 2009-2010-cu tədris ilindən başlayaraq
ümumtəhsil pilləsinin dövlət standartları və
proqramları, təhsil islahatları və ilk peşə-ixtisas
təhsili kurikulumu istiqamətində 18 nömrəli Bakı Peşə
Liseyində də lazım olan bütün tədbirlər görülmüş, bu gün
də bu işlər davam etdirilir.
Ümumtəhsil pilləsinin dövlət standartları və
proqramları, "Təhsil islahatları və ilk peşə-ixtisas
təhsili" kurikulumunun liseyin 2 qrupunda - 69 saylı
(mühasib, fərdi kompüter operatoru) və 73 saylı (satıcı,
nəzarətçi kassir) eksperiment qaydada tətbiqi
kollektiv tərəfindən yekdilliklə qəbul olundu. Eləcə də
müasir islahatlar çərçivəsində yeni qiymətləndirmə
aparmaq üçün test imtahanları keçirməyin zəruri olduğu
müzakirə olundu. Yeni qiymətləndirmə mexanizmini həyata
keçirmək üçün pedaqoji kollektiv lazımi hazırlıq
işlərini başa çatdırmışdır. Həmin qruplarda tədris plan
və proqram materiallarının kurikulum əsasında tərtib
olunması, qiymətləndirmənin hansı üsul və formada həyata
keçiriləcəyi, tələbələrin bilik, bacarıq və
vərdişlərinin daimi izlənməsi analitik qiymətləndirməni
həyata keçirmək üçün "Monitorunq" jurnalının
hazırlanması və s. məsələlər metodiki komissiyaların
iclaslarında müzakirə olunaraq yekdil fikrə gəlinmiş,
biliyin qiymətləndirməsinin test üsulu ilə həyata
keçirilməsi haqqında qərar qəbul olunmuşdur.
Qiymətləndirilmənin reallaşdırılması üçün zəruri
vəsaitlər (testlər, tapşırıq variantları)
hazırlanmışdır. Sentyabr ayından etibarən yeni
qiymətləndirmənin tələblərinə uyğun yeni formada
"qiymətləndirmə jurnalı" tərtib edilmişdir. Hər bir
tələbənin 5 meyar üzrə qiymətləndirilməsı həyata
keçirilir və əvvəlki illərdən fərqli olaraq ayrı-ayrı
fənləri tədris edən müəllimlər öz fənləri üzrə müxtəlif
qiymətləndirmə meyarları tərtib etmişlər. Belə ki,
qiymətləndirmənin tələblərinə uyğun olaraq müəllim hər
bir tələbənin "Təqdim edir", "Fərqləndirir", "Nəticə
çıxarır", "Əməkdaşlıq edir" və "Ünsiyyət yaradır"
meyarları üzrə qiymətləndirmə həyata keçirir. Artıq
ilin əvvəlində müəllimlərimiz diaqnostik qiymətləndirmə
yolu ilə liseyə daxil olan tələbələrin bilik
səviyyələrinin yoxlanılmasını həyata keçirmiş, formativ
qiymətləndirmə mərhələsi yekunlaşdırılmış, summativ
qiymətləndirilmə aparılmışdır. Yəni liseydaxili
qiymətləndirmə prosesi "təhsil alan hansı səviyyədə idi
və hansı səviyyəyə qalxdı" kimi sualları cavablandırır,
inkişaf dinamikasının monitorinq izlənməsi postulatı
əsas kimi ön plana çəkilir. Beləliklə, müəllimin fərdi
fikrinə əsaslanan biliyə qiymətvermə tələbi bu gün
təhsilalanın inkişaf nailiyyətinin qiymətləndirilməsi
modeli ilə əvəz olunmuşdur. Bütün hallarda bu və ya
digər bir yeni mexanizmin həyata keçirilməsindən əvvəl
biz, öyrədilənlərin öyrədilməsi sisteminin tətbiqinə
diqqət yetiririk. Yekun qiymətləndirmənin aparıldığı
mərhələlərdə test sualları (qiymətləndirmə sualları)
əslində "Məzmun standartlar"na uyğun olaraq səviyyələr
üzrə hazırlanır. Tədris prosesinin sonunda bütün
səviyyələr üzrə sualların obyektiv bölgüsü aşağıdakı
kimi müəyyənləşdirilir: səviyyə - 1 üzrə suallar 20%,
səviyyə - 2 üzrə suallar 30%, səviyyə - 3 üzrə
suallar 30%, səviyyə - 4 üzrə suallar 20% .
Bunların nəticəsi olaraq 2011-2012-ci tədris ilində 69
saylı (mühasib, fərdi kompüter operatoru) və 73 saylı
(satıcı, nəzarətçi kassir) eksperiment qruplarda
dərslərin planlaşdırılması ənənəvi təhsil proqramından
fərqli olaraq müasir kurikulumla həyata keçirilməyə
başlamış, məzmunun yeniləşdirilməsi, ümumi təlim
nəticələri nəzərə alınaraq yeni təlim strategiyalarının
tətbiqinə, inteqrativ təlimə geniş yer verməyə, yeni
qiymətləndirmə mexanizmi tətbiq edilməyə başlanmışdır.
Hər iki qrupda summativ qiymətləndirmə üçün test
tapşırıqları hazırlanmış və həyata keçirilmişdir.
Qiymətləndirmənin yeni mexanizminin tətbiqi tələbələrin
bilik və bacarığının yüksələn xətlə inkişaf etdiyini
göstərdi. Tədris ilinin sonunda aparılan analizin
nəticəsi göstərdi ki, hər iki qrupda mənimsəmənin
səviyyəsi digər qruplara nisbətən yüksəkdir.
18 nömrəli Bakı Peşə Liseyinin pedaqoji kollektivi peşə
təhsili sistemində aparılan islahatlarda daha aktiv
iştirak etmək, Nazirlər Kabineti və Təhsil Nazirliyi
tərəfindən müəyyənləşdirilmiş strateji istiqamətlər üzrə
fəaliyyəti düzgün tənzimləmək, müasir tələblər
baxımından həyata keçirilməsi zəruri hesab edilən
fəaliyyətin keyfiyyətini artırmaq məqsədilə 2012-2013-cü
tədris ilini "Məzmun təminatı ili" elan etmişdir.
Lisey rəhbərliyi "Məzmun təminatı ili"nin
müvəffəqiyyətlə həyata keçirilməsi üçün əsas strateji
istiqamətlərin təsnifatını hazırlamış və pedaqoji
kollektiv tədris ilində məzmun təminatını bu təsnifata
uyğun olaraq həyata keçirmişdir.
İrəli sürülmüş müddəalara diqqət yetirdikdə məsuliyyətlə
demək olar ki, müddəalar tamamilə yerinə yetirilmişdir.
Liseydə məzmun təminatı ilinin elan olunması tədris
prosesində məzmunun yeniləşdirilməsinə diqqəti xeyli
artırmış oldu. 2011-2012-ci tədris ilində əldə olunmuş
nəticəni nəzərə alaraq liseyin pedaqoji kollektivi
2012-2013-cü tədris ilində I kurs 83 nömrəli
(avtomobillərin təmiri üzrə çilingər) və 88 nömrəli
(kompüter operatoru) qruplarda da biliyin
qiymətləndirilməsinin yeni mexanizminin tətbiq olunması
haqqında qərar qəbul etdi. Beləliklə, liseyin 4 qrupunda
yeni qiymətləndirmə metodu tətbiq olunmağa başladı.
Yeni qiymətləndirmə mexanizminin tətbiq olunduğu
qruplarda dərslər yeni üsulla - interaktiv təlim
metodundan istifadə etməklə aparılır. İnteraktiv təlim
metodu tələbənin passivliyinin aradan qaldırılmasında
(qiymətləndirmə test üsulu ilə həyata keçirilmişdir),
təfəkkürün inkişafına, yaradıcılığın formalaşmasına
şərait yaradır. İndi artıq tələbələrimiz təlim
materiallarını mənimsəməklə yanaşı ümumiləşdirmə
aparmağı, nəticə çıxarmağı bacarırlar. Summativ
qiymətləndirmə əsasən test üsulu ilə həyata
keçirilmişdir, eyni zamanda təsadüfi bal toplamanın
qarşısını almaq üçün müəllimlər tədris ilinin II yarım
ilində tapşırıqların yerinə yetirilməsində bilet,
konkret sual tapşırıqlarından da istifadə etmişlər.
"Məzmun təminatı ili" elan olunması nəticəsində pedaqoji
kollektivin fəallığı tədris prosesində özünü göstərməyə
başladı. İlk növbədə müəllimlərin dərsə münasibəti və
bununla yanaşı dərs planlarında dəyişiklik, interaktiv
təlim metodunun tətbiq edilməsi, tədrisin nəticəyönümlü
istiqamətdə aparılmasına şərait yaratdı. 2012-2013-cü
tədris ilinin sonunda eksperiment (I kurs - 83, 88
saylı) və II - kurs 69 və 73 saylı) qruplarda
tələbələrinin illik qiymətləndirilməsi yoxlama test
imtahanları nəticəsində müəyyənləşdirilmişdir ki, bu da
məzmunun yeniləşdirilməsi istiqamətində aparılan işin
nəticəsi kimi qiymətləndirilə bilər. Beləliklə,
2012-2013-cü tədris ilinin sonunda aparılan analizin
nəticəsi göstərdi ki, hər 4 qrupda mənimsəmənin
səviyyəsi digər qruplara nisbətən yüksəkdir. Son
nəticələr göstərdi ki, bu prosesin liseydə həyata
keçirilməsi mənimsəmə səviyyəsinin yüksəlməsinə birbaşa
müsbət təsir göstərir. Müəllimlər də bu prosesi həm
bəyənir, həm də qeyd edirlər ki, tələbələrin dərslərə
məsuliyyəti xeyli artıb. Ardıcıl şəkildə həyata
keçirilən metodiki işlər nəticəsində metodkomissiyanın
üzvləri hazırda nəinki eksperiment tədris qruplarında
yeni qiymətləndirmə mexanizminin tətbiqinə, həm də həmin
tədris qruplarında tədrisin kurikulumla həyata
keçirilməsinə nail olmuşlar. Bu istiqamətdə əsas yeri
interaktiv təlim metodunun tədrisə tətbiqi tutur.
Kurikulum modelinin tətbiq olunduğu qruplarda tədrisin
keyfiyyəti digər qruplardakından daha üstün olduğundan
bu qruplarda tələbələrin mənimsəmə səviyyəsi də
yüksəkdir. Tədris ilinin I yarımilinin nəticələri də
bizə bu qənaətə gəlməyə əsas verir. Tədris ilinin I
yarımilinin ümumi nəticələrində, eləcə də I yarımilin
sonunda keçirilən "Böyük summativ "qiymətləndirmənin
nəticələrinə görə kurikulum tətbiq olunan tədris
qruplarında nəticələr daha yüksək olmuşdur, deməli
tədrisin keyfiyyəti və təhsilalanların mənimsəmə
səviyyəsi müsbət qiymətləndirilə bilər.
Bütün bunlar, yəni əldə olunan müsbət nəticələr imkan
verdi ki, 2013-2014-cü tədris ilində liseyin 2 yeni
qrupunda da ümumtəhsil pilləsinin dövlət standartları
və proqramları, "Təhsil islahatları və ilk peşə-ixtisas
təhsili" kurikulumu eksperiment qaydada tətbiq olunsun.
Pedaqoji şuranın 16.09.2013-cü il tarixli iclasının
qərarına əsasən I kurs 100 saylı (aşpaz) və 102 saylı
(kompüter operatoru) qruplarında kurikulumun tətbiqi
mütəşəkkilliklə qəbul olundu. Beləliklə, liseyin 6
qrupunda dərslər müasir kurikulum islahatları əsasında
aparıldı.
Gözlənilən müsbət nəticələr özünü büruzə verdi.
Məsələn: "Böyük summativ" qiymətləndirmənin nəticələrinə
görə 69 saylı qrupda "4" və "5" qiymət alanlar 41%, 73
saylı qrupda 64%, 83 saylı qrupda 50%, 88 saylı qrupda
40%, 100 saylı qrupda 45%, 102 saylı qrupda 53%
olmuşdur. Bu nəticələr fənlər ənənəvi metodla tədris
olunan qrupların göstəricilərindən daha yüksəkdir.
Liseydə buraxılış qruplarında bir növ hazırlığın
səviyyəsini bilmək məqsədilə fevral ayında
mərkəzləşdirilmiş imtahan - özünüqiymətləndirmə həyata
keçirilməsi nəzərdə tutulmuşdur. 8 ümumtəhsil fənləri
üzrə həm Azərbaycan, həm də rus dilində imtahan
testləri hazırlanmışdır. 2014-cü il fevral ayının 24-də
2013-2014-cü tədris ilinin buraxılış (III kurs - 66, 67,
68, 69, 70, 71, 72 və 73 saylı qruplar) qruplarında 8
ümumtəhsil fənni üzrə yoxlama test imtahanları
keçirilmişdir. Yüksək nəticələr yenə də kurikulumun
tətbiq olunduğu 73 saylı qrupda olmuşdur. Bu qrupda
"4" və "5"qiymət alanlar 56% təşkil etmişdir. 1 nəfər
tələbə istisna olmaqla qrupun bütün təhsilalanları
müsbət qiymət almışdır. Belə nəticə çıxır ki, 18 nömrəli
Bakı Peşə Liseyində eksperiment qaydada həyata
keçirilən yeni qiymətləndirmə mexanizmi baş tutdu və
pedaqoji kollektiv qarşıya qoyulan məqsədə nail oldu.
Beləliklə, biz müəllimlər kurikuluma istinad etməklə
təhsilə ayrı-ayrı fənlərin öyrədilməsi kimi deyil, XXI
əsrin tələb etdiyi həyati bacarıqların inkişaf
etdirilməsi prosesi kimi baxmalı, təhsilalanları həyat
boyu öyrənməyə hazırlamalıyıq.
Kərim QULİYEV,
18 nömrəli Bakı Peşə Liseyinin dərs hissə müdiri
|