Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

"Dövlət Proqramı ilə təhsil aldığımız üçün başqa ölkələrdən olan tələbələr bizə həsədlə baxırlar"

 

Kanadanın Toronto Universitetində təhsil alan azərbaycanlı tələbə Mahirə Səfərəlizadə ilə söhbət

Mahirə Mayis qızı Səfərəlizadə  1995-ci il  noyabrın 20-də Lənkəran rayonunun Gərmütük qəsəbəsində anadan olub. VII  sinfə qədər Bakının 70, 133 və 158  nömrəli tam orta məktəblərində təhsil alıb.  2007-ci ildə anasının təkidi  ilə  Bakı Dövlət Universitetinin nəzdində yenicə açılmış  "Gənc istedadlar" liseyinə imtahan verib və VII sinfə qəbul olunub. 2013-cü ildə "Gənc istedadlar" liseyini qızıl medalla bitirərək  Kanadanın Toronto Universitetinə daxil olub.   Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Toronto Universitetində fiziologiya və immunologiya ixtisası üzrə  bakalavr təhsili alır,  II  kurs tələbəsidir. Bu günlərdə "Gənc istedadlar" liseyində keçirilmiş "Son zəng" mərasimində iştirak edən Mahirə Səfərəlizadə rubrikamızın qonağıdır.  

- Mahirə xanım, orta məktəb illərində daha çox hansı fənlərə üstünlük verirdiniz?

- Qeyd edim ki,  bir sıra məktəblərdə təhsil almışam və tədris fənlərində biliklərimin bazasına görə  II  sinifdən VII  sinfə qədər təhsil aldığım Yasamal rayonundakı 158  nömrəli tam orta məktəbə borcluyam. Qazandığım uğurlara görə isə "Gənc istedadlar" liseyinə minnətdaram. Liseyə qəbul olduğum VII sinifdən etibarən rayon olimpiadaları, liseydaxili müxtəlif fənlər üzrə yarışlarda iştirak etmişəm. "Kiçik akademiya"da  BDU-nun professoru Vaqif Salmanovla işlədiyim "Lazerlər" layihəsi və s. məni yarışlar, olimpiadalardan xəbərdar etdi və öz üzərimdə daha həvəslə çalışmağıma səbəb oldu. İlk uğurum 2010-cu ildə "İntellekt marafonu-2010" müsabiqəsində "Yaddaşın dəqiqliyi" nominasiyasını qazanmağım oldu. Elə həmin il,  yəni X  sinifdə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində keçirilən  yarışmada riyaziyyat fənni üzrə II  dərəcəli diploma layiq görüldüm. Ümumiyyətlə, məktəb illərində ən çox sevdiyim fənn riyaziyyat olub, anamın riyaziyyatçı olmasının  bu uğurlarımda öz yeri var. 2012-ci ildə Bakı Slavyan Universitetində keçirilən "Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında" şagird-tələbə elmi konfransında  I dərəcəli diploma layiq görülmüşəm. Ən böyük uğurum isə 2012-ci ildə respublikada keçirilən "Sabahın alimləri" müsabiqəsində kimya kateqoriyasında I  yeri tutaraq ABŞ-ın Pittsburq şəhərində keçirilən Intel Isef (Beynəlxalq Elm və Mühəndislik sərgisi) müsabiqəsinin iştirakçısı olmağım olub.

- Uğurlarınız daha çox riyaziyyat sahəsində olub.  Bəs necə oldu ki, tibb sahəsini seçdiniz? 

-  Tibb sahəsini seçmək qərarına  X  sinifdə gəldim.  Həkim olmaq  çoxdankı arzum idi.  Ancaq biologiyanı heç sevmədiyimdən IV ixtisas qrupunu seçmək istəmirdim.  Hər zaman riyaziyyata həvəsim daha böyük olub və müəllimlərim də riyaziyyatçı olmağımı, I  ixtisas qrupunu seçməyimi dəstəkləyib. Amma valideynlərimlə məsləhətləşdikdə onların "Həvəsin olan fənlərə görə deyil, sevdiyin ixtisaslara görə qrup seç" deməsi məni IV qrupa yönləndirdi.

-  Siz bir çox müsabiqə və yarışların qalibi olmusunuz. Ümumiyyətlə,  müxtəlif bilik olimpiadalarının həyatınızda rolunu necə qiymətləndirirsiniz?

- Düşünürəm ki,  kiçik  müsabiqələr, siniflərarası yarışlar məktəb illərində çox vacibdir. Bu yarışların hər biri məndə inkişaf ruhunu və aktivliyi artırır. Məsələn, liseyimizin "Kiçik akademiya"sında maraq üçün işlədiyim "Lazerlər" layihəsi olmasaydı, yəqin ki, mənim "Sabahın alimləri" yarışına qatılmağa marağım olmayacaqdı və mən heç vaxt Intel ISEF kimi dünyanın ən məşhur elm yarışına ilk dəfə qatılan Azərbaycan komandasının üzvü olmaq şansı əldə etməyəcəkdim. "Sabahın alimləri" yarışı üçün layihəni BDU-nun yüksək molekullu birləşmələr kafedrasında Abdulseyid Əzizovun rəhbərliyi ilə İradə Bünyadzadə və Rasim Alosmanovla birgə işləmişəm. Bu cür müəllimləri tanımağım, onların məsləhətlərindən və laboratoriya təcrübələrindən yararlanmağım mənə universitet həyatımın I ilində çox köməyi  oldu. Ümumiyyətlə, getdiyim heç bir tədbir, yarış və olimpiada boşa getməyib, hər birində xarici və yerli iştirakçılarla söhbət vaxtı öyrəndiklərim nə vaxtsa,  xüsusən qəbul imtahanı, I  kurs və bəzən gündəlik müzakirələrdə mənə lazım olub.

Böyütmək üçün şəkili seçin-  Xaricdə təhsil almağa necə qərar verdiniz?

- Xaricdə təhsil almaq qərarım tibb sahəsini seçməyimlə birgə oldu.  Ən azından rezidenturanı xaricdə oxumalı olduğumu düşünürdüm. Çünki mənim fikrimcə, dünyanın müxtəlif ölkələrinin praktikasından, insanlarının yaşayış tərzindən və s. xəbərdar olmaq istər adi bir insanın, istərsə də həkimin hər hansı bir problemə və xəstəliyə baxış bucağını genişləndirir. Bəxtim onda gətirmişdi ki, mən Dövlət Proqramından xəbərdar idim, çünki qardaşım Aqil məndən 2 il öncə Dövlət Proqramı çərçivəsində Toronto Universitetinin kimya mühəndisliyi ixtisasında təhsil almaq hüququ qazanmışdı. Qardaşımın tam şəffaf seçimlə bu proqrama qəbul olması məni ruhlandıran əsas faktorlardan idi. Proqramın bütün kriteriyalar üzrə tələblərini ödədiyim üçün qəbul olacağıma çox əmin idim, lakin müsahibə mərhələsinin seçim prosesinə əlavə olunması məni bir az qorxudurdu. Amma deyim ki, müsahibə çox rahat və səmimi bir söhbət kimi keçdi, hətta yadımdadır,   IV ixtisas qrupuna qəbul imtahanından bir  gün qabaq oldu və mən müsahibədən çıxanda yüksək bal yığmaq üçün daha da ruhlanmışdım.

- Təhsilimizin inkişafı ilə bağlı nə deyə bilərsiniz? 

- Azərbayanda ali məktəb təhsili, Təhsil Nazirliyinin hazırkı işləri, mənim fikrimcə, yüksək tərifə layiqdir və təhsilimiz müasirləşir. Məsələn, artıq SABAH qruplarının yaradılması, İKT baxımından məktəblərdə çox irəliləyişlərin olması, müəllimlərin sınaq qiymətləndirilməsi və s. kimi yeniliklər inkişafdan xəbər verir.

- Tələbə həyatınız, asudə vaxtınız necə keçir?

- Tələbə həyatım maraqlı, amma çox çətin keçir. Qardaşımla eyni evdə qalmağıma baxmayaraq, bütövlükdə ailəmdən ayrı qalmaq heç də asan deyil. Amma, necə deyərlər, elm asan əldə olunmur. Əvvəllər çox çətin olsa da, vaxt keçdikcə təhsilimin öhdəsindən gələ bildiyimi gördüm və bu məni sevindirir. Xarici tələbələrlə söhbət edərkən isə elmi yenilikləri, onların planlarını eşidirəm və bu da məni həvəsləndirir. Xarici tələbələrdən ölkələrinin tarixini və mədəniyyətini öyrənməyim tələbə həyatımın ayrılmaz hissəsinə çevrilib. Tədris ilində asudə vaxtım elə də çox olmur, olan kimi şəhərin parklarına, Ontario gölunə və xüsusilə də muzeylərə gedirəm. Muzeyləri o qədər çoxdur ki, Toronto şəhəri mənim yadımda muzeylər şəhəri kimi qalıb. Yayda asudə vaxtımı isə ailəmlə gəzməklə, İnternetdən maraqlı məlumatlar oxumaqla, bəzən yaxşı məqalələri tərcümə edib sosial şəbəkələrdə dostlarımla paylaşmaqla, bədii əsərlər oxumaqla və ən maraqlısı, alman dilini öyrənməklə keçirirəm. Qeyd etdiyim kimi, Torontoda yerlilər çox azdır, əsasən gəlmələrdir. Xüsusən tələbələr arasında Kanadada doğulub böyümüş tələbələrə az-az rast gəlinir. Universitet xüsusi çətinliyi ilə seçildiyi üçün yerlilər buranı seçmir. Yəni, çoxmillətli bir universitetdə oxuduğum üçün, ümumiyyətlə, yerli və əcnəbi anlayışı yoxdur. Yalnız avropalı, asiyalı, afrikalı və s. anlayışlar var ki, onların da hamısına münasibət eynidir.

- Azərbaycan diasporası ilə əlaqələriniz. Ölkəmizi, mədəniyyətimizi uzaq ölkədə təmsil edə bilirsinizmi? Kanadada Azərbaycana münasibət necədir?

- Torontoda 67 azərbaycanlı tələbə təhsil alır və bizim münasibətlərimiz çox yaxşıdır. Bir-birimizə dayaq olmağa çalışırıq. Müstəqillik günü, Novruz bayramı, Respublika günü kimi bayramlarda yığışıb bu əlamətdar günləri birlikdə  qeyd edirik. Həmçinin 20 Yanvar faciəsinin, Xocalı soyqırımının ildönümündə də diaspora ilə birlikdə oluruq. Xarici dostlarımızın bəziləri bu tədbirlərdə iştirak etdiyindən artıq onların bir çoxunun ölkəmizin tarixi  və mədəniyyətimizdən xəbərləri var. Təsadüfi deyil ki, 5 illik mübarizədən sonra, nəhayət, Toronto şəhərində Xocalı faciəsinə dair memorial qoyuldu. Eyni zamanda qondarma "erməni soyqırımı"na memorial qoyulmasının da qarşısı alındı. Bunların hamısında birlikdə keçirdiyimiz aksiyaların öz rolu olub.  Qeyd edim ki, artıq Azərbaycanı Kanadada çoxları tanıyır. Əcnəbi dostlarımın Azərbaycanda həyata keçirilən xaricdə təhsillə bağlı Dövlət Proqramına  böyük rəğbəti var. Dövlət Proqramı ilə təhsil aldığımız üçün başqa ölkələrdən olan tələbələr bizə həsədlə baxırlar.

-  Xaricdə təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz?

- Artıq qeyd etdiyim kimi, dünyanın nüfuzlu universitetlərində təhsil praktika baxımından çox üstündür. Məsələn, laboratoriya dərslərində tələbələrə tam sərbəstlik verilir ki, bu da müstəqil işləməyi öyrədir. Bundan əlavə, müxtəlif ölkələrdən olan tələbələrlə münasibət qurmaq sosiallığı və tolerantlığı öyrədir. Bir deyim var ki, öz dəyərlərini müdafiə etmək və qarşındakının xətrinə dəyməmək arasında keçən xətti tapmaq çox çətindir. Mənə elə gəlir ki, xaricdə, xüsusilə də Kanada kimi çoxmillətli bir yerdə təhsil insana o xətti tapmağı öyrədir, bu da gələcəkdə müxtəlif əqidəli, mədəniyyətli insanlarla əlaqədə olmağı asanlaşdırır.

- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə...

- Toronto Universiteti Kanadanın Ontario ştatının Toronto şəhərində yerləşir. Kanadanın ən yaxşı universiteti hesab olunur, dünya üzrə isə 13-cü yerdədir. Dərs proqramının sıxlığı və ağırlığı ilə seçilir. Tədris ili cəmi 8 aydır və material da çoxdur, ona görə dərs ili ağır keçir. 1827-ci ildə yaradılıb və bu qədimlik həm binaların dizaynında, həm də kitabxanaların elmi məqalə bazalarında özünü göstərir. Tibb ixtisası Torontoda ən çox rəqabətlı olan və çətin ixtisas hesab olunur. Qaydalara görə tibb təhsilinə birbaşa başlamaq olmaz, bunun üçün əvvəlcə hər hansı bir təbiət elminə aid ixtisası oxuyub bitirmək lazımdır. Daha sonra isə MCAT imtahanında balınız, oxuduğunuz illərdə bal ortalamanız və yaydakı könüllü hospital, laboratoriya və sosial fəaliyyətlərdə aktivliyiniz nəzərə alınaraq tibbə qəbul olunursuz.  Qəbul prosesinin ötən illərki statistikasına görə, sənəd verən hər 10000 tələbədən yalnız biri tibbə keçid hüququnu qazanıb. Hazırda mən tibbə qədərki ixtisas olaraq fiziologiya və immunologiya ixtisasını seçmişəm. Tibb təhsilimi davam etdirmək hüququ alacağıma inanıram, amma bunun Kanadada, yoxsa başqa bir ölkədə olacağına hələ ki, qərar verməmişəm. Amma mən tibb təhsilimi  Kanadadan daha çox Almaniyada davam etdirmək istəyərdim, çünki fərqli ölkələrdə təhsil almağın daha faydalı olduğunu düşünürəm.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? Hansı maraqlı məqamları qeyd edə bilərsiniz?

- Oxuduğum universitetdə bu, sırf tələbədən asılıdır. Müəllim tələbəni heç tanımaya da bilər, tələbəylə dost da ola bilər. Ümumiyyətlə, müəllimin tələbəylə mühazirə oxumaqdan başqa heç bir əlaqəsi yoxdur. Mühazirələrə qatılıb-qatılmamaq tələbənin öz seçimidir, qayıb məsələsi və bizdəki kimi seminar məşğələləri olmadığından, müəllimin tələbəni heç tanımaması  normal bir haldır. Lakin mən professorlarla yaxın ünsiyyəti daha üstün tuturam. Professorların ofis saatları olur və mühazirədə  anlamadığımız hər bir şeyi istər dərsdə,  istərsə də fərdi şəkildə ofis saatlarında soruşmaq hüququmuz var. Qeyd edim ki, professorlar ofis saatlarında çox səmimi və mehriban olurlar, işlərin necə getdiyi ilə maraqlanırlar. Mühazirələrdə də zarafatcıl və şən olmalarına baxmayaraq, onların ofis saatları xüsusən maraqlı keçir.  Küçədə  professorla qarşılaşmağın isə öz maraqlı anları var.  Onları ya velosiped sürərkən, ya da sürətlə yeriyərkən görmək olar, çox sadə və işgüzar görkəmləri olur. Salamlaşdıqda isə məmnuniyyətlə söhbətə başlayırlar.

- Universitetdə imtahan sessiyası necə təşkil olunur?

- Bir dərs ili iki semestrə bölünür. Hər semestrin axırında final imtahanları olur. Final imtahanına qədər isə dərsdən asılı olaraq 1 və ya 2 yarımfinal imtahanı olur. İmtahanların quruluşu da fənlərdən asılı olaraq dəyişir. İmtahanlar bəzi fənlər üzrə  test üsulu ilə, bəzilərində yarı test və yarı açıq sual üsulu ilə, bəzi fənlərdə isə inşa və ya layihə üsulu ilə olur. Deyim ki, imtahanlar güclü məntiq və analiz tələb edir, çünki suallar orijinallığı ilə seçilir.

- Seçdiyiniz ixtisas Azərbaycan üçün nə dərəcədə önəmlidir?

- Hazırda oxuduğum immunologiya  Azərbaycan üçün yeni sahədir. Təzəcə inkişafa  başlayıb. Azərbaycanda bu işin çox az mütəxəssisi var   və ehtiyac böyükdür. Düşünürəm ki,   immunoloq kimi  ölkəmə böyük xeyir verə bilərəm, amma arzum həkim olmaqdır və təhsilimi davam etdirməyi düşünürəm. Həm immunoloq, həm həkim olaraq millətimizə çox yararlı ola biləcəyimi düşünürəm. İmmunoloq olaraq insanların xəstəliklərinin qarşısını almaq, xəstələndikləri təqdirdə isə həkim olaraq müalicə etmək çox gözəl səslənir. Bu arzumu reallaşdıra biləcəyimə inanıram.

- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız? Sizcə təhsildə uğur əldə etməyin sirri nədədir?

- Artıq qeyd etdiyim kimi, mən müxtəlif ölkələrdə təhsil almağın tam tərəfdarıyam. Amma burada bir problemi qeyd edim ki, bəzi gənclər necə olursa-olsun "xaric olsun" ideyası ilə yaşayır ki, mən bunu dəstəkləmirəm. Uğurun sirri ada, diploma, ixtisasın məşhurluğuna görə deyil, istəyə, marağa görə oxumaqdır və mütəxəssis olmaq üçün çalışmaqdan zövq almaqdır. İnternetin, kütləvi materialların olduğu bir dövrdə istər Vətəndə, istərsə də xaricdə peşəkar olmaq mümkündür.

-Gələcək planlarınız ?

- Planlarım çoxdur, amma hamısının əsasında cəmiyyətə yararlı bir mütəxəssis olmaq durur. Hələ ki, əsas fikrim fiziologiya və immunologiya ixtisasına mükəmməl yiyələnib tibb ixtisasına qəbul olmaqdır. Həkim olduqdan sonra isə Azərbaycana qayıtmağı, burada insanlara vicdanla xidmət etməyi düşünürəm.

- Biz də sizə təhsilinizdə yeni-yeni uğurlar diləyir,  Azərbaycan təhsili və elmi naminə yeni zirvələr fəth etməyi arzulayırıq.   

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov